İnsanlara hürriyət, millətlərə istiqlal!

“Suriyadan qayıdan azərbaycanlıların aqibəti törətdiyi əməllərdən asılı olacaq”

Hüquqşünas: “Onlar Azərbaycan vətəndaşıdır, hər biri üçün bütün şərait yaradılacaq”

Oktyabrın 6-da Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 15 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib. Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat xidməti idarəsinin məlumatına görə, şəxslərin ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində reallaşıb.

“İlk öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə ərazisindən tranzit keçidi təmin olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyası üzrə işçi qrupa daxil olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib. Oktyabrın 6-da vətəndaşların Ankara-Bakı reysi ilə repatriasiyası həyata keçirilib. Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə təhvil veriləcəkdir”, - məlumatda qeyd edilir.

Nəzərə çatdıraq ki, indiyə qədər İraqdan 290, Suriyadan 103 olmaqla, ümumi 393 uşaq və qadının ölkəyə repatriasiyası olunub.  Ötən il də ərəb ölkələrində gedən münaqişələrdə ekstremist silahlı birləşmələrin tərkibində vuruşmuş azərbaycanlılardan ölkəmizə qaytarılmışdı.  Əsasən Suriyada və eləcə də digər qaynar nöqtələrdə vuruşmuş həmin azərbaycanlılar ölkəyə qayıdandan sonra saxlanılmışdılar. Azərbaycan qanunlarına görə, başqa dövlətlərin ərazisindəki terrorçu, qeyri-leqal silahlı qruplaşmalarda iştirak etmiş şəxslər mühakimə olunurlar.

Ümumiyyətlə, son illərdə Azərbaycandan İraq, Suriya, Əfqanıstana döyüşməyə gedənlər olmuşdu. Sağ qalanlardan bir çoxu qayıdıb və burada həbsdədirlər, bəziləri isə döyüşlərdə ölüblər. Amma belə görünür ki, hələ də bir çox azərbaycanlı qaynar bölgələrdə, o cümlədən Suriyada qalıb. Bir çoxunun əri ölüb və  uşaqları qalıb. Bundan əvvəl də İraqda girov və kimsəsiz qalan xeyli sayda qadın və uşaq Azərbaycana gətirilmişdi.

Bəs görəsən qadın və uşaqlar Azərbaycana gətiriləndən sonra onlar cəmiyyətə necə inteqrasiya olurlar? İşlə təmin olunurlarmı?

Əsabəli Mustafayev: “Əsas məsələ məhkəmə sistemindəki korrupsiyanın aradan  götürülməsidir”

Əsabəli Mustafayev 

Mövzu ilə bağlı hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bunları dedi: “Birinci araşdırmaq lazımdır ki, onlar Suriyaya, İraqa necə gediblər. Ola bilsin ki, aldadaraq aparıblar. Bəziləri hətta insan alverinin qurbanı ola bilər. Onları aldadıb Türkiyəyə aparırlar, oradan da Suriyaya keçirirlər. Sənədlərini alırlar. Yaşayış imkanları olmur. Daha sonra araşdırmaq lazımdır ki, bunlar əsgər kimi vuruşublarmı? Döyüşlərdə iştirak ediblərmi? Ola bilsin ki, aralarında kimlərsə heç döyüşlərdə iştirak etməyib. Sadəcə, hansısa təsərrüfat işlərinə cəlb olunublar, orada silahlı dəstələr tərəfindən törədilən cinayətlərdə iştirak etməyiblər.

Yox, araşdırma zamanı məlum olsa ki, bunlar bilə-bilə bu işlərdə iştirak ediblər, Türkiyəyə gedib, oradan da Suriyaya keçiblər. Onlar həm sərhəddən qanunsuz keçmək, qanunsuz silahlı birləşmələrdə iştirakı ilə bağlı məsuliyyətə cəlb oluna bilərlər. Xüsusilə sonuncu cinayət, qanunsuz silahlı birləşmələrdə iştirak ağır cinayət sayılır. Burada ömürlük cəza da nəzərdə tutulub. Yəni bunlar hamısı araşdırmanın nəticəsində bəlli olacaq".

Hüquqşünas bildirdi ki, gətirilənlər arasında əsasən qadınlar, uşaqlar olur: “Aydın məsələdir ki, döyüşlərdə iştirak etməyiblər. Sadəcə, məcburən ailə üzvü kimi gediblər. Onlar müvafiq reabilitasiyadan keçəndən sonra, xüsusilə psixoloji reabilitasiyadan keçəndən sonra kimin ailəsi varsa, ailəsinə qaytarılacaq. Ola bilsin, qadınlar, uşaqlar müvəqqəti olaraq sığınacaqlarda yerləşdirilsinlər. Sonradan şərait yaradılıacaq ki, onlar ölkənin digər vətəndaşları kimi əmək fəaliyyəti ilə məşğul olsunlar, öz dolanışıqlarını təmin etsinlər. Yəni onlar Azərbaycan vətəndaşıdır, onlar üçün bütün şərait yaradılacaq. Əgər onlar tərəfindən cinayət törədilməyibsə. Bütün bunlar hamısı araşdırma  nəticəsində məlum olacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR