İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflis hadisələrindən azərbaycanlılara qarşı istifadə cəhdi

Ekspert: “Ermənilər və onlarla əlaqəsi olan müəyyən dövlət qurumlarının əməkdaşları azərbaycanlıları hədəf alırlar”

Tiflisdə keçirilmiş etiraz aksiyasında saxlanılan Elvin Kərimov etnik zəmində fiziki zorakılıq və təhqirlərə məruz qalıb. Bu  barədə “Çoxmillətli Gürcüstan” təşkilatının bəyanatında bildirilib. Təşkilat bununla bağlı dərin narahatlığını ifadə edib.

Qeyd olunub ki, E.Kərimov təşkilatın keçirdiyi və gənclərin inkişafına həsr olunan proqramlarda, Gürcüstanın ictimai və siyasi həyatında fəal iştirak edir.

Təşkilat Gürcüstanın Daxili İşlər Nazirliyini soydaşımızı və qanunsuz saxlanılan digər şəxsləri dərhal azad etməyə, Xüsusi İstintaq Xidmətini isə qeyd olunan faktı araşdırmağa çağırıb. Gürcüstan ombudsmanından məsələ ilə bağlı ətraflı monitorinqin həyata keçirilməsi xahiş olunub.

Qeyd edək ki, hələ 26 oktyabr seçkilərində də azərbaycanlıları hədəfə çıxarmaq cəhdləri müşahidə olunurdu. Bəllidir ki, Gürcüstanda təxminən 300 min azərbaycanlı yaşayır və soydaşlarımız öz yaşadıqları bölgələrdə yüksək seçici fəallığı nümayiş etdirərək ölkənin ümumi siyasi mənzərəsində mühüm yer tutduqlarını sübut etdilər.  

Gürcüstanda yaşayan azərbaycanlı seçicilər hakim partiyaya səs verməklə, ölkənin sabitliyinin və ənənəvi dəyərlərin qorunmasında mühüm rol oynadılar. Azərbaycanlı seçicilərin hakim partiyaya verdiyi səs onun ümumi səslərinin 7-8 faizini təşkil edirdi və bu, seçkilərdə mühüm çəkiyə malik olduqlarını göstərdi.

Soydaşlarımız ölkədə qərbpərəst siyasətə qarşı çıxaraq, Gürcüstanda sülh və sabitliyi dəstəklədilər. Amma elə o zaman da bəzi radikal dairələr bunu azərbaycanlılara qarşı istifadə etməyə çalışdılar ki, belə görünür ki, bu cəhdlər yenə də davam edir. Qərbin təxribatçı qüvvələri Gürcüstan hakimiyyətinə qarşı “etnik kart”dan istifadə etməyə cəhdlər edirlər.

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda baş verən proseslər əslində bütün istiqamətlərdə Cənubi Qafqaz regionunda olan dövlətləri, o cümlədən regionun aparıcı dövləti olan Azərbaycanı narahat edir: “Əslində bizim mövqeyimiz bəllidir. Azərbaycan Gürcüstanın müstəqil dövlət kimi daxili məsələlərinə xaricdən müdaxilə edilməsinə qarşıdır. Gürcüstanda keçirilən seçkilər, ölkənin qəbul etdiyi qanunlar gürcü xalqının maraqlarına xidmət etməlidir, xarici kənar qüvvələrin maraqlarına deyil. Təbii ki, bu gün Gürcüstanda baş verən hadisələrə Ermənistanın da mövqeyi bəllidir. Ermənistan həmişə Cənubi Qafqazda "su bulandırmaqdan" yana olub, indi də bu cür davranır. Ermənistanın gizli şəkildə Gürcüstandakı mitinqlərə dəstək verdiyi, qızışdırıcılıq etdiyi barədə məlumatlar yayılır. Azərbaycan isə Gürcüstanda keçirilən seçkilərin nəticələrinə, qəbul edilən qərarlara hörmətlə yanaşılmasını istəyir. Nəzərə alaq ki, Gürcüstanda həm çoxlu sayda azərbaycanlı, həm də erməni yaşayır. Cənubi Qafqazın yeganə dövlətidir ki, Ermənistan monoetnik dövlətdir. Gürcüstan dövləti və Azərbaycan isə etnik azlıqlara sayğı ilə yanaşan dövlətlərdir. Azərbaycanlılar Gürcüstan əhalisinin təxminən 10 faizini təşkil edir. Bu çox ciddi  saydır. Seçkilərdə də azərbaycanlıların səsləri ümumi səslərin təxminən 10 faizi edir ki, bu da istənilən seçkinin taleyinə mühüm təsir edən faktorlardandır. 26 oktyabr parlament seçkilərində azərbaycanlıların səslərinin mütləq əksəriyyəti hakim “Gürcü Arzusu” Partiyasına verilmişdi və bu səslər hakim partiyanın qələbəsində əhəmiyyətli rol oynadı. Bu, bir daha azərbaycanlıların Gürcüstanda gedən proseslərə münasibətinin təzahürüdür. Ermənilər isə Qərbin təsiri altında olan siyasi, ictimai təşkilatlara dəstək verdilər və bu gün dəstək verirlər. İstisna deyil ki, məhz ermənilər və onlarla əlaqəsi, yaxınlığı olan müəyyən dövlət qurumları əməkdaşları azərbaycanlıları mövqelərinə görə hədəfə alırlar, öz aləmlərində azərbaycanlıları cəzalandırırlar. Aktiv ictimai fəallığı ilə seçilən, hətta müxalifət mövqeyində olan çox az sayda olan soydaşlarımız qəsdən xüsusi hədəf seçilib. Bu istisna deyil. Ola bilsin ki, Gürcüstanda ən böyük etnik azlıq olan azərbaycanlılarda hakimiyyətə qarşı narazılıq yaratmaq məqsədi güdülür. Həmçinin istisna deyil ki, qarşıdurma vəziyyətini etnik və dövlətlərarası qarşıdurmaya çevirmək niyyəti var. Belədirsə, bu çox məkrli plandır. Gürcüstanın müvafiq hökumət orqanları, hakimiyyəti təcili şəkildə bu məsələni nəzarətə götürməli və məkrli planların qarşısını almaq üçün addımlar atmalıdır. Saxlanılan şəxsi azərbaycanlıdır deyə döyürlərsə, burada məkrli niyyətlərin olduğu görünür. Bu məsələyə ciddi yanaşmaq lazımdır".

Xəyal Bəşirov qeyd etdi ki, Gürcüstanda baş verən hadisələr həm də Avropa İttifaqının, Fransa kimi dövlətlərin regionda 3+3 formatlı əməkdaşlıq platformasının qurulmasının qarşısını almaq üçündür. Çünki bilirlər ki, Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistandan ibarət 3+3 formatı meydana gələrsə, Avropa dövlətləri, xüsusilə Fransa Cənubi Qafqaza istədikləri şəkildə müdaxilə və təsir etmək imkanlarını itirə bilərlər: “Azərbaycan 3+3 formatında maraqlı olan dövlətdir. Çünki Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin, əməkdaşlığın tərəfdarıdır. Gürcüstan hökuməti də əslində bunda maraqlıdır. Ancaq kənar güclər Gürcüstana imkan vermək istəmirlər, Gürcüstanı regionun böyük dövlətlərindən olan Rusiya ilə tamamilə düşmən vəziyyətinə gətirməyə çalışırlar. Proseslərdə azərbaycanlı və rus amilini mənfi formada qabartmaq da bunun üçündür. Azərbaycanlını məhz milli mənsubiyyətinə görə döydürmək, küçələrdə Rusiya bayrağının yandırılmasını təşkil etmək qətiyyən xoş niyyətlərdən, demokratiya uğrunda mübarizədən xəbər vermir. Ancaq məkrli qüvvələrin cəhdləri əbəsdir. Azərbaycanlılarla gürcülər yüz illərdir bir yerdə mehriban şəkildə, dostluq-qardaşlıq şəraitində yaşayıblar və bundan sonra yaşayacaqlar”.      

Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR