Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın yeni daxili işlər naziri, Pakistan əsilli Şabana Mahmud Londonda miqrasiyaya qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarını təqib etməklə hədələdiyi barədə xəbərlər Rusiya mediasında geniş tirajlanıb.
Musavat.com xəbər verir ki, Rusiya mətbuatı Şabana Mahmudun açıqlamalarını qabardaraq, onun etirazçılara qarşı sərt mövqedə olduğunu iddia edib.
Bu xəbərlərdə Şabana Mahmudun guya vəzifəyə başlayarkən Quran üzərində and içməsi, zorlama və qətllərə görə məhkum edilmiş yüzlərlə pakistanlını azadlığa buraxması və miqrantların cəza müddətlərini azaltması kimi məlumatlar da əlavə edilib.
Musavat.com yazarının fikrincə, bu iddiaların böyük hissəsi manipulyativ və şişirdilmiş formada təqdim olunur. Məqsəd isə Britaniyada müsəlman naziri “təhlükə” kimi göstərmək, Avropada islamofobiya dalğasını gücləndirməkdir.
Bizə görə Kreml nəinki öz ölkəsindəki müsəlman və türk liderləri, icma rəhbərlərini və diaspor nümayəndələrini hədəfə alır, artıq Avropa siyasətinə daxil olmuş müsəlman fiqurlarını da gözdən salmağa çalışır. Şabana Mahmud ətrafında yaradılan süni qalmaqal bunun bariz nümunəsi hesab olunur.
Rusiyanın mesajı aydındır: müsəlman həm Rusiyada, həm də Qərbdə “təhlükəli element” kimi göstərilir. Bu isə Moskvanın uzun müddətdir apardığı anti-müsəlman ritorikasının yeni mərhələyə keçdiyini göstərir – artıq hədəf yalnız daxili deyil, beynəlxalq miqyasda da genişlənib.
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud hələ təzəlikcə vəzifəyə başlayıb. Onun haqqında yayılan xəbərlər isə Avropadakı real gərginliklərdən çox, Rusiya mediasının informasiya müharibəsinin tərkib hissəsi kimi görünür.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ