İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkət oğurlanmış maşını geri ala bilmir – prezident köməkçisinə müraciət  

 

Bakıda fəaliyyət göstərən “Fitstar Herbal Products” MMC aylardır ki, “Mersedes Bens” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobili keçmiş əməkdaşından geri ala bilmir.

Bu haqda Musavat.com-a məlumat verən MMC-nin  direktoru Firdovsi Bəhram oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi - şöbə müdiri,  1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərovun qəbulunda olub. Bundan əvvəl isə başına gələnlərlə bağlı Fuad Ələsgərova məktub yazıb. Həmin məktubunda Firdovsi Vəliyev başına gələnləri bu cür qeyd edib:

“Sizin yüksək diqqətinizə çatdırıram ki, direktoru olduğum şirkətin balansında olan nəqliyyat vasitəsi Goranboy rayon sakini Xəyyam Nəriman oğlu Rəhimov tərəfindən ələ keçirilib – faktiki olaraq oğurlanıb.  Xəyyam Rəhimov şirkətə məxsus avtomobili saxta dövlət nömrə nişanı – “Az 20 EU 594” nömrə bağlamaqla idarə edir. Sonuncu dəfə avtomobili Gəncə DYP əməkdaşları Xəyyam Rəhimov tərəfindən bu nömrə nişanı ilə idarə olunarkən saxlayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Hüseynalı Məhərrəmov avtomobilə hal şahidlərinin müstəqil ekspertin iştirakı ilə baxış keçirdi. Baxış zamanı müəyyən olundu ki, Xəyyam Rəhimov şirkətə məxsus “Mersedes Bens” markalı, “Az 77 AE 649” dövlət nömrə nişanlı avtomobilə saxta dövlət nömrə nişanı – “Az 20 EU 594” nömrə bağlamaqla idarə edir. Cinayətə bərabər saxtakarlıq aşkar olunması ilkin baxış protokolunda qeyd olundu. Saxtakarlıq üzə çıxandan sonra təhqiqatçı Hüseynalı Məhərrəmov məhkəmə ekspertizasi təyin etdi. Hüseynalı Məhərrəmov bildirdi ki, iştirakımla ekspert avtomobilə baxış keçirəcək.

Amma təhqiqatçı ekspertin avtomobilə baxışı zamanı mənim iştirakımı təmin etmədi. Baxmayaraq ki, bunu ondan dönə-dönə xahiş edirdim.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin  eksperti Ayaz mənim iştirakım olmadan avtomobilə baxış keçirib və saxta rəy verdi. Mən əminlikdə deyirəm ki, bu rəy saxtalaşdırılıb. Təhqiqatçı ilə ekspert əlbir olaraq rəyi saxtalaşdırıblar. Ona görə də, Sizdən xahiş edirəm ki, hər iki vəzifəli şəxsin barəsində qanuni tədbir görülməsi üçün müvafiq göstəriş verməklə şirkətimizə məxsus  “Mersedes Bens” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılmasını təmin edəsiniz.

 Onu da Sizin yüksək diqqətinizə çatdırıram ki, Xəyyam Rəhimov saxtakarlığı ifşa olunandan sonra yalandan deyir ki, guya şirkətə məxsus olan avtomobili geri qaytarıb. Faktiki isə hazırda saxta nömrə nişanı ilə şirkətə məxsus maşını idarə etməkdədir”.

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR