İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkə Rusiyaya qarşı sanksiyaları genişləndirdi: Putinin keçmiş xanımı və yaxın qohumları...

Böyük Britaniya Rusiya ilə əlaqəsi olan 10 şirkət və fiziki şəxs, həmçinin 20 neft tankerini sanksiya siyahısına əlavə edib.

Musavat.com xəbər verir ki, məlumat Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı sənəddə əksini tapıb.

Sanksiyaya məruz qalan fiziki şəxslər Polşa vətəndaşı Oleq Tkaç və Britaniya və Ukrayna vətəndaşlığı olan Vladimir Pristupadır. Onlar Rusiyaya elektronika tədarük edən Telperien, Bompietro Trading və Carovilli Trading kimi bir sıra şirkətləri idarə edirlər.

Hüquqi şəxslər Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Baş İdarəsi; Rosneft Marine (UK) Limited; Orion Star Group; BƏƏ-də qeydiyyatdan keçmiş Valegro və Atlas Səhmdar Cəmiyyətidir.

Bundan əlavə, Metallurg kredit təşkilatı və onun direktoru Yuri və Eqor Karasevlər də Britaniyanın sanksiya siyahısına əlavə ediliblər.

Beləliklə, əvvəllər elan edilmiş sanksiyalar nəzərə alınmaqla, Britaniyanın qara siyahısında olan gəmilərin sayı 300-ə yaxınlaşıb. Onların hamısının saxlanılma təhlükəsi altında Böyük Britaniya limanlarına girişi qadağan edilib, onlara Böyük Britaniyanın gəmi reyestrində qeydiyyatdan imtina ediləcək, əgər varsa, onların cari qeydiyyatı dayandırıla bilər.

Britaniyanın ardınca Kanada hakimiyyəti Rusiyanın kölgə donanmasına məxsis 200-dən çox gəmiyə qarşı sanksiyalar tətbiq edib. Bunu baş nazir Mark Karni Kananaskisdə (Kanadanın Alberta əyaləti) keçirilən Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşdən əvvəl bildirib: "Bu gün Kanada Rusiyada fiziki şəxslərə, Rusiyada və xaricdə sanksiyalardan yayınmağa çalışan 40-dan çox quruma qarşı sanksiyalar elan edir. Bundan əlavə, biz Rusiyanın sanksiyalardan yayınmaq üçün yenidən istifadə etdiyi kölgə donanmasında olan 200-dən çox gəmiyə qarşı sanksiyalar tətbiq edəcəyik".

Kanadanın sanksiya tətbiq etdiyi şəxslər arasında Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila da var. Kanada hökumətinin saytında dərc olunan sənədlərə əsasən, məhdudiyyətlər əvvəllər Putin və Şkrebneva (qızlıq soyadı) soyadlarını daşıyan Lyudmila Aleksandrovna Oçeretnayaya tətbiq edilir. O, 1983-2013-cü illərdə Rusiya prezidenti ilə evli olub. Onun indiki əri Artur Oçeretnı da sanksiya siyahısına salınıb.
Bundan başqa, siyahılarda Putinin qohumları Mixail Putin və Mixail Şelomov da var.

Rusiyaya qarşı sanksiyalarla eyni vaxtda Kanada hökuməti Ukraynaya 2 milyard Kanada dolları (1,5 milyard dollar) məbləğində hərbi yardım ayırdığını elan edib. CBC telekanalının ölkənin baş naziri Mark Karniyə istinadən verdiyi məlumata görə, hərbi yardım paketinə PUA-lar daxil ola bilər.

Bundan əlavə, Ottava Kiyevə 2,3 milyard Kanada dolları (1,7 milyard dollar) məbləğində kredit verəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR