İnsanlara hürriyət, millətlərə istiqlal!

254 milyonunu ölkədən qaçıran 6 nəfərlik dəstə hakim qarşısında – ŞAHİDLƏR DANIŞDI  

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi Azərbaycandan xaricə qanunsuz pul ötürən 6 nəfərlik mütəşəkkil dəstə üzvünün cinayət işi üzrə məhkəmə araşdırmaları başlanıb.

Musavat.com xəbər verir ki, hakim qarşısına Bahadır və İkram Qasımov qardaşları, onların əmisi oğlu Fərhad Qasımov, dəstə rəhbərliyinin işlərini görən Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov çıxarılıblar. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ifşa olunan dəstə üzvlərindən Bahadır, Fərhad Qasımovlar, Cavid Əzizov Cinayət Məcəlləsinin 192.3.2 -  qanunsuz sahibkarlıq, 193-1.3.2- Cinayət yolu ilə əldə edilmiş xeyli əmlakı leqallaşdırma, 206.3.2 xüsusilə külli miqdarda qaçaqmalçılıq; 

İkram Qasımova qarşı isə eyni maddələrlə yanaşı Cinayət Məcəlləsinin 228.1 – qanunsuz silah gəzdirmə maddəsi, Vəli Əliyevə qarşı isə qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.

Musavat.com xəbər verir ki, oktyabrın 4-də keçirilən prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri hakimə etiraz ediblər. İlk olaraq Fərhad Qasımovun vəkili Vüqar Əliyev çıxış edərək bildirdi ki, verəcəkləri əsaslı vəsatətlərin qəbul olunacağına inam demək olar sıfıra bərabərdir: “Bu işin obyektiv aparılması ilə bağlı məhkəmə sədrinin adına etiraz ünvanlamışıq”.

Vəkil Kamandar Nəsibovun fikrinə görə isə hakimlər məhkəmədə hüquqi terminlərdən istifadə etmirlər:

“Yəni etirazımız əsaslıdır. Vəsatətləri qəbul etmirsiz. Sizin işə obyektiv baxacağınıza inanmırıq”.

Vəkil Nurlan Məmmədov da deyib ki, hüquqlarını müdafiə etdiyi şəxslə bağlı 3 vəsatət verib, həmin vəsatətlərin ikisi təmin olunmayıb: “Hüquqlarını müdafiə etdiyim şəxsin sağlamlıq vəziyyəti ilə bağlı ekspertizanın təyin olunması üçün verdiyim vəsatət qəbul olunub”.
Vəkil həmkarlarının qaldırdığı etiraza dəstəkləyib.

Dövlət ittihamçısı Elgin Qafarov hakimlərə etiraz üçün heç bir əsasın olmadığını deyib. Hakimlər etirazı müşavirə otağında müzakirə edib, geri qayıtdıqdan sonra qəbul olunmadığını elan ediblər. Vəkil Sadiq Rəsulov hüquqlarını müdafiə etdiyi Bahadır Qasımovun ürəyində problem olduğunu açıqladı. Bildirdi ki, Bahadır Qasımovun ürəyinə həkim Emin Kərimli simulator aparatını qoyub. Xahiş etdi ki,  həkim Emin Kərimlinin nəzarəti altında müayinədən keçirilməsini istəyir. Hakim vəsatəti təmin etməyib. Bundan sonra prosesdə şahidlər dindirilib.

Şahid Rauf Qəribov biblioqrafiya üzrə mütəxəssisdir. O, məhkəmədə ifadəsində bildirib ki, maddi vəziyyəti çətin olub, bununla əlaqədar Birləşmiş Ərəb Əmirliklərində yaşayan qardaşı Vahid Qəribov ona pul göndərib. “Təxminən 2022-ci ildən 1il 6 ay ərzində 3-4 dəfə olmaqla 4 min dollar civarında pul göndərib. Hər dəfə də pulumu tam götürürdüm. Toy etdim, evdə sıxıntı var idi. Pulları ona görə göndərib. Mənə zəng gəlmişdi, getdim “İst Petrol” tərəfdə, “Çıraq” Plazanın yanında yerləşən ofisə. Ofisin həyətinə girəndə 2 avtomobil gördüm, yuxarıda kamera, kassa var idi. Mən qol çəkib pulumu götürmüşəm. Bu şəxsləri adla tanımıram, bircə Cavid Əzizov yadımda qalıb. Bahadır Qasımovu isə ümumiyyətlə, tanımıram. Qardaşıma gəldikdə isə ona hər hansı ittiham verilməyib. Mənə pulu götürməyimlə bağlı gələn nömrəni xatırlamıram”,-deyə şahid bildirib.

Vəkillər məhkəmənin gedişində şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan olunmasını istəyib. Şahid Nailə Səlimova deyib ki, ona İstanbul şəhərindən nişanlısı Fuad pul göndərib: “Atam xərçəng xəstəsi idi, həmçinin evimizi təmir edirdik, ona görə nişanlım bizə kömək edirdi. Hər dəfə 10 min dollar göndərirdi, ümumilikdə 40 min dollar pul almışam. Pulu götürdüyüm yer yadımda deyil, pulu götürəndə təkcə şəxsiyyət vəsiqəmi göstərirdim. Mən burda oturanlardan heç kimi tanımıram. Amma ibtidai istintaqda mənə 2 şəkil göstərdilər, onları tanıdım. Nişanlım Fuad Türkiyə vətəndaşıdır, onu istintaqa ifadə verməyə çağırmayıblar”.

Şahidin sərbəst ifadəsindən sonra onun istintaqda verdiyi ifadəsi elan olundu. Məlum oldu ki, Nailə Səlimovaya nişanlısı 40 min yox, 50 min dollar pul göndərib. Hakim şahiddən müttəhim Cavid Əzizovu tanıyıb-tanımadığını soruşdu. Nailə Səlimova Cavidi pul verilən yerdə gördüyünü etiraf etdi.

Növbəti şahid Bahadır Qasımovun oğlu Rövşən Qasımov oldu. O, istintaqda verdiyi ifadəsində müəyyən dəyişikliklər olduğunu, ifadəsinin təhrif olunduğunu, yəni “yadımda deyil, bilmirəm” kimi verdiyi cavabların əvəzinə onun əleyhinə olan sözlərin yazıldığını vurğuladı və ifadəsini davam etdirdi:
 “Atam 30 il Rusiyada yaşayıb. Bu hadisə vaxtı atam Azərbaycanda idi. Onun həbsi hay-küylü oldu. Mən Dubayda yaşayıram, ticarətlə məşğul olmuşam. Mənim atamın Bakıda qanunsuz pul köçürməsi ilə məşğul olması barədə məlumatım olmayıb”.

Bahadır Qasımov istintaq vaxtı oğluna qarşı təzyiqin olunduğunu dedi: “Oğluma deyiblər danışmasan ananı da aparıb soxacağıq içəri”.

Prosesdə Rövşən Qasımovun ibtidai istintaqda verdiyi ifadəsi elan olundu. Şahid ifadəsinin təhrif olunduğunu bildirdi.

Bahadır Qasımovun vəkili Rövşən Qasımovun ifadəsinin tam təzyiqlə alındığını söylədi və ifadənin sübutlar siyahısından çıxarılmasını istədi.

Digər vəkil Vüqar Əliyev də müstəntiq tərəfindən şahidə hüquqlarının izah olunmadığını bildirdi: “Belə ki, hər bir şəxs yaxın qohumuna qarşı ifadə verməyə bilər. Bu normativlər Cinayət Prosessual Məcəllədə də göstərilib”.

Dövlət ittihamçısı bu məsələyə hazırlıq iclasında baxıldığı üçün vəsatətin qəbul olunmamasını istədi. Hakim isə sənədlərin tədqiqi zaman vəsatətə qiymət veriləcəyini söylədi.

İstintaqın qənaətinə görə mütttəhimlər ümumilikdə 254 milyon 409 min 947 manat pul vəsaitini qanunsuz olaraq mütəşəkkil dəstə halında Azərbaycandan xarici ölkələrə və xarici ölkələrdən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olublar. Aparılmış istintaqla müəyyən edilib ki, İkram Qasımov və qardaşı Bahadır Qasımovla, tanışları Fərhad Qasımov, Anar Əhmədov, Cavid Əzizovla cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, Azərbaycandan xarici ölkəyə və xarici ölkədən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə giriblər. Onlar öz aralarında vəzifə bölgüsü aparmaqla sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Bahadır Qasımov mütəşəkkil dəstəyə rəhbərlik edib. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesabına paytaxtın Yasamal rayonu Tbilisi prospekti ev 49 ünvanında, eləcə də Türkiyənin İstanbul və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərində ofislər açıb, qanunsuz pul köçürmə sisteminin fəaliyyəti ilə məşğul olublar. Bütün bunlara nəzarəti etməyi qardaşı İkram Qasımova həvalə edib. Dəstənin digər üzvü Fərhad Qasımov Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ev 49 ünvanında fəaliyyət göstərən ofisdə mühasib qismində şəxslərdən qanunsuz köçürülən pul vəsaitlərini qəbul edən və onlara pul vəsaitlərini ödəməklə bağlı vəzifələri icra edən Cavid Əzizov və Anar Əhmədovun fəaliyyətinə nəzarət edib. O, eləcə də dəstənin Türkiyənin İstanbul şəhəri və BƏƏ-nin Dubay şəhərlərindəki üzvləri olan şəxslərlə əlaqəni təşkil etməklə qanunsuz pul köçürülməsi ilə bağlı həmin şəxslərə sifariş vermək və onlardan sifariş almaq kimi vəzifələri icra edib. Cinayətkar plana uyğun olaraq dəstə üzvləri Anar Əhmədov və Cavid Əzizov 1 yanvar 2015-ci il tarixdən 3 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində Bahadır Qasımovun rəhbərliyi, İkram Qasımovun idarəçiliyi və Fərhad Qasımovun nəzarəti altında paytaxtın Yasamal rayonundakı ofisdə xarici ölkələrə respublika ərazisindən və ya xarici ölkələrdən respublika ərazisinə qanunsuz pul köçürülməsini həyata keçirib. Bu üsulla qeyd edilən dövr ərzində ümumilikdə 254 milyon 409 min 947 manat pul vəsaitini qanunsuz olaraq mütəşəkkil dəstə halında Azərbaycandan xarici ölkələrə və xarici ölkələrdən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olublar. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidmət haqqı kimi onların özünə qalıb. Bundan başqa, İkram Qasımov tamah niyyəti ilə xüsusilə külli miqdarda zərgərlik məmulatlarını qaçaqmalçılıqla, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli yolla keçirmə barədə tanışları Vəli Əliyev və şəxsiyyəti istintaq yolu ilə araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib. Bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Vəli Əliyev Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində olan Avstriya, İsveçrə və Belçika dövlətlərində istehsal edilmiş ümumilikdə orta bazar qiyməti 853 min 771 manat təşkil edən qızıl külçələri qrupun rəhbəri İkram Qasımova təhvil verib. İttiham aktında o da göstərilib ki, İkram Qasımov xarici ölkələrdə istehsal olunmuş və təyinatı üzrə istifadəyə və atəş üçün yararlı olan silahları paytaxtın Yasamal rayonundakı fərdi yaşayış evində saxlayıb. Onun bağ evindən 2 milyon 380 min manat təşkil edən 1 milyon 400 min ABŞ dolları məbləğində pul vəsaiti və silahlar aşkar edilərək götürülüb.

Proses oktyabrın 18-də davam etdiriləcək.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR