İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə qaçıran həmkarımın arxayınlığı

 

O gün 30 nəfərlik jurnalist kollektivi ilə yaxın rayona tura gedirdik, təşkilatçılar tapşırmışdı ki. saat 8-dən etibarən şərtləşdiyimiz yerdə toplaşmağa başlayaq, 9-un yarısı, qarabağlılar demişkən, dəbərək (yəni tərpənək).

Mən özüm deyildiyi vaxtda tərpəniş yerinə gəldim və fikir verdim ki, səfər yoldaşlarımın yarısı gəlib, bir yarısı da yavaş-yavaş gəlir. Yarızarafat-yarıciddi səfər təşkilatlarına dedim ki, yəqin geciklənlər də olacaq. Dedilər, yox, danışmşıq ki, olmasın.

Amma mən gözəl xalqımın yaraşıqlı nümayəndələrinin, şabranlılar demişkən, belənkimic xasiyyətinə bələd olduğum üçün əmin idim ki, ən azı iki nəfər deyilən vaxtda gəlib çıxmayacaq.

Heç ola bilməz, ömür-billah mümkün deyil ki, biz saat 9-da (11-də) keçirməli olduğumuz iclası məhz 9-da (11-də) başlayaq, bir yerə gündüz saat 12-də getməliyiksə, düz 12-də gedək. Belə bir tarixi hadisə Azərbaycan Respublikasının, sovet dövrü də daxil, tarixində olmayıb və əmin edirəm ki, hələ 100 il də olmayacaq (istisnalar qaydanı pozmur).

Düşündüyüm kimi də oldu, səfər yoldaşlarımızın biri danışdığımız vaxtdan 10 dəqiqə sonra, o biri isə 40 dəqiqə gec gəldi. Nəticədə 9-un yarısı çıxmalı olduğumuz yola 10-a işləmiş çıxdıq.

Bu nə dəqiqlikdir, bu, nə punktuallıqdır? Niyə belə olmalıdır, nədən belə edirik?

Hələ yaxşı ki, əksəriyyət vaxtında gəlmişdi, başqa vaxt onlar da gecikərdi, görünür, bir az məsuliyyətli davranmışdılar.

Yadıma düşür ki, 5-6 il qabaq tələbə yoldaşlarımla danışıb razılaşmışdıq ki, mayın 21-də, saat 9-da Gəncədə, “Xan bağı” parkının çayxanasında görüşək. Canıma cəfa verib, saat 5-dən qalxdım, paytaxtdan dəbərdim və deyilən vaxtda, saat 9-da deyilən yerə çatdım. Və oturub Gəncədə yaşayan tələbə yoldaşlarımızın “Xan bağı”na gəlməsini gözlədim. Mən 350 kilometrlik yolu qət edib vaxtında gəlmişdim, onlar ən çoxu 3 kilometrlik yolda gecikirdilər.

Sonra da deyirik, Avropada elə firavanlıq var, belə rifah var, hər işləri sahmanlıdır, rəvandır, avtobuslar gecikmir, qatarlar vaxtında tərpənir və sair və ilaxır.

Onlar ona görə belə bir düzən qura biliblər ki, hər işdə dürüstdürlər, dəqiqdirlər, vaxtlarını boş yerə sərf etmirlər, bir-birlərini saatlarla əbəs yerə gözlətmirlər.

Biz sanki bir yerə vaxtında getməyi özümüzə ar bilirik. Elə düşünürük ki, başqaları bizi gözləməlidir, buna borcludur.

Bir dəfə də bir həmkarımla İstanbuldan qayıdırdıq, hava limanındaydıq, reproduktordan təyyarəmizə miniyin başladığı elan olundu, hansı qapıdan çıxacağımız təkrar edildi. Görürəm ki, həmkarım aeoportun sahibinin oğluymuş və ya təyyarəni sürəcək pilotun özüymüş kimi, arxayın hərəkət edir, “düti-fri”də içkilərə, ətirlərə baxır. Deyirəm, qardaş, gəl tələsək, qapı bağlanacaq, təyyarəmiz uçub gedəcək, qalacağıq aeroportda, bilet dəyişəcəyik, cərimə olunacağıq, qohum-əqrəba narahat olacaq. Deyir, qələt eləyirlər, bizsiz getməzlər, ən azı 2-3 dəfə xəbərdarlıq edəcəklər. Deyirəm, axı niyə etsinlər, burdayıq, eşidirik, gedək, oturaq təyyarəyə, uçaq, gedək də. Hələ dirəşir.

Xüləs, birtəhər razı salıb onu təyyarəyə sarı dartıram və deyirəm, bu arxayınlıqla nə əcəb indiyədək təyyarə qaçırmamısan. Üzümə gülümsər çöhrə ilə baxır və deyir: “Niyə qaçırmamışam? O qədər qaçırmışam ki...”

Təsəvvür edin, adam neçə dəfə bu arxayınlığı, məsuliyyətsizliyi üzündən növbəti reysə qalıb, nə qədər cəriməyə düşüb, hələ də ona dərs olmur ki, vaxt məsələsində dəqiq olmaq lazımdır, təyyarənin pilotu xalamız oğlu deyil, qüllədən əmr gəlibsə, bizsiz qalxacaq göyə.

Bir bizdə deyil, biz gündə olan ölkələrin hamısında belədir. İnsanlar ya kütləvi şəkildə məsuliyyətsizdirlər, ya da bir neçəsinin məsuliyyətsizliyi, qeyri-punktuallığı üzündən vaxtaşırı kütləvi şəkildə problem yaşayırlar.

Ən qəribəsi odur ki, biz başqa ölkədə yaşayanda, başqa cəmiyyətə adaptasiya olunanda belə olmuruq, dəqiq, punktual oluruq. Məsələn, SSRİ dönəmində kosmosa uçuşlara rəhbərlik edən general Kərim Kərimov bizim kimi olsaydı, bəlkə də Qaqarin kosmosa həmin gün yox, başqa gün uçardı. Yaxud Lütfi Zadə öz ölkəmizdə yaşasaydı, nəinki qeyri-səlis məntiq üzrə böyük alim olardı, bəlkə də səlis məntiqlə hərəkət edər, universitetlərin birində qəbula düşən dosent olardı.

Açığına qalsa, bu xasiyyətimiz məni çox rəncidə edir. Bax, budur, gündüz itirdiyimiz zaman kəsiklərinə görə gecənin bir yarısı oturub yazı yazıram. Halbuki yolda vaxt itirməsəydik, bu yazını saat 14-də yazacaqdım, o da hələ başqa mövzuda.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR