Onlayn ictimai-siyasi qəzet
Toronto Universitetinin “Unity Health” tədqiqatçılarının apardığı yeni araşdırmaya görə, siqareti tərgidən insanlarda cəmi bir neçə ildən sonra uzunömürlülük müşahidə olunur.
“NEJM Evidence” jurnalında dərc edilən materiala əsasən, 40 yaşından əvvəl siqareti tərgitmiş insanlar, demək olar ki, heç istifadə etməyənlər qədər yaşaya bilərlər. İstənilən yaşda olan insanlar isə siqareti atdıqdan 10 il sonra tam sağlamlıq səviyyəsinə qayıda bilirlər və bu faydanın təxminən yarısı cəmi üç il ərzində baş verir.
“T's Dalla Lana” ictimai sağlamlıq məktəbi və Temerty tibb fakültəsinin icraçı direktoru Prabhat Ca siqareti tərgitməyin ölüm riskini azaltmaqda təsirli olduğunu və insanların bunu qısa müddətdə əldə edə biləcəyini qeyd edib.
Tədqiqat ABŞ, Böyük Britaniya, Kanada və Norveçdə 1,5 milyon yetkin insan üzərində aparılıb və 15 il ərzində izlənilib. 40-79 yaş arası siqaret çəkənlərin heç istifadə etməyənlərlə müqayisədə ölüm riski, demək olar ki, 3 dəfə artıq olub, bu da orta hesabla 12-13 il ömür deməkdir.
“Bir çox insanlar, xüsusən də orta yaşda siqareti atmağın çox gec olduğunu düşünür. Lakin nəticələr bu fikrə tamamilə ziddir. Heç vaxt gec deyil, təsir hər yaşda effektlidir və siz daha uzun və keyfiyyətli həyat üçün mübarizə apara bilərsiniz”, – deyə Prabhat Ca bildirib.
Tədqiqatçılar siqareti tərgitməyin damar xəstəlikləri və xüsusilə xərçəngdən ölüm riskini azaltdığını aşkar ediblər. Keçmiş siqaret çəkənlərdə isə tənəffüs xəstəliklərinin azaldığını müşahidə ediblər. Hazırda tədqiqatda iştirak edən dörd ölkədə 60 milyona yaxın, dünya üzrə isə bir milyarddan çox siqaret çəkən insan var. 1990-cı ildən indiyədək dünyada siqaret çəkmə nisbəti 25 faizdən çox azalıb, lakin tütün hələ də qarşısı alına bilən ölümün aparıcı səbəbidir.
Professor bildirib ki, bu nəticələr hökumətlərin siqareti atmaq istəyən insanları dəstəkləmək səylərinə təcili olaraq əlavə edilməlidir. Siqaret çəkənlər səhiyyə sistemi ilə hər hansı bir şəkildə əlaqə qurarsa, həkimlər və səhiyyə işçiləri siqareti buraxmağın nə qədər əhəmiyyətli olduğunu bildirərək onları siqareti buraxmağa təşviq edə bilərlər.\\lent.az
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ