İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta pul cinayəti - onu kimlər və necə törədir...

İqtisadçı-alim, ADR Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 204.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülməsi bir mövzunu da gündəmə gətirib.

Bəllidir ki, saxta pul hazırlamaq - xüsusilə dollar - asan məsələ deyil. Bu, qlobal bir cinayətdir. Bəllidir ki, dünya dövlətlərinin 70 faizdən çoxu özü pul əsginası hazırlaya bilmir, onların pulunu bu sahədə ixtisaslaşmış dövlətlərin şirkətləri çap edir. Dünyanın böyük hissəsinin bacara bilmədiyi işi (pul hazırlamağı) həyata keçirmək əlbəttə ki, adi iş deyil.

Saxta pul hazırlamaq, əldə etmək, satmaq nə anlama gəlir? Qubad İbadoğluna verilən ittihamda o, pulu hazırlamaqda, yoxsa əldə edib satmaqda təqsirləndirilir?

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

Fikrət Yusifov: “Saxta pul və ya qiymətli kağızlar hazırlamaq, onları əldə edib satmaq kimi əməllər dünyanın bütün ölkələrində cinayət sayılır və buna görə ciddi cəzalar nəzərdə tutulur”

Sabiq maliyyə naziri Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, saxta valyuta çapı dünyanın demək olar ki, bütün valyutaları ilə bağlı baş verir: “Bu gün dünyada valyutaların saxtalaşdırılması sırasında birinci yer Çin yuanına, ikinci yer Hindistan rupisinə, üçüncü yer isə nə qədər qəribə olsa da dünyanın etalon valyutası hesab edilən Amerika Birləşmiş Ştatlarının dollarına məxsusdur. Nə qədər qəribə olsa da bütün texnologiyaların yüksək səviyyədə inkişaf etdiyi ABŞ dünyanın bir saylı valyutası hesab olunan milli valyutasının təhlükəsizliyini yetərincə təmin edə bilmir və bu sırada dünyanın lider ölkələrindən biridir. Yeri gəlmişkən, ABŞ dollarının ən çox saxtalaşdırdığı məkan Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin ərazisidir. Saxtalaşdırılan ABŞ dollarının 70%-i 20 və 100 dollarlıq küpürlərin payına düşür”.

İqtisadçı qeyd edir ki, Azərbaycanın milli valyutası dünyanın qorunma səviyyəsi yüksək olan ən etibarlı valyutaları ilə bir sırada dayanır: “Təəssüf ki, bütün dünyada saxtalaşdırılan dolların həcmi durmadan artmaqdadır. Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin verdiyi məlumatlara görə, bu gün dünyada 200 milyona yaxın saxta dollar dövriyyədədir və bu o deməkdir ki, hər 4000 dollar küpüründən biri saxtadır. Lakin mütəxəssislər bu rəqəmin gerçəkləri tam əks etdirmədiyini və onun bəyan edildiyindən ən azı 2 dəfə çox olduğunu deyirlər. ABŞ dollarının ən yüksək səviyyədə saxtalaşdırıldığı ölkə Şimalı Koreya və İraq hesab olunur.

Saxta pul və ya qiymətli kağızlar hazırlama, onları əldə edib satmaq kimi əməllər dünyanın bütün ölkələrində cinayət sayılır və buna görə ciddi cəzalar nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204-cü maddəsində də belə əməllərə yol verənlərə qarşı ciddi cəzalar nəzərdə tutulur və bu əməllər xeyli miqdarda törədildikdə cəza daha da sərtləşdirilir".

Şəxsi həyatın toxunulmazlığı haqda – Əkinçi

Zibeydə Sadıqova: “Qubad İbadoğluna konkret hansı əməl üzrə ittiham irəli sürülüb, o bildirilməyib...”

Məsələ ilə bağlı Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova ilə də əlaqə saxladıq. O, “Yeni Müsavat”a dedi ki, əslində konkret hansı əməllə bağlı ittiham irəli sürülüb, o bildirilməyib: “Çünki orada maddə çoxdur - əldə etmə, daşıma, çıxartma. Hələlik bu konkretləşməyib. Sadəcə olaraq, ümumi bildirilib. Qubad bəy tutulan andan bildirir ki, ona qarşı irəli sürülən bu ittihamlar tamamilə əsassızdır. O bildirir ki, bunlar onun siyasi fəaliyyəti ilə bağlıdır. Qubad bəy uzun müddətdir Azərbaycanda deyildi. İngiltərədən gəlmişdi, onda heç dollar olmayıb. Bu məsələdə Qubad bəyin fikri konkretdir”.

İqtisadçı alim, ADR Partiyasının rəhbəri Qubad İbadoğlunun bağ evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb.

Musavat.com xəbər verir ki, Qubad İbadoğlunun Novxanıda “kanal batan yer”də yerləşən bağ evinin yoxlanmasında “maskalılar”ın iştirakı da müşahidə olunub. 

Musavat.com-a yerli əhalinin verdiyi məlumata görə, axtarış zamanı evdə Qubad İbadoğlunun qardaşı və həyat yoldaşı iştirak edib.

İyulun 26-da həmçinin Q.İbadoğlunun Mətbuat prospektində yerləşən mənzilində də axtarış aparılıb.

Qubad İbadoğlunun evində aparılan axtarışda iştirak edən vəkil əlavə edib ki, onun evindən heç nə tapılmayıb: “Qubad İbadoğlunun evindən iki kompüterin prosessoru götürüldü. Bir kitab götürdülər. O da Qafqaz Müsəlmanları İdarəsinin icazəsi ilə buraxılan İslama aid bir kitab idi. Yəni ona qarşı irəli sürüləcək əhəmiyyətli bir əşya tapılmadı”.

Vüqar Bayramov: "Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəmiz  genişlənməkdədir"

Vüqar Bayramov

Dünən Qubad İbadoğlunun deputat qardaşı Vüqar Bayramov da baş verən olayla bağlı açıqlama verib. “Son bir həftə ərzində xarici səfərdə olduğum üçün qardaşım Qubad İbadoğlunun həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanım yox idi. Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəm.  Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar, sadəcə, təəssüf doğurur.

İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəyəm. Allah bütün məhbusların qapısını açsın", - deyə deputat bildirib.

Yada salaq ki, saxlanılan Qubad İbadoğlu barəsində həbs-qətimkan tədbiri seçilib. Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib və Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Qubad İbadoğluna Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR