Onlayn ictimai-siyasi qəzet
Sentyabr ayının birinci yarısı və ortalarında ölkənin əksər ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılar və onların nəticəsində yaranan sel-subasma, eləcə də fırtına-qasırğa halları kənd təsərrüfatına ciddi təsir edib.
Musavat.com Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, yağış, sel-subasma və fırtına halları ilə əlaqədar olaraq sığortalı əkin sahələri və təsərrüfatlardan Fonda müraciətlər daxil olmağa başlayıb.
Müraciətlər Ağcabədi, Ağdam, Balakən, Yevlax, Tərtər, Masallı, Ucar, Zərdab, Ağstafa rayonları üzrə qeydə alınıb. Ən çox müraciət pambıq sahələrinə dəyən zərərlərlə bağlıdır. Belə müraciətlər Ağcabədi, Ağdam, Yevlax və Zərdab rayonları üzrə qeydə alınıb.
Fonddan qeyd edilir ki, bundan başqa, qarğıdalı, şaftalı, naringi, nar, çəltik, alma və sair məhsullar üzrə də müraciətlər daxil olub. Ümumilikdə son 10 gün ərzində fonda 40-dan artıq müraciət daxil olub: “Bütün müraciətlər Aqrar Sığorta Fondunda baxılır, müstəqil aqrar sığorta ekspertlərinə yönəldilir və ekspertlər hadisə yerinə baxışa göndərilir. Hazırda ölkənin müxtəlif bölgələrində onlarla aqrar sığorta eksperti müraciətlər üzrə hadisələri araşdırırlar. Hadisələrin tənzimlənməsi başa çatdıqdan sonra araşdırmanın nəticələrindən asılı olaraq fermerlərə aqrar sığorta ödənişləri həyata keçiriləcəkdir”.
Aqrar Sığorta Fondu müşahid edilən qeyri-sabit hava şəraitin nəzərə alaraq sığortalı fermerləri öz təsərrüfatlarındakı vəziyyəti izləməyə və hadisə baş verdikdə fonda müraciət etməyə dəvət edir.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ