İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənəvi borcumuz - şəhidlərimizi unutmaq deyil, yaşatmaqdır”

Məlum olduğu kimi, 27 sentyabr Azərbaycanda Anım Günüdür. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi Anım Günündə ehtiramla yad edilir. Prezident İlham Əliyev şəhidlərimizin xatirəsini daim uca tutur, onların ailələrinə və qazilərə xüsusi diqqət göstərir.

"Anım Günü bir millətin azadlıq və bütövlük uğrunda canını fəda etmiş qəhrəman övladlarının xatirəsinə ehtiram günüdür. Bu, uzun illər işğalda qalmış torpaqlarımızın azadlığı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası naminə şəhid olmuş igidlərimizin müqəddəs ruhuna ehtiram günüdür".

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Tənzilə Rüstəmxanlı deyib.

Millət vəkili qeyd edib ki, böyük Qələbəmiz uğrunda canından keçmiş oğullarımızın xatirəsini əziz tutmaq xalqımız üçün ən müqəddəs borcdur:

"Azərbaycan dövləti, başda möhtərəm Prezident İlham Əliyev olmaqla, şəhidlərimizə və onların ailələrinə hər zaman xüsusi qayğı göstərmişdir. Bu gün də onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atılır: küçələrə, məktəblərə şəhidlərimizin adlarının verilməsi bu istiqamətdə atılan mühüm nümunələrdir.

Şəhid ailələrinə diqqət və qayğı dövlətimizin əsas prioritetlərindən biridir. Mən millət vəkili olduğum bölgədə də bunu yaxından görürəm – şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərilir, onların problemləri dövlətin birbaşa nəzarətindədir. Dövlətimiz onlara həm maddi, həm də mənəvi dəstəyini əsirgəmir. Qazilərimizin sağlamlıqlarının bərpası, onların ehtiyac duyduqları protezlərin təmin olunması istiqamətində də geniş işlər görülür".

Tənzilə Rüstəmxanlı vurğulayıb ki, “YAŞAT” Fondunun bu sahədə fəaliyyəti xüsusi qeyd olunmalıdır:

"Xalqımız da şəhid ailələrinə və qazilərimizə böyük həssaslıqla yanaşır. Bu bizim mənəvi borcumuzdur. Şəhidlik ən uca zirvədir, ən böyük məqamdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gənc yaşlarında canından keçən qəhrəman övladlarımızın xatirəsini yaşatmaq, onları unutmamaq və unutdurmamaq hamımızın müqəddəs vəzifəsidir.

Şəhidlərin xatirəsi müqəddəsdir və heç bir maddiyyatla ölçülməz. Mən əminəm ki, xalqımız və dövlətimiz şəhid ailələrinə hər zaman hörmət və ehtiramla yanaşacaq. Bu, bizim milli borcumuz və gələcək nəsillərə ötürüləcək böyük örnəkdir”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR