Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 14-də Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən XX Türk Dünyası Gənclik Günləri və Qurultayı öz işinə başlayıb. Dünya Türk Gənclər Birliyi tərəfindən təşkil olunan tədbirə çıxışlarla start verilib.
Dünya Türk Gəncləri Birliyi Fondunun rəhbəri, tədbirin təşkilatçısı Ərsin Gözəl ilk olaraq çıxış edib:
"Hamınız bu torpaqlara xoş gəlmisiniz. Yorğun bir marafonun sonunda şükürlər olsun ki, qurultayımızı gerçəkləşdirə bildik. Biz təkrar burada qurultay keçirmək imkanı qazandıq. Biz söz veririk, irəliyə doğru yürüşə davam edəcəyik. Ancaq və ancaq uğur qazanacağıq. var olun. Nə mutlu türküm deyənə".
DTGB rəhbərliyində yer alan Nadibə Cavadova həyəcanını gizlətməyib:
"Bu gün çox şey danışacağıq. Onu xüsusi vurğulamaq istəyirəm ki, biz bu gün buraya çox önəmli bir dava üçün gəlmişik. Bu davamız hər zaman qəlbimizdə oldu. Biz bunu həm qəlbimizdə yaşamaq, həm də gənclərə yaşatmaq istəyirik. İlk qurultayda 90-cı illərdə iştirak edərkən, çox həyacanlı idim, "nə olacaq", "nələr gözləyir məni". 26 il sonra təkrar eyni həyəcanla burdayam".
Kipr Türk Dövlətinin nəqliyyat naziri Ərhan Arıklı:
"Kazandakı qurultayda sizlərin yaşında idim. Hələ də o həyəcanı unuda bilmirəm. Kazanda çadırlarda o zaman qurultay keçirmişdik. Daha sonra Qırğızıstanda qapı-pəncərəsi olmayan ünvanlarda qaldıq. İndi Şimali Kipr Türk Respublikasındayıq. Türk dünyasının mənafelərini qorumaq üçün burdayıq".
Qurultayın açılışında Kıbrıs Qazilərinin çıxışları da daha çox maraq doğurub. Onlar 1974-cü ildəki müstəqillik uğrunda apardıqları savaş xatirələrini bölüşüblər və onların azadlıq mübarizəsi qonaqların gur alqışları qarşılanıb.
Daha sonra Divan Kurulunun toplantısı başlayıb və üzvlər müəyyən edilib.
Ərsin Gözəl bir daha çıxış edərək, bu qurultayın çox çətinliklə ərsəyə gəldiyini qeyd edib:
"Bizim üçün asan olmadı. Dedilər bacarmayacaqlar, amma biz son 6 ayda bunu həll etdik. Böyük işlər gördük".
Ərsin Gözəl bundan sonra toplantıların necə davam edəcəyi barədə hər kəsi məlumatlandırdı.
Qurultay iştirakçı millətlərin təmsilçilərinin çıxışları ilə davam etdirilib. Hər bir xalqın nümayəndəsi bu tədbirin önəmindən danışıb, gördükləri işləri təqdim ediblər, Şimali Kipr Türk Respublikasının yanında olduqlarını diqqətə çatdırıblar.
Azərbaycan nümayəndə heyəti adından Dünya Türk Gəncləri Birliyi Fondunun Azərbaycan təmsilçisi (“Yeni Müsavat” qəzetinin siyasi yazarı, AĞ Partiya başqanının müavini) Cavanşir Abbaslı çıxış edib:
"Azərbaycan nümayəndə heyətinin salamlarını sizlərə çatdırıram. Bu gözəl məmləkətdə-Şimali Kipr Türk Respublikasında sizləri salamlamaqdan qürur duyuruq, özümüzü şanslı hesab edirik. Belə möhtəşəm tədbiri təşkil edən, əməyi keçən hər kəsə Ərsin bəy başda olmaqla öz təşəkkürümüzü bildiririk".
Ölkəmdə "Yeni Müsavat" qəzetinin siyasi yazarı və AĞ Partiya başqanının sözçüsü kimi fəaliyyət göstərirəm. Olduğum hər yerdə millətçiliyi daim öndə tutmuşam, bunu türk dünyası üçün olduqca vacib amil hesab etmişəm. Eləcə də, AĞ Partiya fəaliyyətində, qəzetimin baş redaktoru Rauf Arifoğlu olduğu hər yerdə millətçilik ruhunun qorunmasını ən vacib şərt kimi önə sürüb. Hazırda Azərbaycanda millətçilik ruhu durmadan artır. Xüsusilə, bu son 5 ildə daha da sürətlənib. Təsadüfi deyil ki, 2020-ci ilin Vətən müharibəmizdə şəhid olanların 95 faizi millətçi ruhundan idilər. Məhz onların sayəsində 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağımızı azad etdik. 2023-cü il 20 sentyabrda keçirdiyimiz antiterror əməliyyatı ilə 24 saata yaxın müddətdə Xankəndini erməni separatçılarından təmizləyərək suverenliyimizi tam bərqərar etdik".
Azərbaycan təmsilçisinin çıxışının bu yeri zalın gurultulu alqışları ilə qarşılanıb".
C.Abbasli sonda bunları deyib:
"Arzumuz budur ki, tezliklə Şimali Kipr Türk Respublikasının müstəqilliyi də bütün dünya ölkələri tərəfindən qəbul olunsun. Zatən bu, Şimali Kipr Dövlətinin tam haqqıdır. Bu yolda əlimizdən gələni sona qədər etməyə hazırıq. Bizdən əvvəl böyüklər danışdı. Çoxlu dərslər aldıq. Fikirlərimi bu cümlələrlə bitirirəm: Tanrı türkü qorusun. Tanrı Şimali Kipr Türk Respublikasını qorusun. Tanrı bütövlükdə türk dünyasını qorusun".
Musavat.com
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ