Onlayn ictimai-siyasi qəzet
Ölkəmizin ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cürə barışa bilməyən dairələrin iyrənc kampaniyaları iflasa məhkumdur
Ötən həftəsonu Avropa Parlamenti hakimiyyətin vətəndaş cəmiyyətinə və KİV-ə qarşı repressiyalarını pisləyən qətnamə qəbul edib. Sənədin preambulasında deyilir ki, “2023-cü ildən Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, siyasi müxalifətə, hüquq müdafiəçilərinə, LGBTİ+ icmasına sistemli repressiyalarla məşğuldur”.
Ötən il Avropa Şurası Parlament Assambleyasının LGBT nümayəndələrinin hüquqları üzrə məruzəçisi, belçikalı deputat Kristof Lakroix “Azərbaycanda bu kateqoriyadan olan şəxslərə təzyiq halları ilə bağlı xəbərlərdən narahatlığını bildirib”.
“Azərbaycanda LGBT şəxslərin və onların hüquqlarını müdafiə edən fəalların növbəti dəfə polis əməkdaşlarının hədəfinə çevrilməsi ilə bağlı yeni xəbərlər məni dərindən narahat edir”, - Lakroix bildirib.
Proseslər onu göstərir ki, zaman-zaman Azərbaycana qarşı bu kampaniya mütəşəkkil şəkildə təşkil edilir. Azərbaycana qərəzli münasibəti şübhə doğurmayan Avropa Parlamentinin bir sıra deputatları da cəmiyyətimizə yad məsələlərin, habelə LGBT hüquqlarının təşviq edilməsini tələb edib. Avropa Parlamenti bir müddət əvvəl Aİ-ni “LGBT-nin azad zonası” elan edib. Hələ 2020-ci il martın 11-də Avropa Parlamenti cinsi azlıqların nümayəndələrinin hüquqlarının son vaxtlar getdikcə daha çox diskriminasiyaya məruz qaldığı ölkələrin siyahısını hazırlamışdı.
LGBT mövzusuna+(plyus)qoyaraq şişirdilməsi, bu proseslərin məqsədyönlü şəkildə təşkil edilməsi aydın sezilir. Azərbaycandakı ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cürə barışa bilməyən dairələrin LGBT kampaniyası əvvəlkilər kimi iflasa məhkumdur.
Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında sərt danışmaqla yanaşı, həm də Azərbaycan hökumətinə bir çağırış da etdi: “Avropa parlamenti təkcə LGBT-ni yox, o hərbi cinayətkarlar, separatçılar sayılan 23 nəfər ermənini də müzakirə edib. Bütün bu canfəşanlıqla verilmiş qərar bizə qəbul etdirilə bilməz. Bu, ilk növbədə milli dəyərlərimizə toxunan bir məsələdir. Amerikanın yeni seçilmiş prezidenti çağırış edib ki, bizim bütün leksikonumuzdan LGBT çıxmalıdır. Qadın qadındır, kişi də kişi. Amerika kimi dövlətlərdə bu durum çox bərbad vəziyyətdədir. Yaxşı ki, ərəblər oralara qaçqın kimi getdilər. Onların hesabına bu məsələdə ayaqda dayana bildilər. Bu, gülməli deyil, faciəli durumdur. Amma Avropa Parlamentinin heç vecinə deyil”.
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, LGBT bütün cəmiyyətlərə, insanlığa, ölkələrə və xalqlara təhlükə yaradan bir bəladır: “Əvvəla, onu deyim ki, liberalizm kommunizm kimi avtoritar, totalitar bir ideologiyadır. Siz, məsələn, onların qoyduqları qanunlara zidd bir söz dediyinizdə, ona qarşı getdiyinizdə, görün sizi neynirlər? Sizə senzura tətbiq edirlər və cəmiyyətə qarşı çıxarırlar. Məsələn, xalqın söz haqqını inkar edirlər, cəmiyyətə qarşı çıxırlar. Üzr istəmədin, sən bitdin. Fərq etmir sən kimsən, nə qədər məşhursan. Bunlara heç nəyin dəxli yoxdur. Bir sözlə, dəyərlər nədir bilmirlər, anlamaq istəmirlər. LGTB-yə qarşı bir söz de, nəticəsini gör. LGBT-yə qarşı bir söz deyəndə imtina etməyə məcbur qalırlar. Biz bunu görürük. Avropada bəzi futbolçular, məsələn, müsəlman futbolçular, həmin bayrağı geyinməkdən imtina edirlər. Gördünüzmü, o futbolçular necə təzyiqlərə məruz qalırlar. Məsələn, bu yaxınlarda Qətərdə bu cür bir hadisə baş vermişdi. Futbolçu onların məlum rəngli bayraq rəngində olan köynəyini geyməkdən imtina etdi. Verilən məlumata görə, bütün futbol komandası da komanda yoldaşına dəstək vermiş, həmfikir olmuşdu. Həmçinin bir Avropa ölkəsində, müsəlman ölkəsindən olan bir futbolçu həmin bayrağı geyinməkdən imtina etmişdi. İblis həmişə çalışır ki, pislikləri gözəl adlarla, gözəl xətlərlə, gözəl rənglərlə, belə deyək, bəzəsin. Fikir verin, mavi rəng bunların əsas rəngidir, çox gözəl bir rəngdir. Amma "mavi" deyəndə həm də kim yada düşür, LGTB. Və yaxud da rəngləri götürüblər, o göyqurşağının rəngini alıblar, bir çox bütün rəngləri. Əvvəl təkcə mavi rəng idi, indi isə bütün rənglərə sahibləniblər. Avropanın hazırda LGBT-nin təsiri altında olduğunu, liberalizm ideologiyasının LGBT-nin təsiri altında qaldığını göstərmək istəyirlər. Avropa artıq LGTB-nin tam əsarəti altındadır. Liberalizm ideologiyasının LGTB yanaşması önə çıxıb. Tramp bu barədə fikirlərini bildirib. Onun bəzi fikirləri çox sərtdir. Ümid edək ki, dediyi kimi də olacaq. LGBT uzun müddətdir ki, Avropada hakim mövqedədir. Və totalitar bir ideologiya kimi, avtoritar bir yanaşma ilə LGBT cəmiyyətini də təzyiq altında saxlayır. Bu ideologiyanı qəbul etmək istəyən ölkələrə dərs olmalıdır ki, onların demək olar ki, dünyanın hər yerində adamları və nümayəndələri var. Onlardan, belə deyək, alət kimi istifadə olunur həmin ölkələrə, o ölkələrin hakimiyyətlərinə, ümumiyyətlə, cəmiyyətlərinə qarşı. Çünki LGBT təkcə bir hakimiyyət üçün təhlükə yaradan bəla deyil, bu, bütün cəmiyyətlərə, insanlığa, ölkələrə və xalqlara təhlükə yaradan bir bəladır".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, bir çox ölkələrdə LGBT-yə qarşı aqressiyanın, şiddətin və qadağaların tətbiq olunmasına baxmayaraq ölkədə yaşayan cinsi azlıqlar özlərini rahat və təhlükəsiz hiss edirlər. Halbuki mühafizəkar və dini inancların olduğu cəmiyyətimizdə belə hallar qadağa olunmalıdır: “Qonşu Gürcüstanda LGBT-nin fəaliyyəti, təbliğatı və reklamı qanunla qadağan olunub. Hətta ABŞ kimi demokratiyanın beşiyi sayılan ölkənin yeni seçilmiş prezidenti cinsi azlıqlara qarşı sərt mövqedədir və onların Amerika cəmiyyətində yerinin olmadığını bəyan edib. O, çıxışında bildirib ki, ABŞ-da qadın və kişi cinsi var. Azərbaycanda da analoji olaraq LGBT-nin fəaliyyətinin, təbliğinin və reklamının qadağan olunması barədə qanun qəbul etməli, ailə və milli dəyərləri sarsıdan bu bəladan cəmiyyətin mühafizəsi üçün ciddi addımlar atılmalıdır. Qərbin necə reaksiya verəcəyinə məhəl qoyulmadan bu işi tezliklə reallaşdırmaqda fayda götürərəm. Qərb çalışır ki dövlətin dayaqlarına ciddi təhdid yaradan halların geniş əl qol açmasına nail olsun. Buna isə qətiyyən yol vermək olmaz. LGBT icmasının Azərbaycanda diskriminasiyasından narahat olan Avroparlament Ermənistanda cinsi azlıqların, cinsi orientasiyasını dəyişənlərin qəddar şəkildə qətlə yetirilməsindən məlumatsız deyildir. Eləcə də Gürcüstanda belə halların mütəmadi baş verdiyinin üzərindən sükutla keçir. Ancaq Azərbaycanda belə şəxslərin özlərini sərbəst hiss etmələrinə Avropa Parlamenti tərəfindən nədənsə tərsinə izahı verilir və fantaziyalar uydururlar. Bir da vurğulamaq istərdim ki, Azərbaycan LGBT-yə qarşı çox ciddi və sərt addımlar atmalı, həmçinin bu xəstəliyin müalicəsi üçün məcburi reabilitasiya mərkəzləri yaratmalıdır. Azərbaycan cəmiyyətində qeyri-sağlam mühitin yaradılmasına səy edənlərin də, bunu dəstəkləyənlərin də qarşısı qətiyyətlə alınmalıdır”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ