Onlayn ictimai-siyasi qəzet
Noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiyası üzrə komissiya formatında iclasın keçirilməsi planlaşdırılır; Paşinyan niyə birbaşa danışıqlardan yayınır?
Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün təklifini Bakıya çatdırıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Danışıqlar prosesinin dalana dirənməsinin qarşısını almaq üçün Ermənistan sazişlə bağlı fikirlərini konstruktiv şəkildə çatdırdı və əvvəlki kimi, aşağıdakıları rəhbər tutaraq danışıqları bərpa etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirdi:
- heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması;
- Almatı Bəyannaməsi və ən son qanuni sovet xəritələri əsasında növbəti demarkasiyanın həyata keçirilməsi;
- dövlətlərin suverenliyinə və yurisdiksiyasına, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında regionda infrastrukturun açılması", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ermənistan mediası bu məlumatı “Ermənistan Azərbaycana sərhəddə görüş keçirmək təklifi ilə çıxış etdi” başlığı ilə paylaşıb.
Xatırladaq ki, Azərbaycan XİN Ermənistana sərhəddə görüş keçirməyi rəsmən təklif edib. Onu da yada salaq ki, bu ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu istiqamətində (Sünik rayonunun Tex-Kornidzor hissəsi) iki ölkənin nümayəndələri arasında görüş keçirilib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən yayılan xəbərdə qeyd olunurdu ki, görüşdə sərhədlə bağlı işlər aparılıb, “nəticədə vəziyyət xeyli yaxşılaşıb”.
Münaqişə tarixində prezidentlər arasında ilk belə görüş 1999-cu il oktyabrın 11-də Sədərək rayonunda Robert Köçəryanla Heydər Əliyev arasında baş tutmuşdu. Bu, tərəflər arasında sərhəddə baş tutan ilk görüş idi. Bu görüşdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan qeyd-şərtsiz çıxması barədə razılıq əldə olunduğu deyilirdi. Lakin görüşdən cəmi 16 gün sonra - 27 oktyabrda Ermənistan parlamentində terakt törədildi və iddia edilən razılaşma ləğv edildi. Ümumilikdə Heydər Əliyevlə Robert Köçəryan arasında 23 görüş keçirilib ki, onlardan ikisi Sədərəkdə baş tutub.
Hikmət Hacıyev
Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev isə “Reuters” agentliyinə bildirib ki, Bakı Ermənistanla ikitərəfli sülh danışıqlarının aparılmasını istəyir və Qərbin vasitəçiliyi olmadan tez bir zamanda razılığa gələ biləcəklərinə inanır. “Əgər xoş niyyət olarsa, sülh sazişinin təməl prinsipləri qısa müddətdə işlənə bilər”, - deyə H.Hacıyev bildirib.
Qərbin iştirakı ilə bağlı suala o, bunları əlavə edib: “Bizə Vaşinqtonda, Parisdə və ya Brüsseldə deyil, regionumuzda sülh lazımdır”.
Noyabrın 23-də Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiya formatında iclasının keçiriləcəyi barədə xəbər yayılıb. Bu haqda Caliber.az diplomatik mənbələrə istinadən xəbər verib.
Azərbaycan XİN də noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.
Bu barədə XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Bildirilir ki, əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti 5-ci iclası keçiriləcək.
İki ölkənin delimitasiya məsələlərini vasitəçi olmadan özləri həll etməyə çalışması, şübhəsiz ki, müsbət göstəricidir. Sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.
Bəs, budəfəki görüş ranqına görə yüksək səviyyəli hesab edilməsə də, sərhədlərin müəyyənləşməsi üçün ciddi addımlar atıla bilərmi? Paşinyan sərhəddə daha yüksək səviyyəli təkbətək görüşə razılıq verərmi? Sülh sazişi ilə bağlı hansısa irəliləyiş olarsa, İrəvanda yenə terakt mümkündürmü?
Ceyhun Məmmədov
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hakimiyyəti və onların bağlı olduğu Qərb dairələri Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər: “Ermənistanın son bəyanat və açıqlamaları guya özlərinin sülh sazişinə hazır olduqları görüntüsünü yaratmaq üçündür. Real sülh sazişi üçün təklifləri isə Bakı Ermənistana təqdim edib. Biz hesab edirik ki, sülh danışıqlarının aparılması və sülh müqaviləsinin imzalanması üçün okeanın o tayına getməyə ehtiyac yoxdur. İki ölkə öz arasında bunu edə bilər. Bu gün bölgədə Rusiya-Qərb qarşıdurması güclənib. Belə vəziyyətdə ən düzgünü danışıqların vasitəçilərsiz həyata keçirilməsi ola bilər. Amerika və Fransa Azərbaycana Ermənistan vasitəsilə təzyiq etməyə çalışır. Azərbaycan bu prosesin də qarşısını alacaq. Azərbaycan şərti sərhəddə Ermənistanla görüşə, sülh danışıqları aparmağa hazırdır. Azərbaycan bu məsələdə səmimidir. İstəyirik ki, Ermənistan da səmimi olsun. Yalnız bu halda danışıqların real nəticələri ola bilər. Ermənistan daxilində və xaricində Nikol Paşinyanı devirmək istəyən qüvvələr var. Paşinyan hesab edir ki, sülh sazişinin imzalanması həmin qüvvələrin onu devirməsi üçün bəhanə ola bilər. Bir tərəfdən bu qorxunun təsiri altında, digər tərəfdən Qərbdən, xüsusilə Fransa tərəfindən edilən təzyiqlərə görə Paşinyan sülh sazişini imzalamaqdan yayınır. Ona görə də sülh məsələsində hələ də imitasiya ilə məşğuldur”.
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə isə qeyd etdi ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması barədə sərəncam keçən ilin may ayında imzalanıb. Keçən müddət ərzində komissiyanın iki görüşü keçirilib və son görüş bu ilin iyul ayında baş tutub. İndi növbəti görüşün keçirilməsi və iki ölkənin delimitasiya məsələlərini vasitəçi olmadan özlərinin həll etməyə çalışması, şübhəsiz ki, müsbət göstəricidir: “Çünki istənilən vasitəçinin prosesdə öz maraqları olur və bu da ortaq məxrəcə gəlməyi çətinləşdirir. Biz indiyə qədər bu və ya digər vasitəçilərin danışıqlar prosesində öz maraqlarından çıxış etdiklərinə şahidlik etmişik. Məhz bu səbəbdən də rəsmi Bakı Ermənistanla istənilən danışıqların - buraya birgə komissiyaların işi də daxildir - keçirilməsi ilə bağlı dəfələrlə ən yüksək səviyyədə mövqe ortaya qoyub.
Amma təkcə iclasın vasitəçisiz keçirilməsi ilə də məsələ bitmir. Ciddi addımların atıla bilməsi üçün ilk növbədə prinsip razılaşdırılmalıdır. Məlumdur ki, sərhədlərin delimitasiya prosesində hansı xəritələrin əsas götürülməsi məsələsi hələ ki açıq alır. Ermənistan tərəfi delimitasiya və demarkasiyanın 1975-ci il xəritələri ilə aparılmasını istəyir. 1923-cü ildə Zəngəzurun, 1929-1931-ci illərdə Şərur və Ordubadın 657 kvadrat kilometr ərazisinin, 1936-cı ilə qədər Dərələyəz və Göyçə mahalının, 60-cı illərin sonunda Laçın rayonu ərazisində Qarasu gölü və onun ətrafındakı torpaq sahələrinin, 70-ci illərin əvvəlində Ceyrançöldən otlaq sahələrinin qeyri-qanuni olaraq SSRİ rəhbərliyi tərəfindən Ermənistana verildiyini nəzərə alsaq, 1975-ci il xəritəsi bizim maraqlarımıza cavab vermir.
İkincisi, SSRİ Baş Qərargahı tərəfindən nəşr olunan 1973-81-ci illər xəritələrinin özündə də uyğunsuzluqlar var. Ona görə də sərhədlərin delimitasiya prosesində konkret bir xəritənin əsas götürülməsi mümkün deyil. Müxtəlif xəritələrdən istifadə olunmalı və ortaq mövqeyə gəlinməlidir. Düşünürəm ki, indi komissiyaların qarşısında duran ən vacib məsələ də elə bununla bağlıdır".
Paşinyanın təkbətək görüşə razılıq verməsi məsələsinə gəldikdə isə ekspertin sözlərinə görə, bu, erməni baş nazirin ixtiyarında deyil: “Onun müəyyən dairələr qarşısında konkret öhdəlikləri var və ona görə də müstəqil qərar qəbul etmək imkanında deyil. Odur ki, təkbətək görüşün keçirilməsi, sülh sazişinin imzalanması Paşinyana bununla bağlı icazə verilib-verilməməsindən asılı olacaq. Sülhü istəməyən tərəflərin içərisində isə təkcə Qərb deyil, həm də Rusiya var. Sülh sazişinin imzalanmasından sonra Ermənistanın KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxa bilər. Üstəgəl, 102-ci hərbi bazanın Gümrüdən çıxarılması da gündəmə gələ bilər. O səbəbdən Rusiyanın hansı addımlar ata biləcəyini proqnozlaşdırmaq mümkün deyil. Paşinyana qarşı terror aktı ehtimalı az olsa da, Ermənistanda hərbi çevrilişin mümkünlüyü aktuallığını saxlayır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ