Onlayn ictimai-siyasi qəzet
Baxıram, tik-tokerlərin saxlanması xeyli adama ləzzət eləyib, “əcəb oldu”nun qomu vəzəri dəstəsindən ucuzdur.
Əslində onların pis sorağı hamı kimi mənə də çatırdı, sosial şəbəkədə paylaşımlar edirdilər, istər-istəməz qarşıma çıxırdı və mat qalırdım ki, yəni insan bu sözləri dilə gətirərkən ağsaqqal-qarasaqqaldan, ağbirçəklərdən, azyaşlılardan utanmazmı?
Amma ortada nə utanc hissi vardı, nə xəcalət çəkmək vərdişi, asan yolla pul qazanmaq hərisliyi gözləri tutmuşdu, gündən-günə daha da abırsızlaşırdılar, durduran olmasa, vallahi, canlı efirdə ta nə bilim, neynəyəcəkdilər.
Necə ki xarici ölkələrin tik-tokerləri edirlər və sosial şəbəkələr 10-15 paylaşımdan 5 videçarxdan ibarət çələngi istifadəçilərin qarşısına çıxarır. Baxmalısan, türkün sözü, qıvırmağın xeyri yoxdur.
İntəhası, belə hərəkətlərin cəzası həbs ola bilməz. Həbs zırıltı şeydir. Mütəxəssislər deyir ki, cinayət işlərinə dair məcəllədə bu cür hərəkətlərin maddəsi yoxdur. Şəriət rejimində yaşamadığımız üçün çox “əxlaqsızlıq”-filan deməklə də olmur. Hərçənd hərəsinə xırda xuliqanlıq kimi yüngülvari maddələr yapışdırmaq olar.
Bu seçim məsələsidir. O tiktokerlər heç kim yalvarmayıblar ki, kimsə onların səhifəsinə girsin, onların çıxardığı pəstəhanı izləsin.
Belə götürək, tutaq ki, adam öz evində lüt gəzir və səhər yuxudan durandan axşam yatana qədər pəsdən-pəsdən pis-pis söyüşlər söyür, buna görə onu məsuliyyətə cəlb etmək olarmı? Olmaz. Çünki heç kimə mane olmur. Ancaq üzbəüz binadan kimsə binokl alıb onu izləyirsə, pərdəsiz pəncərədən adamın çılpaq olduğunu görürsə, onu “əxlaqsız” adlandıra bilməz, bu, artıq, evində lüt gəzənin yox, ona tamaşa edənin problemidir. Adama deyərlər, nə bax, nə də qına.
Bu qismən telekanallara da aiddir. Əgər hansısa telekanalda eyzən səviyyəsiz, düşük, əttökən, zərərli verilişlər verilirsə, əlimizdəki qara pultla o kanaldan atlana, hətta telekanalı birdəfəlik yaddaşdan silə bilərik.
İndi də sovet vaxtı deyil ki, cəmi bir telekanal olsun, axşamlar bekarçılıqdan məcbur olaraq bütün verilişlərə baxaq – “Heyvandarlıq zərbəçi cəbhədir”dən tutmuş “Yumoistik novellalar”a, “Təbiəti sevənlər”dən “Komediyalar aləminə səyahət”ə qədər.
Hazırda adam istəsə 500-dən artıq TV-yə baxa bilər. Zatən, hamı uzağı 10 telekanalı izləyir, axtarır, birində saxlayır, xoşuna gələn verilişə baxır. Çox adam isə heç televizora baxmır, ya noutbukda ya da telefonda nəyəsə tamaşa edir.
Tik-tokerlərin auditoriyasının genişliyi göstərir ki, onlara baxanlar çox imiş. Bu da o anlama gəlir ki, adamların yol verdiyi tərbiyəsizliklər, dilə gətirdikləri qəbih-qəbih ifadələr öz abonentləri üçün məqbuldur.
Yəni tik-tokerlərin auditoriyası da özlərinə uyğunmuş. Ya da özlərini izləyicilərinin səviyyəsinə salırmış və ya qaldırırmışlar.
Fəqət cəmiyyəti içindən dağıdan pis şeylərin təbliğ edilməsinə, genişlənməsinə heç vəchlə yol vermək olmaz. İllər öncə böyük qəbahət sayılan hərəkətlər vardı, onu edənlərin kişi qohumları başlarına papaq qoyub mərəkə içinə çıxa bilməzdilər, indi elə şey yoxdur, hamı hər yerə çıxır, heç kim də heç kimdən utanmır. Ağız büzənin ağzını cırarlar, söz soxanın yumşaq ətinə kəsici-deşici alət soxarlar, polisə verib süründürərlər, üstünə adam göndərib palaz kimi çırpdırarlar və s.
Artıq pul qazanmağın birinci və axırıncı yolu yoxdur. Asan yolla çox pul qazana bilərlərsə, hər yolu məqbul sayan adamlar var. Videokamera qarşısında dayanaraq, dombalaq aşaraq, ora-burasını çırmalayaraq, ağzına gələni danışaraq pul qazanmaq mümkündürsə, adam gedib daş karxanasında “KamAZ”-a mişar daşı yükləməyəcək, yaxud da kiməsə “qalsam, səninəm, ölsəm – qara torpağın” sözü verməyəcək. Göz görmür, üz utanmır, hər cür meymunluq edəcək və pulunu qazanacaq, sonra da gedib lüks restoranda oturub kefinə baxacaq və ona ikrahla yanaşanları adam cinsindən saymayacaq.
Təcrübə göstərir ki, insanlar içlərindəki murdarlıqları büruzə vermək üçün uyğun platforma tapanda və bundan mənfəət əldə edəndə onların qarşısını almaq asan olmur. Bundan ötrü ya gərək platformanı dağıdasan, ya da gərək adamları bir üsulla başa salasan. Bıçaqla adam öldürürlər deyə, heç kəs bıçaq istehsalını dayandırmağı tələb etmir. Çünki o hacətin həyatda, məişətdə yüz cür kara gəldiyi var.
İnternet məkanı, sosial şəbəkələr də elədir, yüz cür faydalı cəhətləri var.
Ona görə də, söz yox ki, Tik-toku yasaqlamayacaqlar, elə srağagün tutulanları da tezliklə buraxacaqlar, amma onlar yüz faiz tənbeh edəcəklər ki, elə şey eləməsinlər, xalxın anası-bayıssı var. Belə adamlarla ən effektiv mübarizə üsulu onları iqnor etməkdir, onlara məhəl qoymamaqdır. Bunu edə bilmiriksə, demək, problem həm də bizdədir.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ