İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh prosesində Astana dayanacağı - Bakının şərti məlum, bəs Kremlin?

Elxan Şahinoğlu: “Rusiya sülh danışıqlarına nəzarəti bərpa etməyə çalışacaq...”

Oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının sammiti keçirilib. Toplantıya Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan da qatılıb. MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.

Öncə yayılan qeyri-rəsmi xəbərlərdə Astanada Putin-Əliyev-Paşinyan üçlü formatda görüşünün də reallaşa biləcəyi deyilirdi. Ehtimal edilirdi ki, Moskva bu görüşdə Qərbin vasitəçiliyi ilə qurulan təmaslardan tutmuş, Praqa anlaşmasına qədər, bütün məsələləri təftiş edə, arxa plana keçirməyə çalışa bilər. Çünki Rusiya Brüssel formatından narazılığını gizlətmir. Belə fikir də var ki, Rusiyanın prosesi pozmaq imkanı hələ tükənməyib. Ən azından Kremlin Paşinyan hökumətinə ciddi təsir rıçaqları qalır.

İkinci tərəfdən, üzə çıxan detallara əsasən Moskvanın hazırladığı sülh sazişi variantında uzaq perspektiv üçün də olsa, Qarabağ ermənilərinə hansısa status nəzərdə tutulur, Qərbin variantında isə bu tələb yoxdur. Yəni Moskvanın öz forpostunu hansısa şəkildə razı salmaq xətti. Bu da erməni ictimai rəyində Rusiyanın “zədələnmiş” obrazını yaxşılaşdırmaq, Qərbə inamı isə adekvat şəkildə azaltmaq məqsədi güdə bilərdi.

Lakin MDB sammiti başa çatdı və Putin Azərbaycan və Ermənistan liderlərini məhz Astanada bir araya gətirmək təşəbbüsü ilə çıxış etmədi. Buna baxmayaraq Vladimir Putin MDB sammitində Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı Rusiyada görüş keçirməyə dəvət edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib ki, Rusiya Ermənistan və Azərbaycana növbəti üçtərəfli sammitin keçirilməsini təklif etmək niyyətindədir, yaxın gələcəkdə onun keçirilmə tarixlərinin razılaşdırılması planlaşdırılır.

Sergey Lavrov says he wants clarifications from Western powers on security  – POLITICO

Sergey Lavrov

Onu da qeyd edək ki, oktyabrın 14-də Astanada Rusiya xarici işlər naziri Sergey Lavrovun, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşü keçirilib. Görüşün açılışı zamanı Lavrov gələcək addımlar barədə daha ətraflı təsəvvür yaranacağına əmin olduğunu qeyd edib. O deyib ki, zamanın tez keçdiyini, hadisələrin olduqca sürətli inkişaf etməsini nəzərə alaraq bu gün bu barədə danışmaq üçün rahat məqamdır.

Ceyhun Bayramov isə deyib ki, Azərbaycan tərəfi olaraq ən azından xarici işlər nazirlərinin cavabdeh olduğu postmünaqişə nizamlanması sahəsinə, o cümlədən az əvvəl görüşdə müzakirə etdikləri sülh müqaviləsi məsələsinə xüsusən fokuslanacaqlar. Ceyhun Bayramov üçtərəfli formatın mayda baş tutan sonuncu görüşündən sonra bir sıra çoxtərəfli və ikitərəfli əsasda kontaktların olduğunu bildirib: “Düşünürəm ki, bu baxımdan ötən dövr ərzində gedən inkişafı gözdən keçirmək, məsələləri müzakirə etmək faydalı olardı. Sülh nizamlanmasının digər məsələləri: dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, həmçinin, humanitar xarakterli məsələlər də müzakirə ediləcək”.

Rusiya XİN: Moskva ərzaq sövdələşməsinə tam sadiqdir

Görüş başa çatdıqdan sonra Rusiya XİN açıqlama yayıb. Məlumatda deyilir ki, nazirlər regional nəqliyyat əlaqələrinin açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması perspektivləri və digər məsələləri müzakirə edib: “Nazirlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə birgə səyləri müzakirə ediblər, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının bütün müddəalarına hərtərəfli riayət edilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu vasitəsilə regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərinə, Rusiyanın məşvərət yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə əsaslı baxış keçirilib. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair danışıqların gedişinə xüsusi diqqət yetirilib. Görüşdə yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi qərara alınıb”.

Ceyhun Bayramov isə bildirib ki, delimitasiya üzrə komissiyaların artıq yaradılıb və indiyə qədər iki görüş keçirilib: “Astana görüşündə üçüncü görüşün yaxın zamanlarda keçirilməsi nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu bildirilib”.

Nazir Üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb. Bu xüsusda, Ermənistan tərəfindən bəyanatların icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulanıb, o cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılmasının və mina xəritələrinin tam şəkildə verilməməsinin ciddi problem olduğu qeyd edilib. Görüş zamanı həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündə, eyni zamanda, Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğu nazir Ceyhun Bayramov tərəfindən qeyd edilib.

Ekspertlərə görə, V.Putin xarici işlər nazirlərinin, İşçi Qrupunun həyata keçirdiyi görüşlərin, sülh sazişinin hazırlanması prosesinin bəlli bir mərhələyə qədər inkişaf etməsini gözləyir və liderlərin görüşünün bir müddət sonra Moskvada keçirilməsini buna görə təklif edib.

Elxan Şahinoğlu: “Ermənistan hakimiyyətinə bir başqası gələrsə bu Dağlıq  Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər”

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı və ABŞ-ın son vaxtlar vasitəçilik missiyasında fəallaşması Kremli ciddi narahat edir: “Rusiya Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov bu vəziyyətdən narazıdırılar. Açıq-aşkar Brüssel və Vaşinqton fəal vasitəçilik təşəbbüsləri ilə çıxış edir. Vaşinqtonda, Brüsseldə görüşlər olur, Praqada razılaşma əldə olunur. Bütün bunları izləyən Rusiya rəhbəri sanki düşünür ki, Rusiyanı sıxışdırırlar və bunun qarşısını almaq lazımdır. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tez-tez Avropa İttifaqını və ABŞ-ı tənqid edir ki, onlar Rusiyanın təşəbbüslərinə qarşı çıxış edirlər. Astanada da Putin təklif etdi ki, Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşü olsun. Belə hesab edirəm ki, Kreml bu görüşü mümkün qədər tez reallaşdırmağa çalışacaq. Astanada görüşün təşkil edilməməsi məhz Putinin Moskvada görüşün keçirilməsini istəməsi ilə əlaqədardır. Həm də belə görünür ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması istiqamətində işlərin bir sıra tələb olunan mərhələləri reallaşdırılmayıb. Bunlar reallaşdırılandan sonra dövlət başçılarının görüşü keçirilməlidir. Bu qeyd olunan məqamlara görə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Astanada görüşməsi üçün təşəbbüskarlıq etmədi. Putin görüşün məhz Rusiyada baş tutmasını vacib hesab edir.

Oktyabrın 14-də Astanada Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Lavrov deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana Avropa İttifaqının İrəvana göndərdiyi missiyaya bənzər qrup yollaya bilər. Bu da bir daha Kremlin açıq-aşkar Avropa İttifaqının və ABŞ-ın fəallaşan vasitəçilik təşəbbüslərindən narahatlığını göstərir".

Politoloqun sözlərinə görə, Putin və Lavrovun məntiqi sadədir: “Onların məntiqi belədir ki, ikinci Qarabağ müharibəsi Rusiyanın səyi ilə dayandırıldı, məhz Kremlin vasitəçiliyi ilə 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında iki bəyanat qəbul edildi, indi isə Vaşinqton və Brüssel təşəbbüslərimizi əlimizdən almağa çalışır, bu yolverilməzdir. Fransa prezidenti Emmanuel Makronun son ermənipərəst, anti-Azərbaycan, eyni zamanda anti-Rusiya bəyanatı vəziyyəti daha da qəlizləşdirdi. Makronun açıqlaması Avropa İttifaqının təşəbbüslərinə kölgə salmaqla yanaşı, Kremlin fəallaşmasına şərait yaratdı. ABŞ və Avropa İttifaqı təşəbbüsləri Rusiyanın əlindən almaq istəyir. Kreml üçün isə bu yolverilməzdir. Kremlin düşüncəsi belədir. Rusiya danışıqlara nəzarəti bərpa etməyə çalışacaq. Sergey Lavrovun sərhəddə monitorinq aparmaq missiyasını KTMT-nin həyata keçirməsi təklifini irəli sürməsi də bu istiqamətdə cəhdlərdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR