Onlayn ictimai-siyasi qəzet
Sabiq deputat və keçmiş səfir Elmira Axundovanın ailə dostu kimi tanınan Elnur İbrahimovun 9 illik həbs həyatı bir neçə ay sonra başa çatır. İndi əsas sual budur: Elnur İbrahimov azadlığa çıxacaq, bəs dövlətin adından çıxarılan 350 min manatlıq hökmü kim icra edəcək?
Bu sualı zərərçəkmiş Fərman Məmmədov da verir. O, ədliyyə naziri Fərid Əhmədova məktubla müraciət edərək bildirir ki, məhkəmə hökmü var, lakin 6 ildir icra olunmur. Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin, icra məmurunun cinayətə bərabər hərəkətsizliyi nəticəsində Elnur İbrahimovun nə əmlakına həbs qoyulub, nə də 1 manat ödəniş edilib. İcra məmurunun hərəkətsizliyini də Sabunçu Məhkəməsi qanunsuz hesab edən qərar çıxarıb! Amma yenə də heç bir tədbir görülməyib!
Əslində hər şey 2013-cü ildə başlayıb. Elmira Axundovanın deputat mandatı cibində olduğu günlərdə, o, oğlu Həbib Axundov ətrafında olanlara “iş adamı” imicində tanıtmağa başlayır, onlara söz verir ki, oğlu Həbib Dubaydan dəftərxana ləvazimatı gətirəcək, dövlət qurumlarına satacaq, qazancı da dividend kimi anasının çağırışı ilə ona külli miqdarda pul verənlərlə böləcək.
Bunun üçün Elmira Axundovanın ətrafında olanlardan yüz minlərlə manat toplanıb. Pul sahibləri arasında ailə dostları, hətta Axundova namizəd olarkən 2 dəfə vəkili olan şəxs də var. Amma sonra məlum olur ki, bu, sadəcə kağız üzərində qurulmuş “biznes” imiş. Axundovaya inanıb onun oğluna pul verənlərə dividend adı ilə qaytarılan vəsait də elə öz pullarının cüzi bir hissədir.
Pul axını dayananda zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edir və Həbib Axundovun adını çəkirlər. Həmin anda Elmira Axundova dövriyyəyə girir. “Biznes”ə cəlb olunanlara “narahat olmayın, bəzi dəqiqləşdirmələrdən sonra pullar qaytarılacaq”, deyir. “Dəqiqləşdirmələr”dən illər keçir, pullar isə qaytarılmır...
Əvəzində “günah keçisi” olaraq Elnur İbrahimov önə çıxarılır. Guya bütün pullar ona çatıbmış kimi təqdim olunur.
2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdəki “Qafqaz Resort” otelində Elmira Axundova ilə görüşdürür. Bir neçə gün sonra Elnur İbrahimov gizli şəkildə ölkədən qaçır – Gürcüstan sərhədini keçir, sonra Rusiyada yoxa çıxır. Azərbaycan hüquq-mühafizə orqanları 3 ilə yaxın onu tapa bilmir.
Nəhayət, 2016-cı ildə Elnur İbrahimov həbs olunur və Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il azadlıqdan məhrum edir. Həmçinin, Fərman Məmmədova 350 min manat ödəməli olduğu qeyd olunur. Amma...
6 ildir nə ödəniş var, nə də icra prosesi. İcra məmurları sadəcə “ödəmə qabiliyyəti yoxdur” deyirlər.
Bu gün məsələnin ən qalmaqallı hissəsi də elə budur. Məhkəmə hökmü ilə mülki iddiaçı olaraq tanınan Fərman Məmmədova Elnur İbrahimov 1 manat da ödəmədiyi vaxtda, Həbib Axundova 55 min manat ödəyib!
İcra məmurunun “pulu yoxdur” dediyi Elnur İbrahimov bu pulu Həbib Axundova hansı hesabdan ödəyib? Əgər bu vəsait varsa, niyə məhkəmə hökmü ilə mülki iddiaçı olaraq tanınan zərərçəkmiş Fərman Məmmədova deyil, Həbib Axundova ödənilib?
Bu suallar ortadadır və cavabsızdır.
Əsas sualladan biri də bu halda Azərbaycan dövləti adından çıxarılan hökm kağız üzərində qalacaqmı? Əgər Elnur İbrahimov azadlığa çıxacaqsa və bu hökm kağız üzərində qalacaqsa, bu, dövlətin hüquq sisteminin simasına ləkədir.
Zərərçəkmiş Fərman Məmmədovun sualı sadədir: “Cənab nazir, məhkəmə hökmünü kim icra edəcək?”
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ