Onlayn ictimai-siyasi qəzet
Öncə keçən yazıma gələn bir məktub. Məğrub Bədəlsoy yazır: “Azərbaycanın bütün məhkəmə sistemi "Ginneslikdir". Məni - 1-ci dərəcə Qarabağ əlilini Bakı Apelyasiya Məhkəməsi (sədrlik edən Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə) yazılı icraat qaydasında 18.03.2025-də məhkəməyə müraciət etdiyimə görə 400 manat cərimə edib və anında icra vərəqəsi verib. İcra sənədində nə borclu adı var, nə tələbkar. Məni cavabdeh kimi göstərib. Belə çıxır, məhkəmə də iddiaçıdır(?) Məhkəməyə hüquq və azadlığının müdafiəsi üçün ərizə vermək hüquq pozuntusu sayılır və 400 manat “Novruz cəriməsi” yazılır! Ginnesə layiqdir, ya yox? Bunu Ginnes müəllimin diqqətinə necə çatdıraq?"
Həqiqətən, Məğrub bəy məhkəmə qərarının surətini də yollayıb və orada belə yazılıb: “təkrarən eyni məzmunlu iddia ərizə ilə (üsluba toxunmuram - Z.H.) o cümlədən dəfələrlə məhkəməyə müraciət etdiyindən 400 manat məbləğində cərimə edilsin”.
Mən belə məzmunda qərarı ilk dəfə görürəm. Bizdə məhkəməyə təkrar müraciət etmək qadağandırmı? Yaxud neçə dəfə müraciət etməyə icazə var? Çox maraqlıdır. Bunları vətəndaşlara izah etmək lazımdır. Ümid edirəm, Xanlar müəllimin təzə üzv atıldığı Tərtər Məhk... üzr istəyirəm, Konstitusiya Məhkəməsi bu kimi hallara aydınlıq gətirəcəkdir.
Keçək günün vacib hadisələrinə. Bakını külək, yağış növbəti dəfə dağıdırdı. Üzən avtobuslar, qırılan ağaclar, su basan keçidlər artıq ekzotika sayılmır. Məncə, biz növbəti illərdə paytaxtda hər hansı iş görəndə, tikinti-filan aparanda qlobal iqlim dəyişməsini nəzərə almağa məcburuq. Daha heç nə köhnə vaxtlardakı kimi deyil, o cümlədən hava şəraiti. Və bu davamlı olacaq, kəskin havalar adiləşəcək. Məsələn, su yığılan yeraltı keçidlər və tunellər ya ləğv edilməlidir, yerüstü keçidlər yaradılmalıdır, ya da həmin hissələrdə böyük kanallar qazılmalıdır. Kürqırağı regionlarımızda qədimdə evləri havada, bir neçə daşın üzərində tikirdilər ki, sel-su gələndə, çay daşanda içəri dolmasın, divarlar ziyan çəkməsin. Su gəlib evin altından keçir, gedirdi. Bəlkə həmin konstruksiyalar Bakıda da tətbiq edilməlidir. O cümlədən qədimdə Abşeronda damları saxsı, şifer, metal lövhə, taxta-filan tipli şiddətli küləyin qopara biləcəyi materialla örtməzdilər, düzləyib, qırlayardılar. Ən şiddətli fırtınada İçərişəhərə girsən külək hiss edilmir, çünki küçələrin, evlərin quruluşu bunu önləyir. Bizdə təəssüf ki, təbiətlə, iqlimlə bu cür yaradıcı ünsiyyət itib. Şəhəri “çobanlar” tikdiyi üçün.
Hərçənd əski zamanların çobanları da indikilərdən ağıllı idilər. Məsələn, çobanın yapıncısı ona həm yorğan-döşək, həm yağışda çətir olurdu, qar yağanda içində gizlənirdi və sairə. İndiki terminlə yazsaq, əsl smart texnologiya idi. Alaçığı isə sel, yel tutan dərə yerlərdə deyil, yamacda, təpə başında, qaya arxasında qururdular və fövqəladə hallardan yardım gözləmirdilər.
Bir az zəhmətkeşlərimiz də sanki əfəlləşib. Hər boş şey üçün hökuməti çağırırlar. Məsələn, son illər barmağında üzük qalan çoxlu adama rastlaşırıq. FHN gəlir, üzüyü aparatla kəsir, videoya çəkirlər... Yalan olmasın, bu minvalla sayın Kamaləddin müəllim bir azdan “Üzüklərin əfəndisi” olacaqdır. Nə məcburdur ki? Uşaq-muşaq eləsə, anlayaram, böyük, yaşlı-başlı adamlar barmağına metal parçalarını soxur, sonra yardım çağırırlar.
Bizim bir qahım var, bu boyda Abşeron yarımadasında başına yer qəhət imiş sanki, gedib bir təpənin başında ev tikib. Odur ki, yay-qış küləyin əlində əsir-yesirdir. Qar yağanda ən gec onlarda əriyir. Hətta bəzən evlərinin gündəyməzindəki qara qurd düşür. Hərdən zarafatla deyir: “Biz sanki Kəlbəcərdə yaşayırıq, daim yaylaq havasıdır”. Dünən fırtına qopanda işıqları sönmüşdü, hal-əhval tutmaq üçün danışanda dedi: “Daha Kəlbəcər deyil, Kambocada yaşayıram”.
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ