İnsanlara hürriyət, millətlərə istiqlal!

Teatrımızın indiki vəziyyəti: tragik, komik, yoxsa...

Afaq Bəşirqızı: “İndi teatr sahəsində atlar ölüb, itlərin bayramıdır”

Son vaxtlar Akademik Milli Dram Teatrının (“Azdrama”) adı yalnız qalmaqallarda hallanır. Bu dəfə teatr görünməmiş dava ilə gündəmə gəldi. Mədəniyyət məbədindən çox, münaqişə məkanını xatırladan “Azdrama” bu dəfə təkcə sözlə deyil, yumruqlarla da silkələndi.

Belə ki, ötən həftə, daha dəqiq desək, aprelin 4-də teatrın tarixində görünməmiş qalmaqal yaşanıb.

Teatrın bir əməkdaşı Musavat.com-a açıqlamasında deyib ki, həmin gün Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib.

İclas zamanı bədii rəhbər Mehriban Ələkbərzadə teatrşünas İlham Rəhimlinin Bədii Şuranın üzvlüyündən çıxarıldığını bəyan edib. Səbəb isə İlham Rəhimlinin teatr və şəxsən bədii rəhbərin ünvanına dediyi sərt tənqidi fikirlər olub.

İddialara görə, İlham Rəhimlinin şuradan çıxarılmasına etiraz edən Xalq artisti Əli Nur və Əməkdar artist Füzuli Hüseynov arasında gərginlik qızışıb. Gərginlik fiziki qarşıdurmaya çevrilib - Əli Nur döyülüb. Hətta onları ayırmağa çalışan Xalq artisti Sabir Məmmədov da zərbələrdən yan keçə bilməyib və bir neçə yumruq da ona dəyib.

Əli Nur: "Bədii Şurada mənim kimi ensklopedik aktyor olmamalıdır?" Yeni  Sabah

Əli Nur

Baş vermiş dava ilə bağlı Xalq artisti, şəhid atası Əli Nur Musavat.com-a açıqlama verərək olanları təkzib edib, əlbəyaxa dava deyil, mübahisə yaşandığını deyib: “Teatr rəsmi açıqlama verib, hər şeyi izah edib. Teatrda heç bir davadan söhbət gedə bilməz. Niyə belə qələmə verirlər, bilmirəm. Ağ yalandır. Teatr dava yeri deyil, yaradıcılıq məkanıdır. Bədii Şuranın iclasında rejissor işi, aktyor oyunu haqqında mübahisə oldu. Yaradıcılıq işində mübahisə həmişə mümkündür. Xahiş edirəm, məni bir də bu məsələ ilə bağlı narahat etməyin. Belə şeyləri şişirtməyin. Teatrımızın uğurları haqqında yazın, biz də oxuyub sevinək”.

Amma yaradıcı insanlar arasında mübahisələr, qovğalar ilk hadisə deyil. Sənət adamlarının həmişə bir-biri ilə intriqası, qalmaqalı, obraz üstündə rəqabəti və mübahisələri olub. Bunun səbəbləri nədən qaynaqlanır? Yəni səbəb sırf qısqanclıqdan, həsəd aparmaqdan irəli gəlir, ya necə? Ümumiyyətlə, bu gün Azərbaycan teatrının vəziyyətini necə dəyələndirmək olar - tragik, komik, tragikomik, yoxsa necə...

Xalq artisti Afaq Bəşirqızı haqqında maraqlı faktlar - FOTO

Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı bu haqda “Yeni Müsavat”a açıqlamasında deyib: “El arasında belə bir söz var: "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma". Əvvəla, tamaşaçıya, sonra isə özünə, tərəf müqabilinə, yəni kollektiv üzvlərinə hörmət etmək vacibdir. Bu hörmət olmayandan sonra heç nə mümkün deyil. Çünki “mənəm-mənəmlik”, “bu teatrda mənəm” yanaşması ilə sənət olmaz. Sənət adamları ilə belə danışmaq, onlarla bu cür rəftar etmək olmaz. Sənət adamları kövrək olur, hər şeyi həddindən artıq qəlblərinə salan insanlar olurlar.

Ola bilər ki, bir aktrisa və ya aktyor səndən ona uyğun olmayan bir rol istəyir. Amma sən bunu ona elə şəkildə izah etməlisən ki, inciməsin. Axı aktyor var-dövlət, qızıl istəmir - o, rol istəyir. Rol uğrunda üsyan edir. Bəlkə də həyatın burulğanında bir saat yarım səhnəyə çıxıb obrazını oynamaqla yaşamağa güc tapır. Ola bilər ki, səhnəyə çıxıb o obrazı canlandıranda tamaşaçının onu alqışa tutması onun qəlbinə xoşbəxtlik gətirir.

Bütün bu məsələləri teatr rəhbərliyi tənzimləməlidir. Yəni aktyora bir şirin söz demək çətindir? “Sən də aktyorsan?” deyib onu incitmək olarmı? Hər şey bir yana, “bizim filan tariximiz artıq dəbdə deyil” demək nə deməkdir? Bu fikri səsləndirən insanlar yalan danışmazlar, çünki onların 18 yaşı yoxdur. Təsəvvür edin, sizə deyirlər ki, “sənin faciən artıq modda deyil”. Mən şəxsən dəli olaram, yerlə-göylə müharibəyə çıxaram.

Bu gün Azərbaycan teatrı elə vəziyyətdədir ki, janrların növü belə tapılmayıb. Mənim yaradıcı insanlara, rejissorlara, aktyorlara yazığım gəlir. Yəni siz başa düşmürsünüz ki, teatr aktyor deməkdir? Az sayda aktyor, cüzi maaşla, sağlamlığını bu yolda qoyaraq səhnəyə çıxır. Nə haqla onların xətrinə dəyir, onları alçaldırlar? Balasını bu vətən yolunda qurban vermiş bir aktyorun xətrinə heç kim dəyməməlidir. Bala itirmiş insanın başı, danışığı dəyişə bilər. Nə ixtiyarla onu incidirsiniz?

Hesab edirəm ki, təsadüfi insanları teatr rəhbərliyinə gətirəndə belə olur. Üstəlik, baş vermiş hadisələrin zərbəsi ilk olaraq aktyorlara dəyir - kövrək, ümidli və az təminatlı insanlara. Bütün bunları anlamaq üçün ilk növbədə insan olmaq lazımdır. O teatrı, kreslonu, kabineti sizin atanız tikib verməyib. Siz orada aktyorları idarə etmək, onların sosial və yaradıcı problemlərini həll etmək üçün əyləşmisiniz.

Çox heyif... Atlar ölüb, itlərin bayramıdır..."

Bu arada xatırladaq ki, Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası, 20 Yanvar şəhidi Aslan Ağaverdiyevin qızı Məsmə Aslanqızı iddia edib ki, teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ona “ 20 Yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil!” sözlərini deyib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR