Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyanın həftəsonu Mehriyə səfəri Ermənistanda “Zəngəzur dəhlizi açılır” müzakirələrinə səbəb olub. Bu müzakirələri kəskinləşdirən amillərdən biri də ərazidə dəmir yolunun tikintisi və erməni baş nazirin bu haqda dedikləridir.
Siyasi icmalçı Asif Nərimanlının fikrincə, Paşinyan Mehridə iki məsələ üzərində xüsusilə dayanıb: su itkisinin qarşısını almaq, resursları qorumaq; dəmir yolunun tikintisini həyata keçirmək. Paşinyan bildirib ki, dəmir yolunun inşası Ermənistana heç bir zərər gətirməyəcək. Ermənistan hökumətinin iclasında bəyan edilmişdi ki, Mehrinin Nüvədi kəndi ərazisində dəmiryol xəttinin yenidən inşa edilməsi nəzərdə tutulur.
Ermənistanda hesab edirlər ki, Paşinyanın Mehri səfəri Azərbaycanın həm Zəngəzur dəhlizi, həm də su ehtiyatları ilə bağlı tələblərini icra etməyə hesablanıb. Erməni ekspertlər qeyd edirlər ki, Mehridə inşa ediləcək dəmiryol layihəsi Zəngəzur dəhlizinin bir hissəsi ola bilər.
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məsələyə ümumi prinsipdən yanaşılsa, dəmir yolunun çəkilməsi avtomobil yolunun çəkilməsindən həm maliyyə, həm də zaman baxımından daha çətindir. İqtisadçı vurğuladı ki, dəmir yolu xətlərinin çəkilməsi eyni zamanda digər enerji xətlərinin çəkilişindən daha çətindir: “İnfrastruktur mürəkkəbdir: stansiyalar, siqnalizasiya sistemləri, elektrikləşdirmə problemləri, texniki məsələlərin ödənmə məsələləri, manevr imkanlarının nəzərə alınması və s. Amma avtomobil yolu bu baxımdan daha rahatdır. Buna görə də hesab edirəm ki, ilk hansı xəttin çəkilməsi siyasi qərardan asılı olacaq. Eyni zamanda bir məsələni də qeyd edim ki, dəhlizin açılmasında əsas məqsəd yük daşınması olduğuna görə ilk dəmiryol xəttinin çəkilməsi mümkündür. Digər tərəfdən isə əgər dəmir yolu çəkilirsə, eyni coğrafiyada paralel olaraq yanaşı kommunikasiya xətlərinin çəkilməsi, o cümlədən avtomobil yolunun salınması mümkündür. Sadalananlardan biri çəkildikdən sonra digərləri daha asan olacaq. Bütün hallarda yükdaşıma amili olduğu üçün, həmçinin Orta dəhlizin bir seqmentinin buradan reallaşdırılması nəzəri cəhətdən mümkün olduğundan ilk dəmir yolunun işə salınması mümkündür. Müasir tələblərə cavab verən avtomobil yolu olmasa da, dəmiryol xətlərinə paralel mütləq avtomobil yolu çəkilir”.
Su ehtiyatları məsələsinə gəlincə, E.Əmirovun fikrincə, Azərbaycanın sözün həqiqi mənasında digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə su ehtiyatlarına olan ehtiyac səviyyəsi həddən artıq pik səviyyədədir: “Su ehtiyatları inanılmaz dərəcədə pis vəziyyətdədir. Çünki Cənubi Qafqazın su ehtiyatlarının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, cəmi 10 faizi isə Azərbaycanın payına düşür. Təxminən 70-75 faizi transsərhəd çayların payına düşür. Bu isə o deməkdir ki, yerdə qalır cəmi 25 faiz. Yəni Cənubi Qafqazda mövcud olan suyun hər 100 kub metrindən Azərbaycanın sərhədləri daxilində yalnız 2,5 kub metri var. Yerdə qalan 7,5 kub metr isə transsərhəd çayları hesabına ödənir. Bunlardan biri də Araz çayıdır. Bu baxımdan hesab edirəm ki, Ermənistanla Qafqazın su ehtiyatlarından səmərəli istifadənin təkmilləşdirilməsi ilə bağlı birgə razılaşmaların əldə olunmasına ehtiyac var”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan “Dünyanın kəsişməsi” layihəsində kommunikasiyaların açılması ilə bağlı mövqeyini çoxdan və yazılı şəkildə təqdim edib. Paşinyan qeyd edib ki, məqsəd digər məsələlərlə yanaşı, müxtəlif şərhləri istisna etmək idi. “Biz bu proqram çərçivəsində işə başlamışıq və onu davam etdirəcəyik. Təklifimizə Azərbaycandan yazılı cavab almamışıq. Müxtəlif iradlar var, amma prosesi düzgün dərk etməliyik. İcra prosesində hər bir layihənin nüansları var və onların üzərində işləmək lazımdır. "Dünyanın kəsişməsində" biz dörd əsas prinsipi saxlamaqla prosedurları sadələşdirməyə hazırıq", - Paşinyan bildirib.
O xatırladıb ki, söhbət ərazi bütövlüyü, suverenlik, legitimlik və qarşılılıqdan gedir.
“Biz Ermənistandan Ermənistana Azərbaycan ərazisindən və əksinə daşımaların həyata keçiriləcəyi Horadiz-Yerasx marşrutu üzrə dəmir yolu əlaqəsinin açılmasını təklif edirik. Bu gün biz bu qərarları qəbul etməyə hazırıq. Özümüzə sual veririk ki, bizim təklif etdiyimiz həll yollarına ictimaiyyət necə reaksiya verəcək? Əminik ki, əhalimiz bu güzəşti məqbul hesab edəcək”, - Paşinyan bildirib.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ