Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda elektron formada hıyata keçirilən dövlət satınalmalarının həcmi 3 milyard 511,2 milyon manat təşkil edib.
Musavat.com-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata əsasən bu, ötən ilin müvafiq dövrü (1 milyard 267,3 milyon manat) ilə müqayisədə 3 dəfəyədək artım deməkdir.
Cari il ərzində elektron satınalmalarda qənaət edilən dövlət vəsaitlərinin məbləği 559,7 milyon manat təşkil edib. Ötən müddət ərzində dövlət satınalmalarında nəzarət tədbirlərinin gücləndirilməsi, əlçatanlığın təmin edilməsi və bürokratik əngəllərin aradan qaldırılması ilə bazar subyektlərinin iştirak səviyyəsinin yüksəlməsinə nail olunub.
Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında dövlət satınalmalarında yekunlaşmış müsabiqələr üzrə orta iştirakçı sayı 6,5 təşkil edib.
Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar Dövlət Xidmətinə daxil olan 1270 müraciətə baxılıb. Hesabat dövründə keçirilmiş müsabiqələrin nəticələri barədə 13 477 yekun protokol təhlil olunub. Nəticədə, müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1790 yekun protokol (13,3 faiz) Dövlət Xidməti tərəfindən ləğv edilib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ