İnsanlara hürriyət, millətlərə istiqlal!

Sensasion təklif - Qəzza Türkiyəyə birləşə bilər

Siyasi şərhçi: “Proseslər Türkiyə qoşunlarının Qəzzaya yerləşdirilməsi ilə nəticələnəcək”

Türkiyənin “Gələcək” Partiyasının sədri, sabiq baş nazir Əhməd Davudoğlu Qəzza ilə bağlı maraqlı təklif irəli sürüb. O, Fələstin dövləti qurulmazdan öncə qəzzalıların referendum keçirərək muxtar bölgə qismində Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmasını tövsiyə edib.

“Qəzzalılarin son qanuni dövləti Osmanlı İmperiyası idi. Türkiyə onun qanuni varisi olaraq qəzzalıları öz tarixi soydaşları hesab edir. Referendum keçirsinlər. Və Fələstin dövləti yaranana qədər Türkiyə Cümhuriyyətinə muxtar bölgə olaraq qoşulsunlar”, - Davudoğlu qeyd edib.

O həmçinin ABŞ-ı Qəzzanın təbii sərvətlərini ələ keçirmək cəhdində ittiham edib və prezident Donald Trampa “sionistləri Amerikadakı torpaqlara aparmağı” təklif edib.

“Bu, maraqlı layihə və Türkiyənin qeyri-adi güclü addımıdır”.

Bunu rusiyalı jurnalist-şərhçi Maksim Şevçenko Davudoğlunun təklifini şərh edərkən deyib.

“Əminəm ki, Fələstin dövlətçiliyi bərpa olunana qədər Türkiyəyə muxtariyyət əsasında birləşməyə dair Qəzzada keçiriləcək referendum onun sakinləri tərəfindən dəstəklənəcək”, - o bildirib.

Əhməd Davudoğlunun təklifi nə dərəcədə reallaşa biləndir? ABŞ və İsrailin buna reaksiyası necə olar?

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli “Yeni Müsavat”a deyib ki, İsrailin hədəfi HƏMAS-ın tamamilə sıradan çıxarılması idi, ona görə də atəşkəsə yaxın durmurdu: “Terror qruplaşması adlandırdığı HƏMAS-la heç zaman danışıqlara getməyəcəyini deyirdi. Həmçinin Qəzza zolağını tam işğal etməyi planlaşdırırdılar. Rəfah Sərhəd qapısının bağlı qalmasında və qəzzalıların hamısının toplu şəkildə Misirə deportasiya olunmasında maraqlı idilər. Nəyə nail oldular? Sadəcə, silahsız insanlara qarşı qətliamlar törədərək bütün dünyanın diqqətini öz üzərlərinə çəkdilər. Avropa ölkələrinin etirazı ilə üzləşdirlər. Əslində bu, Netanyahu iqtidarının məğlubiyyətidir. Çünki bu qədər hərbi əməliyyatlara rəğmən, istədiklərinə nail ola bilmədilər və əsirləri xilas etmək də mümkün olmadı”.

Siyasi şərhçiyə görə, 2006-cı il Livan uğursuzluğundan sonra İsrail 2025-ci ildə Fələstində ikinci uğursuzluğa imza atmış oldu: “Amma fələstinlilərin də başqa yolu yox idi, işğal altında, girovluqda idilər. Türkiyənin də rolu burada çox ciddidir. Türkiyə HƏMAS tərəfindən danışıqlar aparırdı. Fikrimcə, Türkiyə Fələstinə təsirini daha da artıracaq. Sonda proseslər Türkiyə qoşunlarının Qəzza zolağına yerləşdirilməsi ilə nəticələnəcək. Bundan sonra müstəqil Fələstin dövləti qurulacaq və Qərbi Qüdsün fələstinlilərə qaytarılması məsələsi gündəmə gələcək. 

Artıq bunun ilk mesajı da Türkiyə Böyük Millət Məclisindən keçmiş baş nazir indi millət vəkili və partiya lideri Əhməd Davudoğludan gəldi. Fikrimcə, İsrail-Fələstin münaqişəsinin sonu ilk növbədə Qəzza zolağına Türkiyə qoşunlarının yeridilməsi ilə başlayacaq və türk ordusunun Qüdsə girməsi ilə yekunlaşacaq. Bu fikirlər kimlərsə üçün mümkünsüz kimi görünə bilər. Lakin Türkiyənin növbəti hədəfi Suriyada sonra Qüds olacaq. Fələstin dövlətinin qurulması da bundan sonra mümkün hala gələcək". 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR