İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çinin Afrikadakı yatırımları təhlükə altındadır, çünki...”

“Çinin Afrikadakı yatırımları təhlükə altındadır”.

Bu sözləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Ekspert qeyd edib ki, Çin hakimiyyəti 2022-ci ilin aprelində irəli sürdüyü Qlobal Təhlükəsizlik Təşəbbüsünü əsasən Afrika qitəsində həyata keçirməyə çalışır və bu yolla Afrika ölkələrinə yatırdığı milyardlarla dollar vəsaiti qorumağı planlaşdırır.

“Çin Milli Neft Korporasiyası 2024-cü ilin əvvəlində Nigerin şərqindəki Aqadem şəhərini Beninin Seme-Kpodj liman şəhəri ilə birləşdirən 2000 kilometrlik nəhəng boru kəmərinin tikintisini tamamlayaraq gündə 90 000 barel neft hasil etməyi hədəfləyib. Bu, Nigerin hazırda daxili bazarı üçün istehsal etdiyi məhsulun dörd qatından çoxdur və ölkənin neft ixracını əhəmiyyətli dərəcədə artıracaq.

Boru kəmərinin 2021-ci ilə qədər açılması planlaşdırılırdı, ancaq pandemiya və regional qeyri-sabitlik bunu təxminən üç il gecikdirdi. Nigerdə 2023-cü ilin iyulunda baş vermiş hərbi çevriliş Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin ciddi sanksiyaları ilə nəticələndi. Gecikmələr layihə xərclərinin əvvəllər təxmin edilən 5 milyard ABŞ dollarını keçməsi ilə nəticələndi. Niger adı çəkilən təşkilatı tərk edərək Burkina-Faso və Maliyə qoşularaq üç Qərbi Afrika xuntasının idarə etdiyi dövlətlərin ittifaqı olan Sahel Dövlətləri Alyansını yaratdı. Nigerdəki böhran Çinin xərclərinin artmasıyla nəticələndi. Niger Çindən faiz dərəcəsi 7 faiz olan 400 milyon dollar həcmində kredit götürdü. Niger krediti bir il ərzində ekvivalent neft ixracı ilə qaytarmağa razılaşıb. Boru kəməri Niger iqtisadiyyatını dirçəltəməlidir. Çin ölkənin bütün neftini almağa razılaşıb. Üstəlik, bu neft gəlirləri həm də ölkənin xunta rejiminin sağ qalmasını təmin etməlidir.

Bu arada, Nigerin qonşu ölkələrlə mübahisəsi başlayıb. Pekin yatırımlarını qorumaq məqsədilə Afrika ölkələri arasında danışıqları təşviq etmək məcburiyyətində qalıb”, - deyə Elxan Şahinoğlu bildirib.

O vurğulayıb ki, Afrika ölkələrində çalışan Çin şirkətləri üçün başqa çətinliklər də mövcuddur və bu vəziyyət Pekini gələcəkdə investisiya qərarları verərkən xeyli ehtiyatlı olmağa vadar edəcək:

“Bəzi Afrika ölkələrindəki radikal silahlı qruplar Çinin işlətdiyi istehsal müəssisələrinə hücumlar edir, Çin vətəndaşlarını girov götürürlər. Buna görə də Çin şirkətləri bir sıra hallarda həmin ölkələrdə fəaliyyətlərinə bir müddət ara vermək məcburiyyətində qalırlar. Bu, maliyyə itkisi deməkdir. Misal üçün, Nigerdəki boru xəttinin bir gün çalışmaması 9 milyon ABŞ dollarına başa gəlir. Silahlı qruplar bu ilin iyul ayında neft kəmərini partlatmışdılar. Bu zaman boru xəttinin təhlükəsizliyinə cavabdeh olan 6 nəfər qətlə yetirildi. Çin şirkəti bir neçə gün ərzində boru xəttinin çalışmasını təmin etdi. Pekin var gücüylə Nigerdəki sərmayəsini və bu ölkədə enerji təhlükəsizliyini qorumağa çalışır. Bu vəziyyət Pekini gələcəkdə investisiya qərarları verərkən xeyli ehtiyatlı olmağa vadar edəcək”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR