Onlayn ictimai-siyasi qəzet
“Ukrayna Rusiya ilə danışıqlara getməyəcək. Rusiya lideri Vladimir Putin təkcə Ukraynanı deyil, digər postsovet ərazilərini də fəth etmək istəyir”.
“Yeni Müsavat” xəbər verir ki, bunu “Bild”ə müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Putinə görə, müharibə Ukraynanın bütün ərazisini fəth edənə, Avropada hökmranlığa nail olana, digər postsovet əraziləri fəth olunana qədər davam edəcək. O, yalnızca az şeylə kifayətlənmək naminə bunca reputasiyasını məhv edəcək böyük müharibəyə getməz. Bu cəfəngiyyatdır”, - deyə o bildirib.
Yəni ki, hədəf daha böyükdür və təkcə Ukrayna ilə bitmir.
Podolyak Ukraynaya silah tədarükünün davam etdirilməsinə çağırıb. Onun sözlərinə görə, problem tədarüklərin qeyri-bərabərliyindədir və o balanslaşdırılmalıdır. Bundan əlavə, Ukrayna rəsmisi ölkəsinin yüksək texnologiyalı silahlarla təchizini gücləndirməyə səsləyib və əlavə edib ki, Rusiya müharibənin bir ili ərzində ciddi irəliləyiş əldə etməyib. NATO-nun keçmiş baş katibi Corc Robertson isə deyib ki, “əgər Ukrayna uduzsa, Putin qalib gəlsə, bütövlükdə Qərb uduzacaq və Ukrayna üzərində qələbədən sonra Putin Moldova, Ermənistan və Qazaxıstanı təmizləyəcək, orada bufer zonası yaradacaq”.
Sadalananlar Putinin “SSRİ-2" layihəsinin ciddiliyini bir daha ortaya qoyur? Podolyak haqlımı, yoxsa şişirtməyə yol verir? Konkret olaraq, Azərbaycanın müstəqilliyi üçün real təhdid varmı?
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, müşavir Mixail Podolyakın açıqlaması Ukrayna dövlətinin maraqlarından irəli gəlir: “ Mixail Podolyakın fikirləri keçmiş sosialist düşərgəsini, Şərqi Avropa ölkələrini Rusiyaya qarşı hərbi-siyasi kampaniyada birləşdirmək cəhdidir və Rusiya ətrafında cəbhə xəttinin genişlənməsi maraqlarına söykənir. Bununla belə, indidən Mixail Podolyakın tam haqsız olduğunu da deyə bilmərik”.
Hərbi ekspert bildirib ki, Rusiya Çar Rusiyasının və SSRİ-nin varisidir: “Rusiya prezidentinin və siyasi rəhbərlikdə təmsil olunan şəxslərin dilindən keçmiş Çar Rusiyası ərazilərinin yenidən vahid bir ölkə ərazisində birləşdirilməsinin əhəmiyyətli olmasına dair fikirlərin şahidi olmuşuq. Vladimir Putin çıxışlarından birində deyib ki, SSRİ-nin dağılması qurulması qədər rus xalqının böyük faciəsidir. Çünki SSRİ dağılandan sonra birdən-birə 30 milyona yaxın rus öz ölkəsindən kənarda qaldı, xarici ölkə vətəndaşına çevrildi. "Rusiya danışılan planı gerçəkləşdirə biləcəkmi" sualına cavab vermək bir qədər çətindir. Ümumiyyətlə, "Rusiya bunu istəyirmi" sualı da mübahisəlidir. Mixail Podolyakın açıqlaması hazırkı məqamda keçmiş postsovet ölkələrinin Ukraynanın tərəfində dayanmasına xidmət edir".
Hərbi ekspert deyib ki, dünyada baş verən proseslər yeni hərbi-siyasi qütbün meydana çıxmasını diqtə edir: “Bu gün Qərbin Azərbaycana qarşı qeyri-əxlaqi addımlarını görürük. ABŞ-ın Avropadakı jandarması rolunu oynayan Fransanın ölkəmizə qarşı siyasi həyasızlığı göz qabağındadır. Bütün əxlaq normalarını ayaqlar altına alıb ölkəmizi təhdid edirlər. Azərbaycan Qərbin maraqlaırna xidmət edən ölkələrin və onun tərəfdaşlarının mövqelərinə tam olaraq inanmamalıdır. Ukraynanın bugünkü durumu Qərbin mövqeyini göstərir”.
Hərbi ekspert deyib ki, Rusiya Ukraynanın az bir hissəsi istisna olmaqla, digər bütün ərazilərini köhnə düşərgəyə qaytarmaqda israrlıdır: “Həmin ərazilər Rusiya ərazisinə qatılmasa da, nominal dövlət şəklində Rusiyanın kurasiyasında olacaq. O ərazilər həmişə Rusiya üçün bufer bölgə olub və bundan sonra da bufer bölgə olmaqda davam edəcək. Rusiya o ərazilərdə Qərbin nəzarətində olan, NATO üzvü bir dövlətin yaranmasına imkan verməyəcək. Baş verənləri SSRİ-2 adlandırmaq olmasa da, Avrasiya məkanında yeni hərbi-siyasi strukturun formalaşması kimi dəyərləndirmək mümkündür. SSRİ-nin yaradılması mümkün görünmür. Bu gün Rusiya kapitalist mövqeyindən çıxış etməklə köhnə düşərgədə öz mövqelərini möhkənləndirməkdə israrlı görünür”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ