İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda “Çərşənbə baba” piri qırğını - İcra, bələdiyyə və “ulu babamındır” deyənlərin DAVASI

Oğuz rayonunun Kərimli kəndi ərazisində yerləşən “Çərşənbə baba” piri üstündə illərdir dava gedir. Pirin sahibi olduğunu deyən tərəflər arasında mübahisələr səngimir. Dövlət idarələri də yaranmış problemin həllinə qoşulub.

Musavat.com xəbər verir ki, kənd qəbiristanlığında olan pirə sahiblik etmək istəyənlər arasında illərdir mübahisələr, məhkəmələr davam edir.

Tərəflər deyir ki, ulu babamızdan qalıb.

Əmir Kərimov bildirir ki, pir mənimdir, Mirsaleh Sadıqov da deyir ki, mənim. Hazırda əsas mübahisəli məsələlərdən biri qəbiristanlıq ərazisində olan tikililərlə bağlıdır.

Əmir Kərimov hazırda Oğuz rayonu Kərimli kənd məscidi dini icmasının sədridir.

Qəbiristanlıqdakı tikililər 2007-ci ildə Əmir Kərimov tərəfindən tikilib. Əmir Kərimov iddia edir ki, tikililərin sənədləri mövcuddur.

Həmin tikililər namaz otağı, qurban kəsilmə yeri və mühafizə otağından ibarətdir. Sonradan həmin əmlaklar bələdiyyənin balansına keçib.

Əmir Kərimovun vəkili bildirir ki, bu problemlərin və şikayətlərin səbəbkarı Mirsaleh Sadıqovdur. Vəkilin dediyinə görə, Əmir Kərimovun tikdirdiyi tikililərin qanunsuz olması ilə bağlı şikayətləri də məhz Mirsaleh Sadıqov edir.

Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətinin mövqeyi belədir ki, qəbiristanlıqdakı tikililərin layihəsi və təyinatı məlum deyil. Həmin tikililər icazəsiz tikilib. İcra hakimiyyəti deyir ki, həmin tikililərdən dini icma “ofis” kimi istifadə edir. Halbuki, dini icma qeydiyyatdan keçmiş məsciddə fəaliyyət göstərilməlidir. Çünki dini icma məscidin tabelyindədir.

Qeyd edək ki, son olaraq Əmir Kərimov özbaşına tikinti işləri apardığına görə inzibati qaydada 800 manat cərimə edilib. Tikililərlə bağlı mübahisələr isə davam edir.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR