Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu qeyri-strateji nüvə silahlarından istifadənin tətbiq olunacağı təlimlər keçirəcək.
Musavat.com xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimlər yaxın vaxtlarda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı adından baş tutacaq.
Təlimlərə Cənub Hərbi Dairəsinin raket birləşmələri, aviasiya və dəniz qüvvələri cəlb olunacaq. Onların məqsədi qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlığı artırmaq, həmçinin döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı məsələlərin praktiki sınaqdan keçirilməsidir.
Nazirliyin məlumatına görə, təlimlər ayrı-ayrı Qərb rəsmilərinin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq, həmçinin Rusiya dövlətinin ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz təmin etmək məqsədilə keçirilir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumun ilk günlərində Rusiya nüvə qüvvələrinin döyüş növbətçiliyinin “xüsusi rejim”inə keçdiyini elan edib. 6 ay sonra işğal olunmuş əraziləri qorumaq üçün “bütün mümkün vasitələrdən” istifadə edəcəyi ilə hədələyib. 2023-cü ilin əvvəlində Putin Rusiyanın ABŞ-la Strateji Hücum Silahları Müqaviləsində iştirakını dayandırdığını, bir ay sonra isə Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirildiyini elan edib.
Putin nüvə təhdidlərinin son seriyasını 2024-cü ilin fevralında Federal Məclisə müraciətində səsləndirib. Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı sözlərini şərh edən Putin deyib ki, “mümkün müdaxiləçiləri” “faciəli nəticələr” gözləyəcək. Hadisələrin bu cür inkişafı “nüvə silahından istifadə ilə münaqişə və buna görə də sivilizasiyanın məhvi ilə təhdid edir” deyib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ