Onlayn ictimai-siyasi qəzet
Deyilənlərə görə, məşhur hind filosofu Oşo dərs dediyi universitetin qarşısındakı ağaca hər səhər salam verib nəvaziş göstərirmiş. Ağac da gündən günə daha da qol-budaq açıb yaşıllaşırmış. Filosof universitetdən çıxandan sonra təbii ki artıq ağacla təmasda olmur. Oşonun yoxluğundan sonra o günü-gündən solur və sonda tamamilə quruyur.
Sevgini insanlar demək olar ki, yaranan gündən hiss etməyə başlayıblar. Hələ qədim dövrlərdən qadınların körpələrinə bağlılığı, həm də ov edərkən iri heyvanların balaca heyvanları qoruyub yemləməsi sevginin varlığından xəbər verirdi.
Sonradan daha geniş və müxtəlif izahlar eşitməyə başladıq. Kənddə yaşayan bir qadından ərinin onu sevib-sevməməsi soruşulur. Qadın isə cavabında deyir: “ o dediyin nədir bilmirəm, amma ərim mənə baxanda həmişə gülür. Xoşladığıma görə isti çörəyin kənarını, soğanın tam ortasını mənə verir. Bütün işlərdə mənə kömək edir”.
Və ya başqa ailədə əsla pafoslu etiraflar eşidilmir və qadın kişiyə (yaxud kişi qadına) hansısa orqanını bağışlayır.
Mövzumuz sevginin tarixi, yaxud izahı deyil. 90-cı illərdən günümüzə qədər hər kəsin qəlbində yerini qoruyan “Şipsevdi” saqqızının yaranma hekayəsidir. Hər bağlamasında xüsusi surpriz olan “Love is...” saqqızı.
“Sevgi- onun çayına limon atmaqdır”, “Sevgi- harada olursan ol, ona qovuşmaq üçün təyyarə bileti göndərməkdir”, “Sevgi- onun xoşuna gələn işləri görməkdir”.
Zellandiyadan İtaliyaya, İtaliyadan Amerikaya uzanan nəhəng okeanları və dağları aşaraq hələ də dünyanı dolaşan sevgi hekayəsinə nəzər salaq.
Karikaturaların yaradıcısı Kim Kasalinidir. O, 1941-ci ildə Yeni Zellandiyada dünyaya gəlib.
Kim 1967-ci ildə 26 yaşında Los Anceles şəhərinə köçür. Burada xizək klubunda kompüter mühəndisi olan italiyan Roberto Alfredo ilə tanış olur. Bu tanışlıqdan sonra Kimim repertuarında ciddi dəyişikliklər yaranmağa başlayır. Məhz bu klubda Kim ilk dəfə olaraq yumorlu rəsmlər çəkməyə başlayır.
Xizək klubundakı yumoristik hadisələri çəkən karikaturist rəssam eyni zamanda bir dizayn şirkəti üçün də müxtəlif və maraqlı rəsmlər çəkir. Bu arada isə artıq aşiq olduğu Robertoya da bir məktub yazır və onun da balaca bir karikaturasını məktuba əlavə edib göndərir.
Bundan sonra onlar artıq görüşməyə başlayırlar. Hislərini karikaturalara tökən Kim çəkdiyi şəkilləri gizlicə sevdiyi oğlanın pencəyinin cibinə, maşınının torpedasına, şkafların çəkməcələrinə yerləşdirir.
Saf və səmimi hislər üzərində başlayan sevgi evliliklə davam edir. Evlilik Kimin ideyalarını daha da genişləndirir və karikaturaların mövzuları zənginləşir.
Bu karikaturalar təkcə sevgililər arasında qalmır. Get-gedə məşhurlaşır və görən hər kəs tərəfindən təqdir edilir.
Karikaturalar sevgi ilə keçən ömrün hər anına, hər saniyəsinə həsr olunur. Tezliklə dönəmin məşhur qəzeti Los Anceles Taymz qəzeti karikaturaları görür və çox bəyənir. Müəllifə müraciət olunur və əsərlər satın alınıb qəzetdə çap olunur.
Dövrün dünyaya səs salan “Love story” filminin afişasında karikaturaların birindən götürülmüş bu ifadə yer alır- “Sevgi əsla gəmgin olduğunu deməməkdir”.
Hər kəsin qəlbinə xitab edən bu karikaturalar artıq okeanı aşıb İngiltərəyə də “sevgi” gətirir. İngiltərənin ən məşhur qəzeti olan “Mail on Sunday” oxucularına Kasalinin sevgisini “daddırır”. 1970-ci ildən başlayaraq qardaş Türkiyə də Kimin sevgi nağılları ilə feyziyab olur. Karikaturalara Türkiyədə “rəng və dad qatılır”. Amerikada və İngiltərədə rəngsiz- ağ-qara çap olunan rəsmlər Türkiyədə rəngli çap olunur və müxtəlif meyvə tamları ilə istehsal olunur.
Məşhurluq və zənginlik sevgililərin duyğularına əsla təsir etmir və onların bir oğul övladı dünyaya gəlir.
Şöhrətin və sevginin zirvəsində acı xəbər aşiqləri sarsıdır. Robertoya 1975-ci ildə xərçəng diaqnozu qoyulur. Diaqnoza qədər artıq onların 2-ci oğulları dünyaya gəlmişdi. Bütün işlərini kənara qoyan Kim bütün vaxtını sevdiyi kişi ilə keçirir. Hətta Yeni il günü ərindən qızıl üzük deyil, 3 cü övlad istəyir. Amma artıq gec idi. Xəstəliyi Robertoya 3-cü dəfə ata olmağa imkan vermir. Ailə həkimlərin məsləhəti ilə Robetonun hüceyrələrini dondurur. Kimin 3-cü dəfə ana olmaq arzusu ərinin ölümündən sonra həyata keçir.
Onların ailə həyatı cəmi 5 il davam edir. 1971-ci ildə sevgi üzərində qurulan ailə 1976-cı ildə Robertonun vaxtsız ölümü ilə əbədiləşir.
Kim ilk dəfə Robertonun adının baş hərfini 1971-ci ildə çəkdiyi karikaturada çimərlik qumunda yazmışdı. Həmin “R” və onların ölümsüz sevgiləri nəinki qəzetlərdə, saqqızlarda, geyimlərdə, köynəklərdə, təqvimlərdə, dəftər üzlərində əbədiləşməyə davam edir. Rəsmlər 60 ölkəyə və 100 milyondan çox insana sevgi yayır.
Karikaturalara məhz Robertoya olan sevgisindən ilham alaraq başlayan Kim ərinin vaxtsız ölümündən sonra da ona rəsmlər həsr etməyə davam edir. Aşiq qadın ərindən sonra yaşadığı 20 il ərzində nə dünyanı, nə də ərini sevgisiz qoymur. 1997-ci ildən isə dünya artıq yeni karikaturalar görmür...
“Sevgi- öyrətməkdir, sevgini öyrətməkdir!”.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ