Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan türk dünyasının birliyinin daha da güclənməsinın tərəfdarıdır və bu istiqamətdə səylərini davam etdirir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı müstəvisində fəal addımlar atılır. Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata müşahidəçi üzv seçilməsində dövlətimizin xüsusi rolu var”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib:
Deputat bildirib ki, Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycanın Şimali Kiprə dəstəyini bir daha bəyan edib:"Dövlətimizin başçısı Antalya Diplomatiya Forumu çərçivəsində ŞKTC-nin Prezidenti Ersin Tatarla da görüşüb. Cənab Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə edib".
Millət vəkilinin sözlərinə görə, son illər qarşılıqlı əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edir: "2023-cü ilin oktyabrında ölkəmizdə Şimali Kiprin Mədəniyyət Günləri keçirilib. Bu tədbirdə iştirak etmək üçün ŞKTC-nin Prezidenti Ersin Tatar ölkəmizdə səfərdə olub. O, səfər zamanı cənab Prezident İlham Əliyevlə görüşüb, “ŞKTC Mədəniyyət və Tanıtım Günləri” tədbirinin açılışına qatılıb, ADA Universitetində keçirilən konfransda çıxış edib, eləcə də kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirib. Bundan əlavə, ŞKTC-nin lideri Heydər Əliyev Mərkəzini, Hərbi Qənimətlər Parkını da ziyarət edib.
TDT-nin Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə Şimali Kipr Türk Cümhuriyyəti təşkilata müşahidəçi statusunda üzv qəbul edilib. Bundan əvvəl isə ŞKTC İqtisadi Əməkdaşlıq Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi statutusunda üzvü seçilmişdi. Bu faktlar onu göstərir ki, Şimali Kipr dünyaya inteqrasiya edir".
Fatma Yıldırım qeyd edib ki, ötən ilin iyul ayında Şuşada TDT-nin qeyri-rəsmi zirvə görüşündə Ersin Tatarın iştirak etməsi də Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi güclü dəstəyin göstəricisidir: “Ümumiyyətlə, Azərbaycanla ŞKTC arasında müxtəlif sahələr üzrə əlaqələr mövcuddur. İqtisadi-ticarət, xüsusilə humanitar-mədəni əlaqələr inkişaf etməkdədir. Ötən dövrdə ŞKTC təhsil sahəsində böyük nailiyyətlər qazanıb. Şimali Kipr müstəqil dövlət kimi beynəlxalq müstəvidə tanınmasa da, Cümhuriyyətdə fəaliyyət göstərən bir sıra universitetlər dünyaca məşhurdur və diplomları bütün ölkələrdə tanınır. Həmin ali məktəblərdə müxtəlif ölkələri təmsil edən çoxsayda gənclər, o cümlədən azərbaycanlı tələbələr təhsil alırlar. Bu təhsil müəssisələrindən Doğu Akdeniz Universitetinin, Uluslararası Kıbrıs Universitetinin, Girne Amerikan Universitetinin, Yakın Doğu Universitetinin, Lefke Avrupa Universitetinin adlarını çəkmək olar. Bütövlükdə, Azərbaycanın Şimali Kiprə dəstəyi bundan sonra da davam edəcək. Beynəlxalq ictimaiyyət obyektiv olmalı və Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət kimi tanımalıdır. Azərbaycan isə hər zaman Şimali Kipr xalqının yanındadır”,-deyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü vurğulayıb.
Afaq Mirayiq,
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ