Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan prezidenti cənab İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında yeni - sürətli inkişaf mərhələsinin başlanğıcıdır".
Bu sözləri Musavat.com-a siyasi təhlilçi Sona Əliyeva deyib.
Onun sözlərinə görə, iki ölkə arasında viza rejiminin hələ bu səfərdən öncə ləğv edilməsi onu göstərir ki, Bakı ilə Pekin arasında təkcə ticari-iqtisadi əlaqələr yox, həm də turizmin inkişaf potensialı üçün yaşıl işıq yandırılıb: "Digər tərəfdən, “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Azərbaycan qlobal iqtisadi layihənin əsas logistik mərkəzi kimi Çindən Britaniyaya uzanan yol qovşağının döyünən nəbzinə çevrilib. Bakı Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı tərəfdaşlarındandır. Çox güman ki, yaxın gələcəkdə ölkəmiz ŞƏT-dəki statusunu bir qədər də yüksəldəcək. Çin və Rusiya kimi ölkələr də bu məsələdə maraq göstərirlər. İndi Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Bunu təkcə Azərbaycan prezidenti yox, Çinin ali rəhbərliyi, eləcə də aparıcı beyin mərkəzləri də etiraf edirlər. Ölkə başçısı İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirdi ki, biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.
Bununla da Azərbaycana investisiya axınının sürətlənməsi üçün hər hansı problemin qalmadığı, əksinə hər kəs üçün çox gözəl şəraitin olması ilə bağlı birbaşa cənab prezident tərəfindən üzv ölkələrinin diqqətinə çatdırıldı. Bunun əyani sübutu da mövcuddur. Belə ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biridir. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir. Xüsusilə “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Azərbaycan Cənubi Qafqazın əsas nəqliyyat-logistika mərkəzinə çevrilir. Bu da Çin mallarının Avropaya daha qısa vaxtda və sərfəli marşrutla çatdırılmasına imkan yaradacaq.
Azərbaycanın dövlət olaraq güclənməsi, iqtisadi imkanlarının artması nəyi tələb edirsə, məhz həmin hədəfə doğru irəliləyir. Çinlə yüksələn əməkdaşlığımız göstərir ki, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Zəngəzur dəhlizi fonunda bir-biri ilə rəqabət halında olan geosiyasi qütbləri bir araya gətirən, əməkdaşlıq üzərindən bir model ortaya qoyan, "qazan və yenə də qazan" prinsiplərini ön plana çəkən bir dövlət rolunu oynayır. Azərbaycan hərbi-strateji rəqabətdən daha çox iqtisadi maraqların üstünlüyünü vurğulayır.
Çinlə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafı üçün möhkəm bünövrə mövcuddur. Belə ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü dəstəkləyən dövlətlərdəndir. Eyni zamanda, Azərbaycan Çinin Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib. Ölkə başçısı da öz çıxışında vurğuladı ki, Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq.
Müasir reallıqlarda Orta Dəhlizin əhəmiyyəti sürətlə artır. Bu marşrut vasitəsilə Çindən Avropaya yüklər artıq 10 min kilometr deyil, 7 min kilometr məsafə ilə, cəmi 12 günə daşına bilir. Çinlə Avropa arasında illik 700 milyard dollarlıq ticarət dövriyyəsini nəzərə alsaq, Orta Dəhlizin strateji və perspektivli əhəmiyyətini aydın görmək mümkündür.
Bildirmək istəyirəm ki, ölkə başçısının Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni zirvələrin fəthi ilə yekunlaşmaqdadır. Eyni zamanda, ölkə başçısının yürütdüyü çoxgedişli və balanslı siyasi kurs nəticəsində Bakı dünyanın yeni nəfəsliyinə çevrilir. İndi bütün böyük güclər Azərbaycanı etibarlı tərəfdaş və əsas aktor kimi qiymətləndirməkdədirlər".
Cavanşir ABBASLI
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ