Onlayn ictimai-siyasi qəzet
“Özü yıxılan ağlamaz”. Bu məşhur atalar sözümüzü Azərbaycan-Rusiya münasibətlərinin indiki durumuna proyeksiya edəndə əlbəttə ki, şimal qonşumuzun 9 Mayla bağlı Bakıdan, konkret olaraq, Prezident İlham Əliyevdən hər hansı umu-küsü, giley-güzar etməyə zərrəcə haqqı yox.
Yaxud “nə tökərsən aşına, o da çıxar qaşığına”, “örtülü bazar dostluğu pozar” müdrik kəlamları. Əgər Rusiya Azərbaycanı həqiqətən özünə dost hesab edirsə, Putinin imzası duran Moskva Bəyannaməsinə (22.02.2022) birc azca sayğılıdırsa, onda öncə zəhmət çəkib özü də dost olmağı öyrənməlidir, nəinki dosta, qonşuya imperiya təfəkkürü ilə, “vülikorus” düşüncəsi ilə, “ikinci sort” ölkə kimi yuxarıdan aşağı baxmalıdır.
Və yaxud Moskva ən yüksək səviyyədə “Rusiyanın ən etibarlı dostu onun ordusudur” deyib (Putin) yeni torpaq işğalına eyham vurmamalıdır. Kəsəsi, güzgüyə baxıb özünə çəki-düzən verməli, nəhayət, özünü sivil dövlət kimi aparmağı bacarmalıdır...
Təəssüf ki, bunların heç biri gözə dəymir. 4 ildir dinbir, dilbir Ukraynanın başına gətirilənlər bunun ən bariz sübutudur. Məntiqlə qardaş saydığı xalqa qıymayan bir dövlət, toplum digərlərinə nə baxır?
Bu üzdən Rusiyadan hamı ən yaxşı halda məsafə saxlamağa çalışır. Daha bir səbəbə: Rusiya öz imzasına hörmət etməyən, etibarı doğrulda bilməyən, XXI əsrdə də öz maraqlarını müstəsna olaraq hərbi güc yolu ilə reallaşdırmağa çalışan təhlükəli bir ölkə. Başqalarını daima hədələyən dövləti kim sevər, kim onunla dost olmaq istəyər ki...
Bu xüsusda sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun aşağıdakı fikirləri yerinə düşür. Zülfüqarov deyir ki, tarixin müxtəlif dönəmlərində Rusiya hökmdarlarının necə adlanmasından asılı olmayaraq - çar, imperator, baş katib və ya prezident – orada idarəetməyə “Bizans” yanaşması dəyişməz qalıb.
“Moskva özünü “Üçüncü Roma” elan etdikdən və onun hökmdarları özlərini çar, imperator, baş katib və ya prezident adlandırdıqdan sonra çox şey dəyişdi, lakin Bizansın ölkəni idarə etmə üsulu və xarici siyasəti dəyişməz qaldı”, - diplomat qeyd edib.
O, mövcud durumda Rusiya ilə hətta müttəfiq olmağın da təhlükəli olduğuna diqqət çəkib: “Qayda dəyişməz qalır: Moskva ilə düşməni olmaq təhlükəlidir. Ancaq onun dostu olmaq ölümcül təhlükəlidir”.
Keçmiş XİN başçısı ardınca bildirib ki, Azərbaycanın ən yeni tarixi bunu artıq bir neçə dəfə sübut edib. “Ancaq bu gün çox şey dəyişib. Biz artıq əvvəlki millət deyilik. Bizdə qalib xalq psixologiyası var. Biz birlik və siyasi iradə nümayiş etdirmişik. Biz Moskva neo-bizanslılarına sübut edə bilərik ki, atalar məsəlimizdə deyildiyi kimi, “Mənə hörmət edən mənim dostum və ağam, hörmət etməyən isə nökərimdir””, - Tofiq bəy vurğulayıb.
Keçmiş nazir Azərbaycana təzyiq cəhdlərinin uğursuzluğa məhkum olduğuna əmindir: “Bizi “sındırmaq” cəhdləri vaxt itkisidir. Əgər dostunuzun, tərəfdaşınızın olmasını istəyirsinizsə, o zaman bizə dost və tərəfdaş kimi baxın”.
Baxacaqlarmı? Rusiyanın imperiya “eqosu” imkan verəcəkmi? Moskva nə vaxtsa öz hərəkətlərində səhv tapacaqmı? Yaxın günlərdə bir daha əminlik hasil edəcəyik...
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ