İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “TT” siyasəti: həm təhdid, həm tumar...

Paşinyan hakimiyyətinin Qərbə sığınması, anti-Rusiya davranışları gərginliyi tətikləyir; Kremldən xəbərdarlıq, Paşinyan iqtidarı üçün gerisayım başladı

Rəsmi İrəvan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin hədəsinə hələ də  rəsmi cavab verməyib. Xatırladaq ki, Qaluzin açıq şəkildə bəyan edib ki, “Ermənistanın Rusiyanın orbitindən çıxıb Qərbə doğru irəliləməsi onun varlığını şübhə altına ala bilər”. Rusiya xarici işlər nazirinin müavini Ermənistanın “geosiyasi dalğalanmaları” və KTMT-dən çıxmaq niyyətlərindən danışaraq, “belə siyasətin müstəqilliyin itirilməsinə səbəb ola biləcəyi” xəbərdarlığını edib. 

Bununla belə, yüksək rütbəli rusiyalı diplomat Ermənistan üçün “kimliyini və müstəqilliyini itirmək” təhlükəsindən danışarkən nəyi nəzərdə tutduğunu açıqlamayıb. Yəni bilinmir ki, Ermənistan Qərbdən asılı vəziyyətə düşəcək, yoxsa Rusiya Ermənistanın indiki siyasətinə görə dövlət kimi mövcudluğuna son qoyacaq. Hakim partiyadan olan deputat, Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan Qaluzinin bəyanatını “anlaşılmaz və qəribə” adlandırıb. “Ermənistan çoxlu tərəfdaşları ilə münasibətlərini dərinləşdirməyə çalışır və biz təhlükəsizlik və iqtisadiyyat sahəsində əlaqələrimizi şaxələndirmək yolu ilə gedirik”, - deyə Xandanyan bildirib. Deputat əlavə edib ki, Ermənistanın seçimi yoxdur: KTMT-dən çıxmaq, ya yox. Əksinə, KTMT-nin özü (oxu: Rusiya, red.) Ermənistanla münasibətlərini necə quracağı seçimi qarşısında qalıb. “Hesab edirəm ki, bu seçim Ermənistanın deyil, KTMT-nin qarşısındadır və Ermənistan KTMT ilə münasibətləri ilə bağlı mövqeyini çox açıq şəkildə ifadə edib və bizim münasibətlərdə mövcud olan bütün problem və narahatlıqları qeyd edib”, - Xandanyan vurğulayıb. 

Rusiya Xarici İşlər Nazirliyi Ermənistana qarşı getdikcə daha sərt ritorikadan istifadə etsə də, ölkənin siyasi dairələrində hələ də Moskva ilə İrəvan arasında mövcud gərgin vəziyyətin müvəqqəti olduğuna inanırlar. “Ermənistan və Rusiya arasında çətinliklər var, lakin tərəflər onları həll etməyə çalışırlar”, - deyə Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Kazbek Taisaev bildirib. Onun fikrincə, Ermənistanı Rusiyadan qoparmaq demək olar ki, mümkün deyil: “Ermənistan KTMT-nin üzvüdür, Rusiya hərbçiləri Ermənistan ərazisində yerləşdirilib və çox konkret vəzifələri var. Ölkələrimizin rəhbərləri arasında dialoq var və bu dialoq bizə yaranan problemləri, anlaşılmazlıqları həll etməyə imkan verir. Hesab edirəm ki, əgər hansısa uzunmüddətli prosesdən danışırıqsa, Ermənistanı Rusiyadan qoparmaq demək olar ki, mümkün deyil”, - rusiyalı senator qeyd edib. Paşinyan hakimiyyətinin Qərbə sığınması, anti-Rusiya davranışları iki ölkə arasında aylardır davam edən gərginliyi tətikləyir. 

Dünya tramplaşır” - Sahib Alıyev

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bu mövzunu şərh edərkən əvvəlcə çox maraqlı bir lətifəni nəql etdi və olduqca yerində bir paralellik apardı: “Mən Qaluzinin Ermənistanın müstəqilliyini itirəcəyi haqda açıqlamasını eşidəndə Molla Nəsrəddinə arvadının yıxıldığı və ağlının başından çıxdığı deyiləndə onun reaksiyası yadıma düşdü. Molla bu xəbəri gətirənə "onun ağlı var idi ki, başından da çıxsın, görəsən, o çıxan nə olub" demişdi. Mollanın sözü olmasın, Ermənistanın müstəqilliyi vardı ki, onu da itirsin? Ermənistan müstəqil deyil, olmayıb və yeridilən siyasətdən də görünür ki, olmayacaq". Paşinyanın Rusiyadan uzaqlaşmaq məsələsinə gəldikdə, S.Alıyev bildirdi ki, quru sözdən başqa bu məsələ ilə əlaqədar ciddi hər hansı bir addım atıldığını müşahidə etmir: “Onun (Paşinyanın-red.) anti-Rusiya təsiri bağışlayan açıqlamaları, Ukraynaya qarşı savaşda sözügedən dövləti dəstəkləmədikləri kimi fikirləri daha çox görüntü yaratmaqdır. Rəsmi İrəvan Rusiyanı necə dəstəkləmir ki, Qərbin ora satışına qadağa qoyduğu ikili təyinatlı malların böyük əksəriyyəti amerikalıların araşdırmalarından da göründüyü kimi, ya Ermənistan üzərindən birbaşa, ya da Qazaxıstan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirliklərinə və digərlərinə satılmaqla, dolayı yolla çatdırılır. Yəni Qazaxıstan, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərindən Rusiyaya göndərilən sanksiyalı mallar Ermənistanın Qərbdən alıb onlara satdıqlarıdır”. S.Alıyev hesab edir ki, bir sözlə, bu gün Paşinyan hakimiyyətdən getməsi Ermənistanın Rusiyanın orbitindən çıxacağından daha real görünür: “Halbuki hələ heç Paşinyan da gedənə bənzəmir”.

Sahib Məmmədov (siyasətçi) — Vikipediya

 Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə münasibətlərin kritikləşəcəyini güman edir: “Ermənistanın davamlı demarşları əlbəttə ki, əvvəl-axır Rusiyanın "səbir kasasını" doldura bilər. Uzun müddət Rusiyanın forpostu rolunda olub, Rusiya ilə özünü strateji müttəfiqi kimi aparan Ermənistanın indi Rusiyaya qarşı bəzi hallarda düşmən münasibəti Kremli  qıcıqlandırır. Ermənistan uzun illərdir ki, Rusiyanın hesabına ayaq üstə qalıb. Həm hərbi, həm iqtisadi, həm diplomatik sahədə misli görünməmiş dəstək alıb. İqtisadi və hərbi baxımdan Rusiyadan tam asılı bir dövlətdir. İndi də bu asılılıq qalır. Ermənistan hələ də Rusiyadan güzəştli şərtlərlə xammal və yanacaq almaqdadır. Ermənistanın əsas təsərrüfat sahələri, rabitə və kommunikasiyası demək olar tamamilə Rusiya dövlərinin və ya Rusiya kommersiya qurumlarının idarəçiliyindədir. Ermənistan Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan ən çox bəhrələnən dövlətdir. Rusiya ilə azad ticarət zonasında olmasından istifadə edərək, sanksiya tətbiq edən ölkələrdən alınan malların reeksportunu həyata keçirməklə külli miqdarda qazanc əldə edir... Ermənistan bu gün də Rusiya ilə birgə inteqrasiya olunduğu təşkilatlardan bəhrələndiyi halda onların işini boykot etməkdədir və hərbi blok olan KTMT-ni faktiki boykot edərək onun fəaliyyətini iflic edib və nüfuzuna zərbə vurub. Bu baxımdan Rusiya Federasiyasının yüksək vəzifəli məmurunun açıqlaması həqiqəti əks etdirir". STM icraçı direktoru bildirdi ki, Ermənistan Rusiyaya qarşı qeyri-dost hərəkətlərini artırdıqca, Rusiyanın səbri tükənə və əks tədbirlərə başlaya bilər: "Bu isə Ermənistan üçün yaxşı nəticə verməz. Yüksək vəzifəli şəxslərin sərt açıqlamalarına baxmayaraq yaxın dövrdə Rusiyanın Ermənistana qarşı sərt addımlar atacağını düşünmürəm. Fikrimcə, Rusiya hələ də səbr nümayiş etdirməkdə davam edəcək. Ermənistanın demarşları  Rusiyanın maraqlarını ciddi təhlükə altına almayıb. Rusiya hələ də bu demarşlara Paşınyanın kaprizləri kimi baxmaqdadır. Ermənistanın xarici siyasətində ən ciddi səhflərdən biri də müstəqil olmadığı halda özünü müstəqil aparmağa cəhd etməsidir. Uzunmüddətli planda bu naşı siyasət ona baha başa gələ bilər. Azərbaycanla münasibətlərində də qeyri-stabillik nümayiş etdirməsi naşı siyasətlə bağlıdır. Belə demək mümkün olsa, Ermənistanın özünü Azərbaycan kimi aparması alınmayacaq. Azərbaycan əvvəldən müstəqil siyasət aparıb, heç bir dövlətdən nə siyasi, nə də iqtisadi asılılığı yoxdur. Rusiya da, digər dövlətlər də yaxşı bilirlər ki, heç bir dövlət, heç bir qüvvə Azərbaycan ərazilərini başqa dövlətlərə qarşı nə hərbi, nə siyasi, nə ideoloji, nə də iqtisadi baxımdan platsdarm kimi istifadə edə bilməyəcək və bu, mümkün deyil. Ona görə də Azərbaycandan ehtiyat etməyə dəyməz. Doğrudur, bəzi qonşularımız, o cümlədən İran bunu bəzən düzgün dəyərləndirə bilmir, amma zaman keçdikcə Azərbaycanın onlar üçün təhlükə olmadığını başa düşüb, sakitləşirlər. 

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR