İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarix dərsliklərimizin yaratdığı qıcıq - Rusiyanın yersiz əndişəsi...

Professor: “Biz vaxtilə təhrif olunmuş tariximizi bərpa edirik”

Rusiya Elmlər Akademiyasının (REA) İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun apardığı tədqiqat nəticəsində belə qənaətə gəlinib ki, postsovet məkanının əksər ölkələrinin tarix dərsliklərində Rusiya ilhaq etdiyi ərazilərin xalqlarına zülm edən müstəmləkəçi dövlət kimi təqdim olunur. REA hesab edir ki, belə bilgilər gələcəkdə Rusiyaya qarşı mənfi münasibətin formalaşmasına, ksenofobiyanın və rusofobiyanın artmasına rəvac verə bilər.

Sitat: “Müəyyən edilib ki, 8-ci siniflər üçün Qazaxıstanın tarixi dərsliklərində Rusiya İmperiyası Qazaxıstandan hərbi və iqtisadi maraqları üçün platforma kimi istifadə etməyə çalışan ölkə kimi təsvir olunur. Azərbaycanda isə sovet hakimiyyətinin qurulması hərbi işğal, ardınca xalqa zülm edilməsi kimi qələmə verilir. Ölkənin müasir dərsliklərində habelə Qarabağ münaqişəsinin yaradılmasında Rusiyanın rolu vurğulanır. Özbəkistanın DİN Akademiyasının tələbələri üçün tarix dərsliyində də Orta Asiyanın Rusiya imperiyası tərəfindən ilhaqının Özbəkistanın həm milli kimliyinə, həm də iqtisadiyyatına ziyan vurduğu qeyd edilir”.

Konkret olaraq, Azərbaycana münasibətdə bu iradın heç bir əsası olmadığı ortadadır. Ən azı o səbəbdən ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC, 1918-1920) necə, hansı şəraitdə süqut etməsi və bu süqutda XI “Qırmızı ordu”nun rolu danılmaz faktdır. Yaxud keçmiş Dağlıq Qarabağ konfliktinin hansı dövlət tərəfindən və hansı məqsədlə yaradılaraq körüklənməsi də daşlaşmış həqiqətlərdəndir. SSRİ tərkibində torpaqlarımızın (Qərbi Zəngəzur və s.) Ermənistana peşkəş edilməsi və nəticədə Naxçıvanın eksklav duruma düşməsi də həmçinin.

Elə isə Rusiya EA nədən narazıdır? Niyə məhz indi bu qıcıq özünü göstərməyə başlayıb?

Tarixçilərdən gözləntilərimiz - Deputat Anar İskəndərli aydınlıq gətirdi

Anar İsgəndərli 

Millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərli “Yeni Müsavat”a bildirdi ki,  Azərbaycan xalqının və dövlətinin heç bir xalqa və dövlətə qarşı düşmən münasibəti olmayıb. Professor vurğuladı ki, bu yanaşma həm qonşu, həm də uzaq dövlətlər üçün keçərlidir: “Çar Rusiyası dövründə müstəqilliyinə son qoyulan dövlətlər müstəqil tarixlərini yazırlarsa, burada qeyri-adi nə var? Tariximizdə 21 müstəqil Azərbaycan xanlığı olub. Şimali Azərbaycanda yerləşən xanlıqların taleyi necə oldu? Xanlıqlar işğal olundu. Xanlıqların çar Rusiyası tərəfindən işğal edildiyi faktını yazırıqsa, burada qəbahət olan nədir? 1918-1920-ci illərdə mövcud olan cümhuriyyət, müsəlman Şərqində ilk parlamentli respublika 11-ci Qızıl Ordu tərəfindən işğala məruz qalıb. Bunun nəyi yalandır? Rus tarixçiləri nə yazırlarsa-yazsınlar, biz vaxtilə təhrif olunmuş tariximizi bərpa edirik. Bu qazaxlara, özbəklərə, türkmənlərə, qırğızlara, taciklərə, Baltikyanı respublikalara da aiddir. Orta məktəb dərsliklərində Azərbaycan ərazisinə hücumlar və o hücumların  nəticələrini yazırıqsa, bundan heç kim inciməməlidir. Biz gerçək tarixi mənbələr əsasında yazırıq. Biz heç bir dövlətə böhtan atmırıq. Hər hansı dövlətin etdiklərini nə inkar etmirik, nə də şişirtmirik. Kimin  nə yazmağından asılı olmayaraq, Azərbaycan müstəqil dövlətdir. Azərbaycan tarixini öz vətəndaşına olduğu kimi çatdırmaq biz tarixçilərin borcudur. Biz Vətən, xalq qarşısında öz borcumuzu yerinə yetiririk. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Vətən tarixi ilə bağlı olan problemləri ədalətlə həll edir. Bu gün Azərbaycan məktəblisi   "Mən kiməm?", “Tarixim haradan başlayır?”, “Ərazim haradır?”, “Kimlər nəyə iddia edib?” kimi sualların cavabını alır, bu tarixi öyrənir və vətəndaş kimi yetişir".

A.İsgəndərli  qeyd etdi ki, geosiyasi vəziyyət dəyişsə də, mülki tarix dəyişilmir: “Vaxtilə biz partiya tarixi keçirdik. O tarix dəyişkən və sürüşkən idi. Ancaq mülki tarix dəyişilmir. Əgər təhriflər olarsa, bu zamanla bilinir və heç bir xalqa, heç bir dövlətə başucalığı gətirmir. Azərbaycanda sovet hakimiyyətinin qələbəsi ilə bağlı böhtançı tarix var idi. Hətta Şaumyan, Kirov qəhrəman kimi təbliğ edilirdi. Xüsusilə Azərbaycanla bağlı 1918-1920-ci illərdə yazılanların böyük qismi yalandır. 1918-ci ilin mart ayında Bakıda, Qubada, Şamaxıda, Qərbi Azərbaycanda, Cənubi Azərbaycanda yüz minlərlə azərbaycanlı soyqırıma məruz qalmışdı. Azərbaycan Sovet tarixçiləri yazmışdılar ki, Bakıda, Şamaxıda vətəndaş müharibəsi baş verib, bunun günahkarı Azərbaycanın milli demokratik ziyalılarıdır. Bu tarix biabırçı, təhrif olunmuş tarix idi. Allaha şükür ki, biz bu tarixdən imtina etmişik. Bu gün bizim hər hansı dövlətə münasibətimizin necə olmasından asılı olmayaraq Ümummilli lider Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında, rəhbər heyət qarşısındakı çıxışında tarixi cümlə söylədi - "Tarixi olduğu kimi yazmaq lazımdır!" Bir dövlətlə münasibət yaxşı, o biri ilə pis ola bilər, sonra vəziyyət dəyişilə bilər. Tarix vəziyyətə görə dəyişilmir. Əks halda, bu, tarix yox, siyasət olur”.      

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR