İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Belarusla dəmiryolu xəttini tam bağladı: NATO-Rusiya gərginliyi (VİDEO)

Polşa hökuməti Belarusla dəmiryolu əlaqəsini də tamamilə dayandırıb.

Musavat.com xəbər verir ki, bu qərar son günlər sürətlə yüksələn sərhəd böhranının davamı kimi qiymətləndirilir.

Son həftələr Rusiya ordusunun pilotsuz uçuş aparatları bir neçə dəfə Polşa hava sərhədini pozub, daha sonra isə oxşar insident Rumıniya istiqamətində də qeydə alınıb. Bu hadisələr NATO daxilində ciddi narahatlıq yaradıb. ABŞ və Avropa ölkələri faktları araşdırmaqla yanaşı, Polşaya əlavə dəstək vəd ediblər.

Polşa rəhbərliyi insidentlərdən sonra Belarus istiqamətində sərhəd-keçid məntəqələrinin fəaliyyətini dayandırmışdı. Eyni zamanda, Minsk rejiminin Rusiya ilə hərbi əməkdaşlığı gücləndirməsi və sərhədyanı bölgələrdə qoşun yerləşdirməsi Varşavanı daha sərt addımlar atmağa vadar etdi.

NATO müttəfiqləri son insidentlər fonunda fövqəladə məsləhətləşmələr keçirib. Alyans rəhbərliyi Rusiyanın hava məkanına qarşı təxribatlarının birbaşa təhlükə yaratdığını bəyan edib. Bu təzyiqlərin fonunda Polşa hökuməti Belarus sərhədinə 40 min nəfərlik hərbi kontingent yerləşdirib.

Varşava bəyan edib ki, bu addım müdafiə xarakteri daşıyır və həm Rusiya, həm də Belarusdan gələn təhdidlərə qarşı qabaqlayıcı tədbirdir.

Sonuncu qərarla Polşa Belarusla bütün dəmiryolu əlaqələrini də kəsdi. Bununla, iki ölkə arasındakı həm yük, həm də sərnişin daşımaları tamamilə dayandırıldı.

Müşahidəçilərin fikrincə, bu gedişat Rusiya-Avropa münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcıdır. Ukraynada müharibənin davam etdiyi bir vaxtda NATO ilə Moskva arasında sərhəd insidentlərinin artması Avropada münaqişənin daha da genişlənməsi ehtimalını gündəmə gətirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR