Onlayn ictimai-siyasi qəzet
NATO-nun baş katibi Mark Rütte alyansın müttəfiqlərinə xəbərdarlıq edərək Rusiya ilə ümumi sərhədi olmayan ölkələrin də onun ən yeni raket texnologiyalarına görə təhlükə altında olduğunu bildirib. O, bunu Lüksemburqda keçirilən mətbuat konfransında bəyan edib.
"Gəlin, sadəlövh olmayaq, bu, nə vaxtsa Lüksemburqa və mənim ölkəm Niderlanda da təsir edə bilər. İndi düşünürük ki, bizim üçün təhlükə yoxdur və Rusiyadan uzaqdayıq. Lakin ən yeni raket texnologiyaları kontekstində Litva ilə Lüksemburq, Haaqa ilə Madrid arasında fərq üç-on dəqiqədir. Raketin Avropanın bu hissələrinə çatması üçün məhz bu qədər vaxt lazımdır", - M.Rütte qeyd edib.
Təhlükənin alyansın bütün üzvlərinə aid olduğunu bir daha vurğulayan baş katib ABŞ-nin NATO-nun maraqlarına sadiqliyini təsdiqləyib.
"Təhlükəsiz Birləşmiş Ştatlar üçün təhlükəsiz Atlantika, təhlükəsiz Avropa və təhlükəsiz Arktika lazımdır, əks halda ABŞ-nin özü də təhlükə altında olacaq", - o əlavə edib.
Bütün bunlarla bağlı politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, baş katibin açıqlaması kifayət qədər diqqətçəkəndir:
"Qəribədir, Rusiya 3 ildir Ukrayna müharibəsi aparmasına, Qərbin təzyiqlərinə məruz qalmasına baxmayaraq, NATO hələ də onun haqqında ehtiyatla danışır. Görünür, Moskva özünün hegemonluğunu qorumağı bacarır. Təbii ki, bu, təsadüfi verilən açıqlama deyil. Baş katibin səsləndirdiyi fikirlərin Qərb ölkələrində ciddi ajiotaj yaratması da mümkündür.
Məsələ burasındadır ki, faktiki olaraq bataqlıqda olmasına baxmayaraq, Rusiya hələ də müəyyən siyasi, iqtisadi və hərbi imkanlara malikdir. Kreml bu gün demək olar ki, bütün Qərblə mübarizə aparır. Amma müqavimət göstərə bilər. Ola bilsin, elə bu müqavimətin özü də NATO-nu qorxuya salıb.
Mark Rüttenin açıqlamasını iki cür başa düşmək olar. Birincisi, ola bilsin, NATO Rusiyanın gücünü qabardaraq gələcəkdə hansısa formada güzəştə getməyə hazırlaşır.
İkincisi, ola bilsin, NATO bunu əsas götürərək güclənmə və özünümüdafiə adı ilə Rusiyaya qarşı təzyiqləri artıracaq.
Məncə, indiki situasiyada ikinci variant daha inandırıcı görünür. Hərçənd təşkilat daxilində Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı olmayan aktorlar da var. Ən azından alyansın ikinci dövləti olan Türkiyə bunu istəmir. Gələcəkdə NATO-nun Rusiyaya təzyiqləri artırması mümkündür".
Cavanşir ABBASLI
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ