İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sistem yoxdur, həkimlər məcbur qalıb reklam edir!" – Həkimdən deputatın təklifinə SƏRT REAKSİYA

"Son günlər bir qrup insan, o cümlədən bəzi deputatlar və jurnalistlər həkimlərə qarşı sanki hücuma keçiblər. Onsuz da ölkədə ciddi həkim çatışmazlığı var, xüsusilə bölgələrdə tibbi kadrların kifayət qədər olmaması böyük problemdir. Belə bir vəziyyətdə həkimləri yersiz tənqid etmək, onları incitmək və işdən uzaqlaşdırmağa çalışmaq səhiyyəyə heç bir fayda verməyəcək".

Musavat.com xəbər verir ki, bu sözləri tanınmış radioloq, həkim Aydın Əliyev deputat Musa Quliyevin həkimlərin reklamının qadağan olunması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

Həkim sosial şəbəkədə etdiyi paylaşımında bildirib:

"Əlbəttə ki, haqlı iradları nəzərdə tutmuram. Mən özüm də səhiyyədə mövcud problemləri tənqid etmişəm, çünki tənqid olmasa, inkişaf da olmaz. Ancaq hər fürsətdə həkimlərə qarşı kampaniya aparılması yaxşı nəticə verməyəcək. Əgər həkimin səhlənkarlığı varsa, bu, müvafiq qurumlar tərəfindən araşdırılmalı və qanun çərçivəsində tədbirlər görülməlidir. Buna heç kim etiraz etmir. Lakin indi edilənlər haqlı tənqid deyil, həkimləri sistemsizliyin günahkarı kimi göstərmək cəhdidir."

Aydın Əliyev vurğulayıb ki, tibbi kadr çatışmazlığı hər keçən gün daha da böyüyür:

"Bu gün gənclərin seçimlərinə baxsaq, görərik ki, tibb tələbələri burada qalıb işləmək əvəzinə, digər ölkələrə getməyə üstünlük verirlər. Onları qınamaq olar? Burada hansı şərait var ki, həkimlər qalıb işləsin?
Gəlin, problemin kökünə baxaq. Hər şeyi qadağan etməklə həll etmək olmaz. Mən də şit reklamların əleyhinəyəm, amma bu niyə baş verir? İnkişaf etmiş ölkələrdə pasiyent konkret bir həkimin deyil, səhiyyə sisteminin pasiyentidir. Bizdə isə sistem olmadığı üçün pasiyent həkimin pasiyenti sayılır. Ona görə də həkimlər məcburdurlar ki, öz işlərini qurmaq üçün telefon, sosial şəbəkələr və bəzən televiziya vasitəsilə özlərini tanıtsınlar. Əgər televiziyada reklamı qadağan edirsinizsə, sosial şəbəkələrdə də eyni addımı atırsınızsa, bəs həkimlər nə etməlidir?"

Aydın Əliyev səhiyyə işçilərinin maaş problemlərinə də toxunub:

"İnkişaf etmiş ölkələrdə həkimlərin müəyyən sosial təminatları var. Bizdə isə bir həkimə 1000 manat maaş verilir, üç aydan bir 300-500 manat bonus ayrılır. Sonra misal gətirirlər ki, filan klinikada həkim 10-20 min manat bonus alır. Bəs bu neçə nəfərdir? 1, 2, 5, 10 nəfər? Bu ölkənin səhiyyə yükü onların çiyinlərində deyil. Əsas yük 1000-1200 manat maaş alan və cüzi bonuslarla dolanan həkimlərin üzərindədir".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR