Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Rusiya ilə yaxınlaşması artıq açıq-aşkar müşahidə olunmağa başlayıb. Belə ki, hər iki tərəfdən bir-birinə münasibətdə rəğbəti ifadə edən açıqlamalar səsləndirilir. ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə “yaxın münasibətlər” qurduğunu belə, etiraf edib. Məhz həmin “yaxın münasibətlər”in nəticəsidir ki, prezident Volodimir Zelenskini diktator və qeyri-legitim dövlət başçısı elan edən Ağ Ev sahibi Donald Tramp mövzu rusiyalı həmkarı olduğunda belə ifadələri düşünərək, dilə gətirdiyini vurğulayıb. Və bu, ABŞ-Rusiya münasibətlərin hazırda Bayden administrasiyası dönəmində olduğundan tamamilə fərqli istiqamətdə inkişaf etdiyini göstərir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Rusiyanın rəsmi təmsilçiləri arasında görüşlər də son vaxtlar mütəmadi xarakter alıb. Ər-Riyadda keçirilmiş sonuncu görüşün üzərindən çox qısa zaman ötməsinə baxmayaraq, rus və amerikalı diplomatlar bu dəfə Türkiyənin İstanbul şəhərində bir araya gəliblər. ABŞ Dövlət Departamentindən bildirilib ki, bi görüşdə Ukrayna ilə bağlı hər hansı mövzu müzakirə olunmayacaq. Yəni, ABŞ-Rusiya görüşləri artıq ikitərəfli münasibətlərdəki problemlərin aradan qaldırılması mərhələsinə keçid edib. Bu, yaxın gələcəkdə beynəlxalq rəqabət və müttəfiqlik məsələsinə yeni yanaşmanın qaçılmaz ola biləcəyini göstərir.
Belə anlaşılır ki, ABŞ və Rusiya Ukrayna savaşının dayandırılması ilə bağlı əsas prinsipial məsələlər üzərində artıq sövdələşməyə nail olub. İndi Ağ Ev və Kreml sülh sazişinin imzalanmasından sonra ABŞ-Rusiya münasibətlərininin ortaq maraqlara yaxınlaşdırılmasını müzakirə etməyə başlayıblar. Bu istiqamətdə irəliləyişlərə nail olmaq üçün isə ilk növbədə ABŞ və Rusiya arasında diplomatik missiyaların fəaliyyətinin bərpası vacib hesab olunur. Və bu, hər iki tərəfə daha effektiv tərəfdaşlıq imkanları aça bilər.
Əslində, bir çoxlarını təəccübləndirsə belə, ABŞ-Rusiya tərəfdaşlığının yaxın gələcəkdə beynəlxalq reallığa çevrilə biləcəyi artıq qətiyyən istisna deyil. Çünki həm Ağ Evdən, həm də Kremldən verilən mesajlar buna intensiv hazırlıq görüldüyünü təsdiqləyir. Rusiya və Ukrayna arasında sülh sazişinə nail olunmasının əsas prioritetə çevrildiyini qabardan ABŞ prezidenti Donald Trampın davamlı olaraq, Kremli məmnun edən açıqlamalar verməsi isə qətiyyən təsadüfi deyil. Və bu, hər iki tərəfin Ukraynaya talana biləcək sərvət qaynağı olduğunu göstərir.
Məsələ ondadır ki, Ağ Ev sahibi ABŞ-ın Ukraynaya genişmiqyaslı təhlükəsizlik təminatları verməyəcəyini, bu məsələnin Avropa ölkələrinin öhdəsinə buraxılacağını bildirib. Deməli, ABŞ rəsmi Kiyevdən Ukraynanın təbii sərvətlərinin istismar hüququnu tələb edir. Ancaq buna baxmayaraq, Ukraynanın təhlükəsizliyi Ağ Ev üçün elə bir ciddi əhəmiyyət daşımır. Ona görə də, bu məsələni Ukraynanın gələcək taleyinin həll olunmasına yönəlik ABŞ-Rusiya danışıqlarına yaxın buraxılmayan Avropa Birliyinin üzərinə atır. Və bu, o deməkdir ki, Tramp administrasiyasına yalnız Ukraynanın zəngin təbii sərvətləri lazımdır.
Digər tərəfdən, Ağ Ev sahibi ABŞ-ın təhlükəsizlik təminatı vermədiyi Ukraynanın NATO-ya üzvlük şansını da qapadır. Onun fikrincə, Ukrayna artıq NATO-ya üzvlük barədə qətiyyən düşünməməlidir. Ancaq bəzi Avropa ölkələri, o cümlədən Fransa və Böyük Britaniya Ukraynada sülhməramlılar yerləşdirmək qərarı verərsə, ABŞ buna qarşı çıxmayacaq. Çünki Ukraynanın təhlükəsizlik təmanitı ilə bağlı tələblərinin Avropa Birliyinin vasitəsilə həlli ABŞ-ın maraqlarına uyğundur. Və prezident Donald Tramp indi yalnız Ukrayna ilə mineral resurslar üzrə razılaşma çərçivəsində bu ölkəyə xərclənmiş bütün maliyyə vəsaitlərini bir neçə qat gəlirlə geri qaytarılmasının vacibliyi barədə daha məmnuniyyətlə danışır.
Maraqlıdır ki, Ağ Ev sahibi Donald Trampın mesajları məzmun etibarilə Rusiya prezidenti Vladimir Putinin Ukrayna savaşının dayandırılması barədə şərtləri üst-üstə düşür. Çünki Kreml sahibi də Ukraynanın NATO-ya üzvlüyünə və bu ölkəyə ABŞ-ın təhlükəsizlik təminatı verməsinə qarşı çıxır. Üstəlik, ABŞ və Rusiyanın qarşılıqlı investisiyalar barədə anlaşması da onu göstərir ki, hər iki tərəf bərpa edilməkdə olan münasibətlərini məhz maliyyə gəlirlərinin hesablanması üzərində qurmaq barədə sövdələşib.
Təbii ki, bütün bunlar ABŞ-Rusiya yaxınlaşmasının artıq beynəlxalq reallıq olduğunu təsdiqləyir. Üstəlik, bu müəmmalı yaxınlaşmaya paralel olaraq, ABŞ məqsədyönlü şəkildə öz ənənəvi müttəfiqləri ilə münasibətlərini korlamağa çalışır. Belə ki, Ağ Ev Avropa Birliyi ölkələrinə qarşı müəyyyən iqtisadi-ticari məhdudiyyətlər tətbiq etmişdi. Avropa Birliyi isə buna qarşılıq verməyə çalışmışdı. İndi prezident Donald Tramp bundan qıcıqlanıb və ABŞ-ın Avropa Birliyinin "ədalətsiz məhdudiyyətlər”inə cavab olaraq, “qoca qitə”dən idxal edilən mallara 25 faizlik gömrük rüsumu tətbiq edəcəyini bildirib.
Göründüyü kimi, prezident Donald Tramp qlobal məkanda onilliklər boyu ön planda olmuş anlayışları ciddi şəkildə sarsıdıb. Son vaxtlara qədər Qərb siyasi dairələrində “qəhrəman” hesab olunan Ukrayna prezidenti Volodimir Zelenski Ağ Ev sahibinin yeni təqdimatında “diktator” elan edilib. Kollektiv Qərbin müdafiə olunmasını əsas prioritet hesab etdiyi Ukrayna isə ABŞ-ın dəstəyindən məhrum buraxılıb. Və buna əlavə olaraq, Ağ Evin əsas qlobal strateji tərəfdaşı olan Avropa Birliyini də ABŞ-ın beynəlxalq rəqibləri arasında ön sıralara yerləşdirilməkdədir.
Bütün bunların əksinə olaraq, Ukraynanı dağıdıcı savaşa məruz qoyan, ərazilərinin 30 fazinə yaxın hissəsini işğal edən Rusiya Tramp administrasiyası tərəfindən beynəlxalq məkanda reabilitasiya olunur. Üstəlik, bu da azmış kimi, Ağ Ev sahibi Donald Tramp Qərb siyasi dairələri tərəfindən “diktator” hesab olunan Rusiya prezidenti Vladimir Putinə haqq qazandırır, onunla dost olduğuna üstüörtülü eyhamlar vurur. Və ən əsasısa, Tramp administrasiyası dolayısı ilə ABŞ-Avropa Birliyi müttəfiqliyini yaxın gələcəkdə ABŞ-Rusiya strateji tərəfdaşlığı ilə əvəzləmək niyyətində olduğunu biruzə verir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ