Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Ağ Evdə imzalanmış tarixi sənədlərin üstündən bir ay, Abu-Dabu görüşündən isə iki ay keçməmiş bu dəfə Çində bir araya gəldilər. “Saat əqrəbləri” indi də bu dövlətdə tutuşduruldu.
Rusiya isə növbəti dəfə “ofsaytda” saxlanıldı. Halbuki 44 günlük Vətən savaşından sonra Əliyev, Paşinyan və Putin il ərzində dəfələrlə üçlü formatda görüşmüş, birgə bəyanatlar (Moskva, Soçi) qəbul etmişdilər.
Şübhə yox ki, Əliyevlə Paşinyanın, Ərdoğanla Paşinyanın Çin danışıqları sülh prosesinə əlavə stimul verəcək. Bu kimi təmaslar, eləcə də Azərbaycan və Ermənistanın 1-ci xanımlarının ilk dəfə görüşərək birgə şəkil çəkdirməsi iki xalq arasında nə qədər çətin də olsa, etimad mühitinin yaranmasına və düşmənçilik səhifəsinin daha tez qapanmasına, barışığın əldə olunmasına yardımçı ola bilər.
Artıq böyük sülhə doğru yolda iki ən ciddi əngəldən biri aradan qalxıb. ATƏT-in Minsk Qrupu rəsmən ləğv olunub. Qalır Ermənistan Konstitusiyasına müvafiq düzəlişi edib paraflanmış sülh müqaviləsini imzalamaq, tərəflər arasında, o cümlədən Ankara və İrəvan arasında diplomatik münasibətlər qurmaq.
Təbii ki, bundan sonra bütün anti-Türk çevrələr və müharibə tərəfdarları, özəlliklə erməni lobbisi və erməni kilsəsi, habelə Ermənistanda Rusiyaya bağlı qüvvələr və rəsmi Kreml bütün güclərini məhz konstitusiya dəyişikliyinə qarşı səfərbər edəcəklər. Çünki bu, onların aranı qarışdırmaq üçün sonuncu rıçağıdır.
Bəs Moskvanın öz günahı üzündən prosesdən kənarda qalması, obrazlı desək, Çində Bakıdan “sarı kart” alması böyük sülhə hansı əngəli yarada bilər? Rusiyanın Ermənistan əhalisini Paşinyana qarşı qaldırmaq potensialı nə dərəcədə ciddidir?
Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Rusiyanın müdaxilə imkanları tükənir. Onun fikrincə, sonuncu istinad nöqtəsi üçtərəfli sazişdir, Bakı və İrəvan onun qüvvədən düşdüyünü birgə bəyanatla elan edə bilər. Z.Qarayeva hesab edir ki, Çində üçtərəfli görüşün olmayacağı da gözlənilən idi: “İlk növbədə Azərbaycan-Rusiya münasibətləri pisləşib. İkincisi, belə bir formatda görüşə ehtiyac yox idi, çünki tərəflər sülh mətnini paraflayıblar. Yəni Rusiyanın iştirakı ilə müzakirə ediləcək mövzular yalnız əməkdaşlıq sahələri ola bilərdi. Əgər Moskva Bakı ilə İrəvan arasında hər hansı mövzuda vasitəçilik etməyə həvəslənibsə, buna zərurət qalmayıb. Bu mənada Rusiyanın sonuncu bəhanəsini də əlindən almaq lazımdır. Söhbət 10 noyabr sənədindən gedir. Bu günlərdə Paşinyanın sözlərinə Zaxarova cavab verdi ki, üçtərəfli saziş qüvvədə qalır. İndi buna cavab olaraq hər iki tərəf bəyannamədən çıxdığını bildirməlidirlər. Mənim gözləntim budur ki, belə bir qərar olacaq. Ondan sonra Rusiyanın regiondakı məsələlərə qarışmağa imkanı olmayacaq”.
Züriyə Qarayeva
Z.Qarayeva hesab edir ki, Cənubi Qafqaz yeni dövrə daxil olur və böyük dəyişikliklər olacaq: “Artıq nəqliyyat kommunikasiyalarının açılması qaçılmazdır. Çinin də bu layihələrə böyük marağı var. Belə olan halda, Rusiya köhnə narrativlərlə siyasət yürüdə bilməz. Bölgədə onun qalması üçün yeganə yolu Azərbaycan və Ermənistanla əməkdaşlıqdır. Əgər imperiya zehniyyəti ilə yaşamağa davam etsə, bu ölkələri özündən kiçik görsə, Rusiya təzyiq yolları ilə heç nə edə bilməyəcək”.
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev Rusiyanın Ermənistanda inqilab potensialı olmadığını düşünür. Onun fikrincə, yalnız hərbi çevrilişə əl ata bilər ki, bu da real görünmür: “Ona görə əhalini Paşinyanın üstünə qaldırmaq çətindir. Rusiyanın müxtəlif ssenariləri ola bilər, sadəcə, Ermənistan hakimiyyəti ilə münasibətlər indi əvvəlki qədər gərgin deyil. Hətta Paşinyan Rusiyanı "qardaş ölkə" adlandırdı. Burada Azərbaycan-Rusiya əlaqələrinin korlanmasından sui-istifadə elementi də var. Ancaq bütün hallarda, Bakı və İrəvan əsas məsələləri həll ediblər. Yekun sülh müqaviləsi üçün konstitusiya dəyişikliyi olmalıdır. Məncə, Ermənistan buna da gedəcək. Yəni işi yarımçıq qoymaq olmaz. Bundan sonra Rusiyanın regionda araqarışdıranlıq etməsi üçün bütün alətlər əlindən çıxacaq. Hazırda Moskva proseslərə müdaxilə edə bilmir. Çünki Ukrayna müharibəsi onu strateji cəhətdən xeyli dərəcədə zəiflədib. Bu da ciddi şəkildə təsirlərini göstərməkdədir. Artıq Cənubi Qafqazda Rusiya mövqeyini itirib. Duqin də etiraf etdi ki, bölgədən çıxarılıblar. Ona görə də Çində Azərbaycan və Ermənistan liderləri öz təşəbbüsü ilə görüşdülər, vasitəçiyə ehtiyac qalmadı. Putinin iştirakı ilə üçtərəfli görüşə ehtiyac da yox idi".
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın 10 noyabr üçtərəfli bəyanat barədə dediklərinə münasibət bildirib. Zaxarova keçirdiyi brifinqdə Paşinyanın bəyanatını “nitq fiquru” adlandırıb. Zaxarova qeyd edib ki, 2020-2022-ci illərin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil. Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”. “9 noyabr 9 noyabrda qaldı”, - Paşinyan əlavə edib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
ŞƏRHLƏRŞƏRH YAZ