İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəngör-Yetirmişli fay xətti

“Alim olmaq asandır, insan olmaq çətin”

(akademiyada şüar)

Türkiyədən iki alim, tarixçi İlbər Ortaylı və geoloq Cəlal Şəngör Bakıya gəlmişdilər. Kitab təqdimatı, görüşlər, müsahibələr, palçıq vulkanlarına səfər kimi zəngin proqramları olub. Səhv etmirəmsə, bu, Şəngörün Bakıya ilk səfəriydi, Ortaylı isə paytaxtımıza çox gəlib-gedib, hətta bir dəfə sünnət toyunda iştirak etmişdi. Təbii ki, istənilən türkiyəli üçün Azərbaycan ikinci vətəndir, əcəb eləyib gəlirlər, xoş gəlib, səfa gətirirlər, gözümüz üstündə yerləri var. Ancaq alimlərin bu dəfəki səfəri müəyyən qalmaqalla yadda qaldı.

Qalmaqal isə Şəngörün açıqlamalarından qaynaqlanır. O, əslində Türkiyədə də sakit adam sayılmır, vaxtaşırı kimlərisə qıcıqlandıran söhbətlər edir, hətta onu keçən il hansısa məhkəməyə dartmışdılar. Hesab edirəm alimi sözünə görə qısnamaq heç bir ölkəyə, o cümlədən əzizimiz Türkiyəyə yaraşmır. Alim cəmiyyətin, dövlətin xoşuna gələn söz danışmağa borclu deyil, əksinə, bir çox hallarda onu iynələməli, gələcək bəlalardan peyvənd etməlidir.

Sözgəlişi, Şəngör palçıq vulkanlarına baxmağa gedəndə ona yoldaşlıq edən gənc geoloq alimlərimizə maraqlı bir sual verdi: “Səhər sizinlə görüşə gələndə millət vəkilinizə rastlaşdım. Mənimlə foto çəkdirdi. Adı Tahir Mirkişili idi. Tanıyırsınızmı?” Gənclərin heç biri deputatı tanımadı. Yaxşı haldır, ya pis, demək istəmirəm. Ancaq bir deputatımızın Cəlal Şəngörü tanıması, onunla şəkil çəkdirməyi istəməsi yaxşı haldır.

Gələk Şəngörün burdakı qalmaqalına. Alim Bakıda 7,5 ballıq zəlzələ gözlənildiyini açıqlayıb, bu isə bizim seysmoloji stansiyanın müdiri Qurban Yetirmişli-nin qəzəbinə səbəb olub. Yetirmişli Şəngörü ağ yuyub, qara sərib, hətta deyərdim palçıq vulkanına soxub, çıxarmayıb: “Özlərini tanıtmaqdan, şou yaratmaqdan ötəri populist çıxışlar edirlər. Dünyanın hər yerində o cür “professorlar” var. Boğazından yapışıb soruşmaq lazımdır ki, proqnoz verirsən, dəqiq günlərini göstər, biz də əhalini təxliyə edək. Türkiyədə 30 seysmoloq tanıyıram, Cəlal Şengör adında birini eşitməmişəm”. Sitatın sonu.

İki alimin dalaşması bizə lazım deyil, o üzdən bu virtual dartışmanın davam etməsini istəməzdim. Əslində Yetirmişli populist deyil, zəlzələnin vaxtını dəqiq söyləməyin çətin olduğunu da düzgün deyir. Lakin Şəngörü tanımadığını bu şəkildə söyləmək bizim alimə yaraşmır. Eyni zamanda, Şəngör Bakıda zəlzələ gözləndiyini səhv demir axı. Hamıya məlumdur seysmik zonada olduğumuz. Sadəcə, türkiyəli alim xəbərdarlıq edir ki, hökumət, xalq həmişə belə vəziyyətə hazır olsun. Evləri düzgün tikək, fövqəladə halda nə etməli olduğumuzun planları hazırlansın və sairə. Yoxsa Bakının indiki “planlaşdırmasına” baxanda “Kərəmi ağlamaq tutur”. Sürüşmə zonalarında tikilən binalar, dar küçələr, bir-birinə yapışmış, infrastrukturdan məhrum göydələnlər, tikinti sahəsində korrupsiya – hansını yazasan? Birdimi, beşdimi?

Məsələn, Türkiyədə son zəlzələdə ən çox danışılan mövzulardan biri hökumətin qanunsuz evlərə əfv sərəncamı verməsiydi. Abşeron yarımadasında belə qanunsuz, hər hansı memarlıq sənədi olmayan gecəqondular minlərlədir. Hökumət uçurtmaq istəyəndə, xalq ayağa qalxır. Yerləşdirmək üçün uyğun, əlçatan ipoteka proqramları da yoxdur. MİDA iki bina tikir, camaat 2 saniyədə satın alır, hətta sayt çökür. Üstəlik, bizdə qanuni sənədi olan binaların da konstruksiyası şübhəlidir, çünki korrupsiya olan yerdə qanun işləmir.

Qayıdaq alimlərin dalaşdırılmasına. Bizim media da sanki belə dava axtarır, elmi diskussiya əvəzinə xoruz döyüşdürmək istəyirik. Bu işdə gerçək alimlərimizin günahı var. Qoy onlar, xüsusən gənclər mediaya açıq olsunlar, elmi populyarlaşdırmaq üçün məqalələr, kitablar yazsınlar, çıxışlar etsinlər.

Təbii ki, belə mövzular açılanda keçmiş zəlzələşünas “alim”, Səfər Əbiyevin dostu Elçin Xəlilovu yada salmamaq günah olardı. Ən yaxşısını o eləmişdi: bir dəfə Yasamaldan deputatlığa namizədliyini vermişdi və camaata demişdi ki, əgər məni seçməsəniz zəlzələ olanda sizə xəbər verməyəcəyəm. Yasamal camaatı Xəlilovu seçmədi, ancaq o vaxtdan bəri zəlzələ də olmur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR