Onlayn ictimai-siyasi qəzet
Bu il amerikalı enerji nəhəngi Exxon Mobil Rusiyanın “Rosneft” şirkəti ilə gizli danışıqlar aparıb. Mövzu – Ukraynadakı münaqişənin mümkün sülh yolu ilə həlli fonunda “Saxalin-1” layihəsində əməkdaşlığın bərpası olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Məlumata görə, təmaslar 2025-ci ilin yanvarında Donald Trampın inauqurasiyasından sonra intensivləşib. Exxon-un vitse-prezidenti Nil Çepmen şəxsən “Rosneft” rəhbəri İqor Seçinlə Dohada görüşüb.
Görüşlərdə məxfilik o qədər yüksək olub ki, Exxon daxilində yalnız məhdud sayda şəxslər bundan xəbərdar olub.
Şirkətin rəhbəri Darren Vuds isə məsələni ABŞ prezidenti Tramp ilə Ağ Evdə müzakirə edib. Exxon, 2022-ci ildə Rusiyadan çıxarkən çəkdiyi milyardlarla dollarlıq itkiləri kompensasiya etməyə çalışır. Həmin vaxt Rusiyanın birtərəfli qərarı ilə Exxon-un törəmə şirkəti Exxon Neftegaz Limited layihədəki 30%-lik payını itirmişdi.
Putin və Trampın Alyaskadakı sammiti ərəfəsində isə Rusiya prezidenti xüsusi fərman imzalayıb. Sənədə görə, xarici investorlar sanksiyaların ləğvi üçün addımlar atarlarsa, avadanlıq tədarükünə dair kontraktlar bağlayarlarsa və layihənin hesablarına maliyyə köçürsələr, “Saxalin-1”də öz paylarını bərpa edə bilərlər.
“Saxalin-1” layihəsi – Rusiyanın şimal-şərqində Saxalin adasının şelfində həyata keçirilən iri neft-qaz layihəsidir. 1995-ci ildə işə salınıb, Çayvo, Odoptu-dəniz və Arkutun-Dagi yataqlarını əhatə edir, neft-qaz hasilatı, emalı və Kozymino limanı vasitəsilə ixracını təmin edir. Layihənin ilkin iştirakçıları “Rosneft”, Exxon Mobil (30%), eləcə də yapon və hindistanlı şirkətlər olub. 2022-ci ildə müharibəyə görə Exxon layihədən çıxarıldı, Rusiya isə şirkətin payını müsadirə edib.
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ