Onlayn ictimai-siyasi qəzet
2025-ci il yanvar ayının 1-i tarixinə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin (elektromobillərin) sayı məlum olub. 2024-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd olub. Azərbaycan ötən il xaricdən 121,6 milyon dollarlıq elektromobil alıb. 2023-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 3115-ə çatıb. Xatırladaq ki, ötən il Azərbaycana ümumilikdə 91.8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub.
Musavat.com xəbər verir ki, elektromobillərin və hibrid mühərrikli nəqliyyat vasitələrinin yürüş məsafəsi haqda istehsalçıların məlumatlarının qeyri-dəqiqliyi əsas problemlərdən biridir. İstehsalçılar yürüş məsafəsinin ideal şərtlər üçün keçərli olması barədə istehlakçıları məlumatlandırmırlar. Bu isə istehlakçılar aldadılmasından başqa bir şey deyil. Dünyanın əksər ölkələrində bu məsələ müzakirə mövzusu olduğu bir vaxtda İtaliyanın antiinhisar tənzimləyicisi “Tesla”, “Stellantis” və digər elektrik avtomobil istehsalçılarına qarşı təhqiqata başlayıb.
Tənzimləyici elektrik nəqliyyat vasitələrinin xüsusiyyətləri barədə istehlakçıların məlumatlandırılmasında pozuntulardan şübhələnir. Antiinhisar tənzimləyicisi ədalətsiz kommersiya fəaliyyətlərində şübhəli bilinərək “Tesla” və “Stellantis” də daxil olmaqla dörd böyük elektrik avtomobil istehsalçısı ilə bağlı araşdırmaya başlayıb. Beynəlxalq avtomobil istehsalçılarının İtaliya və Avropa bölmələri ilə bağlı ayrıca yoxlamalar aparılır: “BYD Industria Italia”, “Stellantis Europe”, “Tesla Italy” və “Volkswagen Group Italia”. Təhqiqat istehlakçılara elektrik avtomobillərinin diapazonu, akkumulyatorun deqradasiyası və akkumulyatorun zəmanət məhdudiyyətləri haqqında verilən məlumatlara aiddir. Rəqabət orqanına görə, bu hərəkətlər İtaliyanın istehlakçıların hüquqlarının müdafiəsi qanunlarını “potensial şəkildə pozur”.
“Şirkətlərin internet saytları satdıqları elektrik avtomobillərinin çeşidi haqqında ümumi və bəzən ziddiyyətli məlumatlar təqdim edirdi. Hansı amillərin elan edilmiş maksimum məsafəyə təsir etdiyini və onların faktiki yürüşə nə dərəcədə təsir etdiyini dəqiqləşdirməyib”, - İtaliyanın rəqabət qurumunun bəyanatında deyilir. Bundan əlavə, saytlarda normal istifadə zamanı EV akkumulyatorlarının tutumunun necə pisləşə biləcəyi və ya təklif olunan zəmanətlərin məhdudiyyətləri haqqında “aydın və tam məlumat” yoxdur. Tənzimləyici bildirib ki, İtaliya maliyyə polisi ilə birlikdə hər dörd şirkətdə yoxlamalar həyata keçirib. Elektrikli avtomobil akkumulyatorlarının xidmət müddətinin bir çox amillərdən asılı olması vacibdir. Enerji tutumunun azalması ilə nəticələnən deqradasiya həddindən artıq soyuq hava və qeyri-müntəzəm doldurulma səbəbindən baş verə bilər. Azərbaycanda isə hələlik belə bir təhqiqat aparılmayıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ