İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Azərbaycana pomidor qadağası - Kreml yenə ənənəvi üsula əl atdı

Elan edilməmiş sanksiya, yoxsa...; pomidor istehsalçıları üçün təhlükəli tendensiya müşahidə olunur

Rusiyada Karantin Fitosanitar Nəzarəti Xidmətinin (“Rosselxoznadzor”)  Moskva regional idarəsi 2023-cü il iyulun 8-də Azərbaycandan gətirilən və çəkisi 16 ton olan təzə pomidor partiyasına baxış zamanı məhsulda Avrasiya İqtisadi İttifaqının ərazisində olmayan Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta) zərərli orqanizm aşkar edib.

“Rosselxoznadzor”dan verilən məlumata görə, fakt qurumun tabeliyindəki Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBI VNIIKR) mütəxəssisləri tərəfindən aparılan laboratoriya müayinəsi ilə təsdiqlənib: “Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq, yararsız məhsulların partiyası Azərbaycan ərazisində yükgöndərənə qaytarılıb”.

Hər bir ölkə kənd təsərrüfatı məhsullarının idxalı zamanı öz ərazisinə zərərvericilərin daxil olmasının qarşısını almaq üçün tədbirlər görür. Bu baxımdan, Rusiya “Rosselxoznadzor”unun bu addımı təbii görünə bilər. Lakin son həftələrdə Rusiya ilə Azərbaycan arasında yaranan gərginlik fonunda istər-istəməz şübhə yaranır: bu addımın arxasında siyasi məqsədlər dayanırmı və davamı olacaqmı?

Belə şübhələrin yaranması üçün yaxın tariximizdə əsaslar kifayət qədərdir. Son 8 ildə Rusiya siyasi hakimiyyəti dəfələrlə müxtəlif ölkələrə qarşı idxal qadağası tətbiq edib. Bunun hamısı məhz “Rosselxoznadzor”un əli ilə və demək olar ki, eyni iddialarla həyata keçirilib. Hər dəfə “Rosselxoznadzor” idxal olunan bu və ya digər məhsulda ya zərərverici, ya da orqanizm üçün təhlükəli olan maddələr “tapır”. 2015-ci ildə məlum təyyarə hadisəsi zamanı Rusiya Türkiyədən pomidor idxalını tamamən dayandırdı, Türkiyəyə turist gedişlərinə qadağa qoydu. Yaxud 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsini zəfərlə başa çatdırdıqdan sonra Moskva öz tələblərini yürütmək üçün ölkəmizdən pomidor və alma idxalını qadağan etdi. Nəticədə Azərbaycan ixracatçıları böyük zərərlə üzləşdilər...

İndi yenidən Rusiya ilə Azərbaycan arasında gərginlik var. Rəsmi Moskva Ermənistanla Azərbaycan arasında Avropa Şurası və ABŞ-ın vasitəçiliyi ilə danışıqlarda uğur əldə olunması istiqamətində irəliləyişləri qəbullanmaq istəmir: bu, onun Qarabağda ömürlük möhkəmlənmək niyyətinə cavab vermir. Buna görə də Rusiya XİN Azərbaycanı qıcıqlandıran bəyanatla çıxış edib, dərhal da Azərbaycan XİN-dən sərt cavab səslənib.

Bu gərginliyin ardınca “Rosselxoznadzor”un 16 ton pomidoru eynilə 2020-ci ildəki iddia ilə geri qaytarması problemin böyüyərək Azərbaycandan Rusiyaya bu məhsulun ixracının tamamən dayandırılması təhlükəsi yaradır. Bu isə kifayət qədər ciddi nəticələrə səbəb ola bilər. Çünki Azərbaycanın pomidor ixracının 95 faizdən yuxarısı Rusiyanın payına düşür. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-may aylarında pomidor ixracı 91 milyon 472,24 min dollar dəyərlə 78 min 75,73 ton təşkil edib. Bunun 87 milyon 844,28 min dollarlıq 76 min 81,41 tonu Rusiyaya reallaşdırılıb. Rusiyadan kənarda pomidorun ixrac coğrafiyası çox məhduddur. Belə ki, birinci yarımildə 2237,68 min dollarlıq 953,55 ton pomidor Belarusa, 1255,24 min dollarlıq 882 ton isə Polşaya satılıb. Bundan əlavə, Sinqapur, Qətər, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Ukraynaya cüzi həcmdə ixrac qeydə alınıb.

Rəsmi statistikaya əsasən, bu ilin birinci yarısında Azərbaycan xaricə 350 milyon 428.99 min dollar dəyərində 348 774.20 ton meyvə-tərəvəz ixrac edib. Bu, ölkə üzrə ümumi ixracın cəmi 1,95 faizi deməkdir. Bu dövrdə ölkədən 120 milyon 729.51 min dollar dəyərində 108 min 118.27 ton pomidor ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracının dəyər ifadəsində 4,8 faiz və ya 6 milyon 138 min dollar azalması, miqdarı ifadəsində isə 2,2 faiz və ya 2 min 338  ton artması deməkdir. Ötən ilin birinci yarısında pomidor ixracı 126 milyon 867,82 min dollar dəyərlə 105 779,63 ton olmuşdu.

Bir ton pomidorun ixrac qiyməti 2022-ci ilin 6 ayında 1199 dollar, 2023-cü ilin 6 ayında isə 1117 dollar olub. Ümumiyyətlə, meyvə-tərəvəzin orta ixrac qiyməti son bir ildə 83 dollar, başqa sözlə, 6,9 faiz aşağı düşüb.

Cari ilin yanvar-iyun aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.67 faizə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 6,81 faizə bərabər olub.

Beş aylıq statistika göstərir ki, Azərbaycan pomidorunun ixrac coğrafiyasında 2020-ci illə müqayisədə heç bir ciddi dəyişiklik qeydə alınmayıb. Ölkənin pomidor istehsalçıları və ixracatçıları 2020-2021-ci illərdə üzləşdikləri itkilərin təkrarlanmaması üçün real addımlar atmayıblar. Halbuki qardaş Türkiyənin timsalında nümunə götürüləcək ölkə var.

Qeyd edək ki, Rusiya Türkiyədən pomidor idxalını dayandırdıqdan sonra qardaş ölkə istehsalçıları məhsullarını başqa istiqamətlərə yönəltmək istiqamətində böyük uğurlar əldə ediblər. Nəticə çox ürəkaçandır: Türkiyədə pomidor ixracı və ondan gəlirlər sürətlə artır. "Anadolu" agentliyinin məlumatına əsasən, bu ilin birinci yarısında Türkiyə 325,2 min ton pomidor ixrac edib. Bu ixracdan ölkə istehsalçıları 326 milyon dollar gəlir əldə ediblər. Ötən ilin eyni dövründə Türkiyənin pomidor ixracı 247,6 milyon dollarlıq 287,1 min ton olmuşdu.

Bu ilin birinci yarısında Türkiyə pomidorlarını 48 ölkə alıb. Onların arasında ən böyük alıcı 60,8 milyon dollarla Rumıniyadır. Ondan sonra 51,3 milyon dollarla Ukrayna, 38,6 milyon dollarla Polşa, 35,3 milyon dollarla Almaniya gəlir.

2015-ci ilədək Türkiyənin pomidor ixracında birinci yerdə olan Rusiya indi alıcılar arasında 5-cidir. Bu ölkəyə altı ayda 29,563 milyon dollarlıq məhsul satılıb.

Xatırladaq ki, 2015-ci ildə məlum təyyarə olayından sonra Rusiya Türkiyədən pomidor idxalını 2017-ci ildə kvotalarla bərpa edib. Ondan bəri kvota illik 50 min tondan 250 min tona qədər artırılıb. Rusiya Kənd Təsərrüfatı Nazirliyi onun 500 min tona qədər artırılmasına dair qərar layihəsi hazırlayaraq hökumətə təqdim edib.

Təəssüflər olsun ki, Azərbaycan istehsalçıları pomidor ixracını diversifikasiya etmək sahəsində nailiyyət əldə edə bilməyiblər. Nəticədə ixrac həcmlərində, istehsalda çox cüzi artım var. Bu, ölkə üzrə istilikxana sahəsi, sayı və istehsal göstəricilərdən açıq hiss olunur. Rəsmi statistikaya əsasən, 2022-ci ildə Azərbaycandan 167 milyon 608 min dollar dəyərində 141 min 419  ton pomidor ixrac edilib. Bu, dəyər ifadəsində illik artım, miqdar ifadəsində isə azalma deməkdir: 2021-ci ildə Azərbaycandan 160 milyon 228 min dollar dəyərində 145 min 216 ton pomidor ixrac edilmişdi. 

2020-ci ildə Azərbaycanda həm istixana altında olan torpaqların sahəsi, həm istixanaların sayında, həm də istehsalda ciddi artım olub. Həmin il ölkədə ümumi sahəsi 1,5 min hektar olan 3275 vahid istixana fəaliyyət göstərib, həmin istixanalarda 288 473,1 ton pomidor, 16272,4 ton xiyar istehsal olunub.

2022-ci ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3154 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 369 337,4 ton pomidor, 28873,8 ton xiyar istehsal edilib.

Rusiyanın Azərbaycandan pomidor idxalına qadağa qoyması xəbərinə Rəsmi  reaksiya

2023-cü il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3242 vahid istixana fəaliyyət göstərib. Yanvar-iyun aylarında yetişdirilən əsas məhsullardan olan pomidor istehsalı 202,0 min ton, xiyar istehsalı 7,9 min ton olub. Xatırladaq ki, 2022-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3124 vahid istixana fəaliyyət göstərmişdi. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin birinci yarısında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 3,3 faiz artaraq 220,1 min ton, xiyarın istehsalı 18,6 faiz artaraq 14,4 min ton olmuşdu. Göründüyü kimi, pomidor istehsalında 18 min ton, xiyar istehsalı isə 6,5 min ton azalıb.

Hətta Rusiya idxalı qadağan etməsə belə, bu ölkədə Azərbaycanın pomidor istehsalçıları üçün təhlükəli tendensiya müşahidə olunur. Belə ki, 2022-ci ildə Rusiyanın pomidor idxalı 13,1 faiz azalmaqla 371 min ton təşkil edib. Bunu yerli istehsalın artması ilə əsaslandırırlar: ötən il Rusiyada istilikxanalarda ümumi tələbatın 65 faizi qədər - 711 min ton pomidor istehsal olunub. Ümumilikdə örtülü torpaqda tərəvəz istehsalı 1,6 milyon ton təşkil edib. Beləliklə, Rusiya belə tərəvəzə olan illik 1,8 milyon tonluq tələbatını ödəmək üçün yalnız 13,1 faiz idxala ehtiyac duyub. Ötən il 412,7 min ton istilikxana tərəvəzi idxal olunub. Bu, 473,9 min tonluq idxal qeydə alınan 2021-ci ildən 12,9 faiz azdır. Dəyər ifadəsində belə tərəvəzin idxalı 6,4 faiz azalmaqla 497,6 milyon dollar (2021-ci ildə 531,6 milyon dollar) təşkil edib.

İstehsalın artımı istilikxana təsərrüfatlarının genişləndirilməsi hesabınadır. Belə ki, 2020-ci ilin axırında Rusiyada 350 istilikxana təsərrüfatı fəaliyyət göstərib. Belə təsərrüfatların yaradılması üçün 70 investisiya layihəsi tikinti mərhələsində olub.

2022-ci ilin sonuna Rusiyada istilikxana salınan torpaqların sahəsi 4,1 min hektara çatıb. 2018-ci ildən bəri 1,5 min hektar sahədə 4 və 5-ci nəsil istilikxana təsərrüfatı qurulub. Belə istilikxana təsərrüfatlarında yetişdirilən pomidorun rentabelliyi 20 faizdən yuxarıdır.

Ekspertlərə görə, Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla, həmçinin Avropa Birliyi ilə strateji tərəfdaşlıq sazişini imzalamaqla istehsalçılara ixrac coğrafiyasını genişləndirmək üçün dəstəyi təmin etməlidir.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR