Onlayn ictimai-siyasi qəzet
Hansısa bir idman növünə azarkeşlik etmək bəzən xəstəlik dərəcəsinə çatır. Azarkeşlik etdiyin komandanın məğlubiyyəti məyusluq yaradır, əsəblərə toxunur, adamı qıcıqlandırır. 18 il SSRİ-yə rəhbərlik edən Brejnev də bu cür azarkeşlərdən olub. Baş katib üçün xokkey oyunu idman növləri arasında xüsusi yer tutub. O, SSRİ yığmasına, klub komandaları arasında isə Müdafiə Nazirliyinin komandası olan MOİK-ə (Mərkəzi Ordu İdman Klubu) azarkeşlik edib.
Brejnev azarkeşlik etdiyi komandaların oyunlarını canlı izləyib. O, “Lujniki”yə adətən yarım saat əvvəldən gəlib. Xokkey azarkeşi olub-olmamalarından asılı olmayaraq Siyasi Büronun üzvləri onun yanında olublar. Brejnev və onun komandası üçün “Lujniki”də xüsusi fəxri loja, lojanın arxasında isə istirahət otağı olub. Bu otaqda süfrə əvvəlcədən hazırlanıb, böyük masanın üstünə defisit sayılan içkilər, müxtəlif soyuq qəlyanaltılar düzülüb. Birincilər bir-iki qədəh içdikdən sonra lojaya keçiblər.
Brejnevlə marşal Dmitri Ustinov MOİK-ə, Konstantin Çernenko “Spartak”a, Yuri Andropov “Dinamo” ya azarkeşlik edib. Mixail Suslov və Arvid Pelşe ümumiyyətlə buz meydançada nələrin baş verdiyini anlamayıblar. Onlar oyunun sonuna qədər emosiyasız, səssiz-küysüz “sürüşənləri” seyr ediblər.
Brejnevin xokkey azarkeşliyi o həddə çatıb ki, oyunun nəticələri onun əhvalına, psixoloji və sağlamlıq durumuna da təsir edib. Məsələn, SSRİ yığmasının parlaq qələbələrinin birindən sonra səhəri günü tibbi müayinədən keçərkən həkim baş katibdən soruşub:
-Leonid İliç, yəqin ki, dünən tam istirahət etmisiniz. Əvvəlki müayinələrin nəticələrindən fərqli olaraq bugünkü göstəriciləriniz daha müsbətdir.
Brejnev ötən günün iş qrafikini həkimə söyləyib:
-Dünən səhər Siyasi Büronun iclasında iştirak etmişəm, günortadan sonra Çexoslovakiya Kommunist Partiyasının nümayəndələri ilə görüşümüz keçirilib, daha sonra təxminən iki saat ərzində katiblikdən verilən sənədlərlə işləmişəm, axşam saatlarında isə xokkeyə baxmışam. Yeri gəlmişkən, onu da deyim ki, dünən Xarlamov əsl ustalıq nümayiş etdirdi.
Həkim gülümsəyərək baş katibə tövsiyə edib ki, tez-tez xokkey oyunlarını izləsin.
Bəzən isə əksinə olub. Gərgin oyunların birində MOİK-lə “Spartak” qarşılaşmasında hərbçilər 1-2 hesabı ilə geridə olublar. MOİK şaybanı rəqib komandanın qapısından keçirib hesabı bərabərləşdirmək imkanı qazananda, hakim bu qolu saymayıb. MOİK-in xokkeyçiləri etiraz əlaməti olaraq meydançanı tərk ediblər. Aradan 20 dəqiqə keçib və bu müddət ərzində Brejnev lojada var-gəl edib. Nəhayət, o, köməkçisini çağırıb:
-Get onlara de ki, axmaqlıq etməsinlər, meydançaya çıxsınlar.
Bu göstərişdən sonra oyunçular meydançaya çıxıb. “Spartak” üçüncü qolu vurub. Brejnev məyusluğunu gizlədə bilməyib, o, həkimlərin ciddi qadağasına baxmayaraq oyun ərəfəsində lojada əyləşən kürəkəni Yuri Çurbanovdan bir neçə dəfə siqaret istəyib. Səhəri gün isə baş katibin həkim müayinəsindən keçməsi zəruri sayılıb. Brejnevin həyat yoldaşı isə ərini xokkeyə görə həmişə olduğu kimi “danlayıb”:
-Bu oyun deyil, sənin üçün başağrısıdır...
Brejnev heç vaxt nə oyundan əvvəl, nə də sonra geyinib-soyunma otağında xokkeyçilərlə görüşməyib, oyun ərəfəsi zamanı nə məşqçilərlə, nə də oyunçularla söhbət aparmayıb. Heç Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Sergey Pavlov da fəxri lojada yer almayıb. Brejnev adətən oyunlardan bir neçə gün sonra sevimli komandası ilə görüşüb, onların problemləri ilə maraqlanıb, xokkeyçiləri mükafatlandırıb. Məhz “1 nömrəli azarkeş”in sayəsində 1964-1982-ci illərdə sovet xokkeyi özünün ən şanlı dövrünü yaşayıb, dünyanın idman arenasında məşhurlaşıb.
Baş katibin ən sevimli oyunçusu isə həm MOİK-in, həm də SSRİ yığmasının hücumçusu Valeri Xarlamov olub. Xarlamov meydançaya 17 nömrəli forma ilə çıxıb, Brejnevin ona hədiyyə etdiyi “Volqa”nın nömrəsi də 00-17 MMB olub. 1981-ci ildə əfsanəvi xokkeyçi bu maşınla qəzaya düşüb. Sükan arxasında olan həyat yoldaşı İrina, onun qardaşı Sergey və Valeri Xarlamov qəza nəticəsində həlak olublar. Bu hadisədən sonra hər iki valideynini itirmiş Xarlamovların oğlunu və qızını Brejnevin göstərişi ilə Müdafiə Nazirliyi himayəyə götürüb.
Brejnev xokkeyə o dərəcədə aludə olub ki, bəzən Siyasi Büronun iclaslarını xokkey haqqında məlumatlarla başlayıb. Belə iclasların birində baş katiblə Ustinov arasında 10 dəqiqə müddətində xokkeylə bağlı qızğın müzakirələr gedəndə təmkini ilə fərqlənən Aleksey Kosıgin dözməyərək əlini stolun üstünə çırparaq iclası tərk edib.
Beləliklə, Leonid Brejnev 18 illik hakimiyyətinin bir hissəsini buz meydançalarını seyr edərək SSRİ-ni süquta doğru sürüşdürə-sürüşdürə çox acınacaqlı bir vəziyyətdə Yuri Andropova təhvil verib.
İlham Cəmiloğlu, Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ