Onlayn ictimai-siyasi qəzet
1945-ci ilin avqustunda ABŞ prezidenti Harri Truman Yaponiyaya nüvə hücumu əmrini verib. Bu qərarla ABŞ II dünya müharibəsinin sonlarında Sakit okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində Yaponiyanın kapitulyasiyasını sürətləndirmək istəyib. 1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan “Enola Gay” bombardman təyyarəsi “Balaca oğlan” adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atıb.
“Balaca oğlan” bombası 13–18 kiloton trotilə bərabər olub. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan “Gonbul”adlanan atom bombası Naqasaki şəhərinə atılıb. Nəticədə Hiroşimada həlak olanların sayı 90–166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olub.
Amma Naqasakiyə düşən bomba sayəsində Amerika hərbçisi leytenant Markus Makdildin həyatı xilas olub. Atom bombaları Yaponiyanın təslim olmaq qərarında həlledici faktor olsa da, ölkənin bir çox digər şəhərləri ABŞ qırıcıları tərəfindən bombalanıb. Avqustun 7-də bombardmançıları müşayiət edən leytenantın “P-51 Mustang” döyüş təyyarəsi yaponlar tərəfindən vurulub.
Qəzadan sağ çıxan amerikalı hərbçi dindirilmək üçün Osakadakı Yaponiya hərbi polisinin (Kempeytay) idarəsinə aparılıb. Yaponlar Hiroşimada istifadə edilən yeni silah haqqında hər şeyi öyrənməkdə xüsusilə maraqlı olublar.
Makdildin bildiyi hər şey hava bazası ətrafında dolaşan şayiələr olub və bunların heç birinin yaponlar üçün dəyəri olmayıb. Yaponlar öncə zabiti möhkəm döyüblər ki, bəlkə nə isə deyə. Amma ondan səs çıxmayıb.
Həmin gecə döyülən leytenant öz kamerasında yorğun halda uzananda Kempeytay zabiti içəri girib onun üzünə katana qoyub, kiçik bir kəsik edib və məhbusun sinəsinə qan damlayanda o, amerikalıya deyib: “Əgər danışmasan, boğazını kəsərəm”.
Heç bir seçimi olmadığını başa düşən Makdild xilas olmaq şansının yalnız eşitdiklərini danışmaqda görüb. O, tamamilə cəfəngiyyatı son dərəcə ciddiliklə danışıb. Xüsusilə o, Amerikanın yüz atom bombası olduğunu, atom parçalananda bir çox müsbət və mənfi hissəciklərə parçalandığını, daha sonra onların bir-birindən qurğuşun arakəsmə ilə ayrılmış metal qabda yığıldığını söyləyib. Bomba hədəfə atılan zaman arakəsmə əriyir, hissəciklər toqquşur və nəticədə nəhəng ildırım olur. Bombardman üçün növbəti hədəflər olaraq, Makdild adlarını bildiyi yeganə Yaponiya şəhərləri olan Tokio və Kyotonun adını çəkib.
Yapon hərbi polisi əllərində ciddi bir mütəxəssis olduğunu düşünüb və onu ölkənin fizikləri ilə danışa bilməsi üçün Tokioya aparıb. Təbii ki, alimlər amerikalı leytenantın ifadəsini eşidən kimi dərhal hansısa cəfəngiyyatlar danışan bir şəxsin qarşılarında əyləşdiklərini biliblər.
Fiziklərlə görüşdən sonra leytenant barədə yekun qərar verilib – edam edilsin. Amma onun Tokiodakı sorğu-sualından bir gün sonra amerikalılar Naqasakiyə atom bombası atıblar. Yaponlar sonra qərara gəliblər ki, məhbus nüvə fizikası haqqında heç nə başa düşməsə də, onun Amerika bombalarının sayı və potensial hədəflər haqqında məlumatı həqiqətən dəyərli ola bilər.
Hər halda, yalan onun həyatını xilas edib, çünki Osakada qalan digər 50 əsir amerikalı pilot yaponlar tərəfindən edam edilib. Leytenant bir neçə gün sonra Amerika dəniz piyadaları tərəfindən azad edilib. Yapon hərbçi Tsuyoşi Haseqava “Düşmənlə yarış” kitabında amerikalı hərbçinin ifadələri haqqında yazıb:
“Anami daha sonra amerikalı məhbus, leytenant Markus Makdildin dindirilməsi zamanı Amerikanın əldə etdiyi atom bombaları haqqında son xəbərləri paylaşıb. Dindirmə zamanı Makdild Tokionun növbəti atom bombası hədəfi olacağını açıqlayıb. Müharibə naziri həmçinin ABŞ-də hələ də yüzdən çox atom bombasının ola biləcəyini deyib. Anaminin bu məlumatı niyə açıqladığı məlum deyil. Məhz həmin səhər o, Yaponiyanın əlavə bombalarla hücuma məruz qalacağı ehtimalına əsaslanaraq gələcək hərəkətlərini əsaslandıra bilməyəcəklərini müdafiə edib. O, həmkarlarına deyib ki, düşmənin yüzdən çox atom bombası var və növbəti hədəf Tokio ola bilər. Buna baxmayaraq, o, müharibəni davam etdirməkdə israr edib”.
Qeyd edək ki, ABŞ hökuməti sentyabr və oktyabr aylarında daha üç atom bombasının Yaponiya atmağı nəzərdən keçirib. 10 avqust tarixində Manhetten layihəsinin hərbi direktoru Lesli Qrovsun ABŞ ordu qərargahıın rəhbəri Corc Marşalla göndərdiyi memorandumda “növbəti bombanın 17-18 avqustdan sonra tətbiq olunmağa hazır olacağını” bildirib.
Həmin gün “Marşall memorandimu” imzalanıb. Lakin memorandumda silahın Yaponoyaya qarşı ancaq prezidentin razılığı əsasında tətbiq olunacağı şərh edilib. Eyni zamanda ABŞ-nin Müdafiə Nazirliyi Daunfol əməliyyatının (müttəfiq qoşunlarının Yaponiyaya hücumu) başlanmasına qədər bombaların tətbiqinin təxirə salınmasını müzakirə edib. Lakin iki bombanın effekti və SSRİ-nin hücumu digər bombaların tətbiqini təxirə salıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ