Onlayn ictimai-siyasi qəzet
Ermənistanda “siyasi-ideoloji müharibə” yeni və daha amansız mərhələyə keçməyə başlayıb. Bu ölkədə son baş verənlər daxili siyasət məkanında yeni gərginliyin başlanğıcı hesab olunur. Hüquq-mühafizə orqanlarının yepiskop Mkrtıç Proşyan da daxil olmaqla, altı keşişi saxlaması təkcə hüquqi hadisə deyil. Yəni, bu, Ermənistan daxilində “hakimiyyət-kilsə qarşıdurmasının” yeni mərhələsidir. Rəsmi qurumlar hələlik ittihamların mahiyyətini açıqlamayıb. Ancaq bu hadisə artıq həm ölkə daxilində, həm də beynəlxalq müşahidəçilər arasında ciddi rezonans doğurub.
Onu da qeyd etmək lazımdır ki, Erməni Apostol Kilsəsi tarixən ermənilərin siyasi-ideoloji mərkəzi rolunu oynayıb. Erməni kilsəsi həm də Ermənistan cəmiyyətinin Rusiya ilə əlaqələrinin ən önəmli siyasi-ideoloji dayaqlarından biridir. Çar Rusiyası dövründən başlayaraq, erməni kilsəsi Rusiya ilə sıx siyasi koordinasiyada fəaliyyət göstərib. Keçmiş SSRİ dövründə bu əlaqə siyasi-ideoloji baxımdan, nisbətən zəifləsə də, postsovet mərhələsində yenidən canlanıb. Baş nazir Nikol Paşinyanın 2018-ci ildə “məxməri inqilab”la hakimiyyətə gəlişindən sonra bu tarixi balans dəyişməyə başlayıb. Qərbyönümlü islahatlar kursuna keçid, Rusiya ilə münasibətlərdəki gərginlik və Ermənistanın Avropa institutlarına yaxınlaşma cəhdləri erməni kilsəsini Paşinyan hakimiyyətinin əsas düşmənləri sırasına yerləşdirib.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinin tərəfdarları erməni keşişlərin həbslərini “dövlət təhlükəsizliyinə yönəlmiş qaçılmaz addımlar” kimi təqdim edirlər. Onlara görə, erməni kilsəsi daxilində illərdir ki, Rusiyanın təsir dairəsində fəaliyyət göstərən “siyasi-ideoloji və maliyyə agenturası” mövcuddur. Bu agentura şəbəkəsi Paşinyan hakimiyyətinə qarşı narazılıq ocaqları formalaşdırmaqla, həm ölkədaxili sabitliyi, həm də Ermənistanın Qərbə inteqrasiya siyasətini sabotaj edir. Bu iddialara qarşı erməni kilsəsinin tərəfdarları və müstəqil ekspertlər son hadisələri “siyasi repressiya” kimi dəyərləndirirlər. Onların fikrincə, Paşinyan hakimiyyəti erməni kilsəsini susdurmaqla, ölkədə alternativ siyasi-ideoloji dayaqları zəiflətmək və seçki prosesi üzərində tam nəzarəti təmin etmək istəyir.
Ermənistanın sabiq ombudsmanı Larisa Alaverdyanın fikrincə, “erməni kilsəsi xalqın sonuncu dayağıdır və bu dayağın sarsıdılması milli təhlükəsizliyə zərbədir”. Tarixçi Vardan Xaçatryan isə prosesləri “dini repressiyalar” adlandırır və onların davamının gələcəyini istisna etmir. Vardan Xaçatryanın iddiasına görə, bu repressiyalarda “Ankara və Bakının dolayı maraqları” mövcuddur, yəni, guya erməni kilsəsinin zəifləməsi regionda “Böyük Turan” ideyasına uyğun geopolitik vəziyyət yarada bilər. Bu arqumentlər, təbii ki, daha çox ölkədaxili siyasi ritorikanın tərkib hissəsidir. Ancaq əsl reallıqda Ermənistanın Qərbə inteqrasiya xəttinə qarşı Rusiya tərəfindən dəstəklənən siyasi-ideoloji təzyiqlərin mövcud olması artıq qətiyyən gizli məsələ deyil.
Maraqlıdır ki, bütün bu hadisələr məhz Vaşinqtonda keçirilən və ABŞ prezidenti Donald Trampın iştirakı ilə əldə olunan Azərbaycan-Ermənistan razılaşmalarından sonra baş verir. Prezident İlham Əliyevin “TRİPP layihəsi bütün bölgə üçün faydalı olacaq” bəyanatı bu prosesin regional əhəmiyyətini qabarıq şəkildə göstərir. Ermənistanın bu layihəyə qoşulması Paşinyan hakimiyyəti üçün həm siyasi-diplomatik, həm də maliyyə-iqtisadi uğur kimi görünür. Ancaq Rusiya üçün bu, geostrateji və geopolitik məğlubiyyət deməkdir. Belə bir şəraitdə erməni kilsəsinin, yəni Rusiyaya bağlı siyasi-ideoloji mərkəzin zəiflədilməsi Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya planının tərkib hissəsi kimi də qəbul oluna bilər.
Ona görə də, Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca, ölkədaxili siyasi-ictimai gərginlik də artır. Müxalifət – yəni, “erməni trio”su (erməni kilsəsi, oliqarxiya, radikal-revanşist düşərgə) Paşinyan hakimiyyətinə qarşı ortaq fəaliyyət mexanizmləri yaratmağa çalışır. Bu düşərgənin əsas dayaqları hələ də Rusiyanın informasiya və maliyyə təsir zonasında fəaliyyət göstərir. Paşinyan hakimiyyəti isə Qərbin siyasi dəstəyinə və anti-olqarx kursuna güvənir. Erməni keşişlərin həbsi bu baxımdan, həm ölkədaxili, həm də xarici auditoriyaya yönəlmiş açıq mesajdır. Paşinyan hakimiyyəti Ermənistanın artıq Kremlin siyasi-ideoloji nəzarətini daha qəbul etmək istəmədiyini biruzə verir.
Göründüyü kimi, Ermənistanda hazırda baş verənlər sadəcə, hüquqi əməliyyat deyil, yəni əslində, “siyasi-ideoloji müharibə”nin yeni mərhələsidir. Paşinyan hakimiyyəti üçün bu, “köhnə sistemin dayaqlarını” sarsıtmaq, erməni kilsəsi üçün isə “ənənəvi siyasi-ideoloji xətti” qorumaq uğrunda həlledici mübarizədir. Geopolitik məkanda bu qarşıdurma Qərb və Rusiya arasında Ermənistan uğrunda “yumşaq güc” müharibəsinin bir istiqamətinə çevrilmiş kimi görünür.
ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan regional razılaşmalar fonunda, erməni kilsəsi Paşinyan hakimiyyətinin Qərbyönümlü xarici siyasət kursunun qarşısında duran ən ciddi ölkədaxili əngəl sayılır. Ona görə də, hazırda erməni kilsəsinə qarşı açılan savaş Paşinyan hakimiyyəti üçün geoploitik simvola çevrilməklə yanaşı, həm də Ermənistanın “Rusiyanın orbitindən çıxmaq” cəhdinin növbəti mərhələsini də ifadə edir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ