İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəriət ölkəsi BƏƏ kazinoları qanuniləşdirməyə hazırlaşır

Şəriətlə idarə olunan Birləşmiş Ərəb Əmirlikləri qumarxanaları leqallaşdırmaqla Fars körfəzi bölgəsində yeni zirvələr açmağa hazırlaşır. Bu qərarla ölkə turizm sektorunu canlandırmaq və mühüm gəlir mənbəyi əldə etməyi hədəfləyir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, BƏƏ qumar sənayesini tənzimləmək üçün federal struktur yaradıb və ölkənin kazinoları leqallaşdıran ilk körfəz ölkəsi olmasına yol açıb.

Dünən dövlət mediasının verdiyi məlumata görə, lotereya və kommersiya oyun sənayesi üçün "tənzimləyici baza" yaratmaq üçün yeni orqan yaradılır.

Keçən ay ABŞ-ın kazino və otel operatoru “Wynn Resorts” BƏƏ-də 3,9 milyard dollarlıq oyun obyekti tikəcəyini və tezliklə lisenziya alacağını gözlədiyini söyləyib.

BƏƏ mediası bildirib ki, Amerika otelçilik və əyləncə şirkəti “MGM Resorts International”ın keçmiş baş direktoru Cim Murren tənzimləyici şuraya rəhbərlik edəcək. Oyun sənayesində təxminən otuz illik təcrübəyə malik olan Kevin Mullalli tənzimləyici fəaliyyətləri koordinasiya edəcək və milli səviyyədə lisenziyalaşdırmaya nəzarət edəcək yeni agentliyin baş icraçı direktoru olacaq.

Şəriət qanunları ilə idarə olunan ölkədə qumar oynamağa icazə verilməsi əhəmiyyətli dəyişiklik olacaq. Hazırda ölkədə qadağan edilən qumar oyunları cərimə və ya iki ilə qədər həbslə cəzalandırılır. Ölkə həm də turizm baxımından Fars körfəzindəki rəqibləri ilə rəqabət aparmağa çalışır.

“Bloomberg Intelligence”-in baş oyun və qonaqpərvərlik analitiki Angela Hanlinin hesablamalarına görə, BƏƏ ildə 6,6 milyard dollar qumar gəliri əldə edə bilər. BƏƏ-nin bu sektordan gəliri Sinqapurda olduğu kimi ölkənin milli gəlirinin 1,6 faizinə çatarsa, 6 milyard dolları keçə bilər.

Qumarxanaların açılması BƏƏ iqtisadiyyatının sütunu olan turizm sektorunu daha da gücləndirə bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR