İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron "Molla rejimi"nə sahib çıxdı – Fransa İrandakı dostlarını itirmək istəmir

Fransa Prezidenti Emmanuel Makron İrana qarşı hərbi müdaxilə ideyasına qarşı çıxaraq, açıq şəkildə İran İslam Respublikasının mövcud rejiminin yanında olduğunu nümayiş etdirib.

Musavat.com xəbər verir ki, Makron verdiyi son açıqlamasında ABŞ prezidenti Donald Trampın fikirlərini nəzərdə tutaraq deyib: “Tramp dünəndən İranla bağlı fikrini dəyişmiş ola bilər, amma məncə o, İrana təzyiq edir. Bu gün ən böyük səhv İrandakı rejimi hərbi yolla dəyişməyə çalışmaqdır.”

Makronun bu çıxışı, xüsusilə Yaxın Şərqdə gərginliyin artdığı və İsrail-İran qarşıdurmasının pik həddə çatdığı bir dövrdə, Qərbdə birmənalı qarşılanmayıb. Bir çox analitiklər və müşahidəçilər bu bəyanatı Fransanın İran İslam Respublikası ilə uzun illərə dayanan gizli və açıq münasibətlərinin davamı kimi qiymətləndirirlər.

Tarixi faktlara görə, İran İslam Respublikasının əsası Ayətullah Ruhullah Xomeyninin Fransadakı mühacirət illərində qoyulub. Xomeyni 1978-ci ildə Parisin yaxınlığındakı Neauphle-le-Château qəsəbəsində yaşadığı dövrdə İslam inqilabının ideoloji bazasını yaradıb və oradan İran xalqına çağırışlar edib. Məhz Fransa ərazisindən verilən bu ideoloji siqnallar nəticəsində 1979-cu ildə şah rejimi devrilmiş və İran İslam Respublikası qurulmuşdu.

Qeyd olunur ki, Xomeyninin Parisdən Tehrana qayıtdığı təyyarə Air France aviaşirkətinə məxsus olub və o zaman Fransa rəhbərliyi bu prosesə birbaşa dəstək verməklə Tehranla münasibətlərin təməlini qoyub.

Analitiklər bildirirlər ki, bu keçmiş əlaqələr bu gün də öz siyasi təzahürünü tapır. Bəzi ekspertlər hesab edir ki, Fransa İranın istər açıq, istərsə də gizli dosyalarında itkilər yaşamaq istəmir, bu səbəbdən də rejim dəyişikliklərinə qarşı ehtiyatlı və hətta loyal mövqe tutur.

Fransa mediasında və Qərb təhlilçiləri arasında dolaşan iddialara görə, Parisin Tehranla bir sıra enerji, təhlükəsizlik və regional balans məsələlərində gizli koordinasiyası da uzun müddətdir davam edir. Xüsusilə Avropa İttifaqının ABŞ sanksiyalarına baxmayaraq İranla iqtisadi münasibətləri qorumaq üçün yaratdığı INSTEX mexanizminin arxasında da Fransanın əsas təşəbbüskar olduğu bildirilir.
Bu ikili "erməni məsələsi"ndə də hər zaman ortaq olublar və bu səbəbdən də hər zaman Azərbaycanın maraqları onlarla toqquşub.
Bu baxımdan Makronun mövcud çıxışı təkcə indiki situasiyanın deyil, onillərlə formalaşan Fransa-İran münasibətlərinin diplomatik refleksi kimi qəbul olunur. İranın hazırkı siyasi rəhbərliyi ilə Fransa arasında formalaşmış bu “etimad bağı”nın pozulması Paris üçün regiondakı təsir imkanlarının zəifləməsi anlamına gələ bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR