Onlayn ictimai-siyasi qəzet
44 aydır davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən rus qazından imtina edənlərin sayı getdikcə artır. İndi də Avropa İttifaqı ölkələri 2027-ci ilin sonuna qədər şimal qonşumuzun bu yanacaq növündən tam imtina etməyi qərara alıblar.
Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Lüksemburqda Aİ Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" ilə bağlı iclasında qərar verilib.
Avropa rus qazından birdəfəlik imtina edərmi? Bu hal baş verərsə, Rusiyanı nələr gözləyir?
İqtisadçı-ekspert Günay Hüseynova Musavat.com-a bildirib ki, Rusiya Avropanı 40% qaz və 25% neftlə təmin edirdi:
“Mövcud vəziyyətdə geosiyasi balansın pozulması və hər an baş verə biləcək iqtisadi təhlükə Avropa İttifaqı ölkələrini tamamilə ticari tərəfdaşlıqdan imtinaya sövq edir. Bu qərar təbii ki, qısa müddət olsa da, Avropada enerji qiymətlərinin yüksəlməsinə və buna bağlı olaraq da inflyasiyanın sürətinin artmasına səbəb olacaq. Uzun müddət üçün proqnozlaşdırsaq, düşünürəm ki, alternativ ticari tərəfdaşlıq olacaq. Əslində Rusiya bazarından uzaqlaşma ölkəmiz üçün iqtisadi səmərə təşkil edir. Hasilatın artırılması, digər Avropa ölkələri ilə əməkdaşlıq və s. baxımından iqtisadi maraq təşkil edir. Mövzunu Rusiya iqtisadiyyatı baxımından müzakirə etsək, Rusiya iqtisadiyyatının əsas gəlir mənbələrindən biri də enerji sektorudur. Dövlət büdcəsinin təqribən 42-45%-i enerji gəlirləridir. Avropanın tamamilə geri çəkilməsi qısa müddətdə ölkənin valyuta stabilliyinin pozulmasına səbəb olacaq. Uzun müddətli tənzimləmə və iqtisadi dayanıqlılıq üçün düşünürəm ki, Rusiya digər bazarlara yönələcək. Həmin ölkələrdə tranzit çatdırılma və ya təchizat işləri üçün də külli miqdarda vəsait tələb olunur.
Məsələn, ümumi konseptdən baxsaq demək olmaz ki, Rusiya iqtisadiyyatını çətin günlər gözləyir. Məlumdur ki, ölkə siyasi münaqişə zəminindədir, lakin inflyasiya bir o qədər də sürətli deyil, iqtisadiyyatı çökməyib, istehsal gücü zəifləməyib”.
Cavanşir ABBASLI
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ