Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Xantı-Mansı Muxtar Dairəsi (XMAO) Dumasının deputatı, azərbaycanlı diaspor nümayəndəsi Xalid Tağızadə öz çıxışına görə rəsmi şəkildə üzr istəməyə məcbur qalıb.
Ötən ayın 30-da Xanti-Mansi Muxtar Dairəsi Dumasında keçirilən müzakirələr zamanı bir sıra deputatlar dairənin yerli əhalisi arasında doğum səviyyəsinin azalmasından və əvəzində miqrant ailələrində, o cümlədən özbək və tacik mənşəli ailələrdə doğulan uşaqların sayının artmasından narahatlıq ifadə ediblər. Bununla yanaşı, regiona miqrant axınının artması ilə bağlı da ciddi narahatlıqlar səsləndirilib.
Cavab olaraq deputat Tağızadə bildirib ki, “gəlmələr müxtəlif olur”. O xatırladıb ki, vaxtilə Yuqra və Tümen vilayətinin bir hissəsi Sibir xanlığının tərkibində olub və bu xanlığın sonuncu hökmdarı Buxara xanlığından çıxmış, özbək mənşəli Şeybanilər sülaləsinə mənsub Küçüm xan olub. Tağızadə ehtimal edib ki, miqrantlar Xantı-Mansı Muxtar Dairəsinə öz tarixi vətənlərinə gəlirmiş kimi üz tuturlar.
Xantı-Mansı parlamentinin sədri Boris Xoxryakov deputatın sözünü kəsərək onu qaydalara əməl etməyə çağırıb. Buna baxmayaraq, Tağızadənin çıxışı internetə sızıb və geniş ictimai rezonansa səbəb olub. İclasın ertəsi günü Xoxryakov Dumanın etika komissiyasının məsələyə baxacağını və Tağızadənin açıqlamalarına qiymət verəcəyini bildirib.
X.Tağızadənin orta əsrlərdə Sibirdə mövcud olmuş türk xanlığı barədə söylədiyi sözlər o qədər güclü qəzəb və etiraz doğurub ki, artıq ertəsi gün o, “VKontakte” sosial şəbəkəsindəki səhifəsində üzr istəməyə məcbur qalıb. Parlament üzvünün sözlərinə görə, o, sadəcə, belə bir təfsiri ehtimal kimi irəli sürüb və bunu fakt kimi təqdim etməyib.
Tağızadə etiraf edib ki, onun sözləri birmənalı qarşılanmaya bilərdi və buna görə təəssüfünü ifadə edərək bildirib ki, heç kimi təhqir etmək niyyəti olmayıb: “Yuqranın miqrantlar üçün cəlbedici olmasının mümkün səbəbləri barədə fərziyyə irəli sürdüm. Qəti hökm deyil, sadəcə, fərziyyə idi. Təəssüf ki, sözlərim birmənalı qarşılanmadı.
Bunun üçün dərin təəssüf hissi keçirir və üzr istəyirəm,” - deyə Tağızadə qeyd edib. O bəyan edib ki, səsləndirdiyi "özbəklər Yuqraya tarixi vətənlərinə qayıdırlar" ehtimalında “mövcud vəziyyəti obyektiv şəkildə təhlil etmək və regionun çoxmillətli əhalisi arasında birliyi möhkəmləndirməyin yollarını axtarmaq istəyi istisna olmaqla, heç bir başqa məna və ya alt-məna olmayıb”. Tağızadə əlavə edib ki, bu bəyanatı deputat Mixail Selyukovla qubernator müavini Vsevolod Koltsov arasında miqrantlar arasında doğum hallarının sayına dair qızğın mübahisəni yumşaltmaq məqsədilə səsləndirib.
Lakin Azərbaycan əsilli deputatın üzr istəməsi qalmaqalın aradan qaldırılmasına kömək etməyib. Rusiya Dövlət Dumasının Sverdlovsk vilayətindən olan deputatı Maksim İvanov Yuqra parlamentinin üzvü Xalid Tağızadənin qalmaqallı çıxışını “saxta-tarixi mühazirə” adlandırıb. Onun fikrincə, bu cür bəyanatlar “nümunəvi və sərt şəkildə cəzalandırılmalıdır”. İvanov baş prokuror İqor Krasnova müraciət ünvanlayaraq Xalid Tağızadənin “Yuqra - özbəklərin vətənidir” fikirlərindən sonra onun çıxışlarının yoxlanmasını tələb edib. İvanov vurğulayıb ki, “keçmiş kimya müəlliminin açıq şəkildə saxta tarixə əsaslanan bir mühazirə oxuması” onda ciddi narahatlıq doğurub. O hesab edir ki, bu çıxışda Rusiya Federasiyasının ərazi bütövlüyünün və suverenliyinin pozulması əlamətləri görünə bilər.
Deputat bildirib: “Mən Baş Prokurorluğa sorğu göndərmişəm və xahiş etmişəm ki, Xantı-Mansı Muxtar Dairəsinin deputatının çıxışına hüquqi qiymət verilsin”.
Rusiya Liberal Demokrat Partiyasından olan Dövlət Dumasının deputatı Vladimir Sısoyev də “daha sərt addımlar atmağa” çağırıb və baş prokuror İqor Krasnovdan deputat Tağızadənin “etnik ədavətin qızışdırılması və Rusiyanın ərazi bütövlüyünə təhdid” ifadələrinin yoxlanılmasını istəyib. Rusiya Daxili İşlər Nazirliyi də qalmaqala cavab verib və insanlara bu cür bəyanatlara görə hüquqi məsuliyyət daşıdığını xatırladıb.
Xantı-Mansı Muxtar Dairəsinin Duması Rusiya Federasiyası Kommunist Gənclər İttifaqının təsisçilərindən biri X.Tağızadəni regional parlamentin sosial inkişaf komitəsi sədrinin müavini vəzifəsindən azad edib. Bu barədə məlumat regional parlamentin saytında dərc olunub.
Qalmaqaldan sonra deputat jurnalistlərin zənglərinə cavab verməyib və Dumanın iclaslarına qatılmayıb. Siyasi dairələrdə onun ölkəni tərk etdiyi və Azərbaycana gəldiyi barədə məlumatlar yayılıb.
“Yeni Müsavat” xəbər verir ki, Xalid Böyükağa oğlu Tağıyev 1978-ci il noyabrın 15-də Sumqayıt şəhərində anadan olub. O, Krasnoyarsk Dövlət Universitetinin məzunudur. “Kriminalistika kimyası” üzrə ixtisaslaşıb. Eyni zamanda M.F.Reşetnev adına Sibir Aerokosmik Akademiyasının hərbi fakültəsində təhsil alıb. 2015-ci ildə Yuqra Dövlət Universitetində “fiziki kimya” ixtisası üzrə aspirantura təhsilini başa vurub. 2018-ci ilin iyun ayında Yuqra Dövlət Universitetinin magistraturasını “Hüquqşünaslıq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. İxtisaslaşma sahələri - “Cinayət hüququ və kriminologiya; cəza icra hüququ”. 30-dan çox elmi işi və nəşri mövcuddur. Bir müddət Yuqra şəhərinin Daxili İşlər İdarəsində məhkəmə-tibb eksperti işləyib. 2019-2021-ci illərdə Megion Şəhər Dumasının altıncı və yeddinci çağırışlarının deputatı olub. 2021-ci ildən Xantı-Mansı Muxtar Dairəsi Dumasının deputatıdır. Evlidir, iki övladı var.
Bəs deputatın fikirləri nə dərəcədə əsaslıdır? Xantı-Mansı vilayəti, eləcə də Altay diyarına bitişik rayonlar doğrudan da türk xalqlarının məskəni sayılırmı?
Tarixi məxəzlərdən məlum olduğu kimi, Sibir xanlığı Qərbi Sibirdə feodal türk dövləti olub və paytaxtı Qaşlıq şəhəri idi. “Sibir” sözü “Sabir” adlı türk tayfasının adı ilə bağlıdır. Qızıl Orda imperiyasının parçalanmasından əvvəl Sibir xanlığının ilk hökmdarı Mamiq oğlu Taybuğa olub.
Sibir xanlığının Rus dövlətinə birləşdirilməsinin başlanğıcı 1582-1585-ci illərdə Yermak Timofeyeviçin yürüşü ilə qoyulub. Bu yürüş zamanı kazaklar 1582-ci ilin oktyabrında xanlığın paytaxtını ələ keçiriblər. 1587-1588-ci illərdə isə Sibir şəhəri D.G.Çulkovun rəhbərlik etdiyi oxçular tərəfindən yandırılıb. Bundan sonra Sibir xanlığı faktiki olaraq mövcudluğunu dayandırıb və onun ərazisi Rusiya dövlətinin tərkibinə qatılıb.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ