İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadakı səfirimiz kim ola bilər? - SÜRPRİZ AD

Məlum olduğu kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

O, bu barədə TASS agentliyinə müsahibəsində məlumat vermişdi:

“Mən Moskvada 18 il yarım işləmişəm. İndiki mərhələdə doğma Şuşamı parlamentdə təmsil etmək daha düzgün olardı. Qarabağın işğaldan azad edilməsindən sonra deputat olmaq mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, məni seçəcəklər. Allah nə qədər ömür verib, onu xalqıma və doğma yurdumun təbiəti ilə ünsiyyətə həsr etmək istəyirəm”.

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən deputat seçilib.

Hazırda gündəmdə olan suallardan biri Azərbaycanın Rusiyadakı səfiri postuna kimin gətiriləcəyidir.

Musavat.com mövzu ilə bağlı ekspertlərə müraciət edib.

metin.jpg (38 KB)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli hesab edir ki, yeni səfir təcrübəli olmalıdır.

Ekspert Musavat.com-a şərhində qeyd edib ki, təyin olunacaq diplomatın Rusiya siyasi dairələrində sıx əlaqələri olmalıdır:

“Konkret ad çəkməkdə çətinlik çəkirəm. Amma son zamanlar keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun adı hallandırılır. Özü bu məlumatı təsdiq etməsə də, təkzib də etməyib. Qeyd etmək lazımdır ki, Elmar Məmmədyarovun Rusiya Xarici İşlər Nazirliyi və digər diplomatik dairələrlə yaxşı əlaqələri var. Düşünürəm ki, bu məqam onunla bağlı məlumatın yayılmasında az rol oynamayıb. Hesab edirəm ki, yeni səfirimiz dövlətinə, Vətəninə bağlı təcrübəli diplomat olmalı, eyni zamanda Rusiya cəmiyyətində, xüsusilə rus siyasi elitasında yaxşı əlaqələrə sahib olmalıdır. Bu məziyyətlərə malik şəxsin təyin olunması iki ölkə arasında əlaqələrə töhfə verə bilər”.

xeyal.jpg (31 KB)

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov isə Musavat.com-a açıqlamasında deyib ki, yeni səfir Rusiya-Azərbaycan əlaqələrinə töhfə verə biləcək şəxs olmalıdır:

“Düşünürəm ki, rusdilli şəxs olmalıdır. Rusiyadakı səfirlərimiz əsasən rusdilli, Rusiya ilə müəyyən əlaqələri olan, yaxud prosesdə iştirak edən şəxslər olub. Bir müddət öncə bu posta kimin gətiriləcəyi ilə bağlı sual yarananda Elmar Məmmədyarovun adı çəkildi. Düşünürəm ki, Elmar Məmmədyarov təyin edilə bilər. Çünki xarici işlər nazirlərinin səfir təyin olunması ənənəsi var. Məsələn, Vilayət Quliyev, Tofiq Zülfüqarov nazir olublar, sonra isə səfir təyin olunublar. Nəzərə alsaq ki, Elmar Məmmədyarov rusdillidir, eyni zamanda diplomatdır, Azərbaycanın xarici işlər sahəsində uzunmüddətli fəaliyyəti olub. Özü də bildirmişdi ki, vəzifə səlahiyyətləri bitdikdən sonra da Rusiyanın Xarici İşlər Nazirliyi ilə münasibətləri olub. Postsovet ölkələrində olan səfirlərdən də təyinat ola bilər. Məsələn, Məhərrəm Əliyev Tacikistanda səfir oldu, sonra prezidentin hərbi məsələlər üzrə köməkçisi oldu, daha sonra Belarusa səfir təyin edildi. Təbii ki, bu, dövlətin səlahiyyətində olan məsələdir. Başqa səsləndirə biləcəyim adlar yoxdur”.

X.Bəşirov vurğulayıb ki, Rusiya Azərbaycan üçün əhəmiyyətli ölkələrdən biridir:

“Rusiya güclü dövlətdir. Ukraynada dünyanın 50-dən çox ölkəsi ilə müharibə aparır. Rusiya ilə münasibətlərimizin yaxşı olması həm bizim, həm də Rusiyanın maraqlarına uyğundur. İkinci Qarabağ müharibəsində sərgilənən münasibətlə bağlı da deyə bilərik ki, Rusiyanın mövqeyi bizim üçün əhəmiyyət kəsb edir. Bundan sonra da Ermənistanın Rusiyanın orbitindən çıxmaq istədiyi, Qərbə üz tutduğu və anti-Rusiya siyasəti yürütdüyü məqamda Rusiya ilə münasibətlərimizin qorunub saxlanması bizim üçün daha da önəmli xarakter daşıyır.

Düşünürəm ki, dövlətimiz bu amilləri nəzərə alıb addım atar. Bəzi adamlar bunu fərqli formada qələmə verməyə çalışır ki, Rusiyanın bütün dünya ilə müharibə apardığı bir zamanda bizim yaxınlaşmağa çalışmağımız düzgün deyil. Söhbət rusiyapərəstlikdən getmir. Reallığı qəbul etmək lazımdır. Rusiya, o cümlədən İranla düşmən olmaqdansa, dost olmağımız, ən azı normal münasibətdə olmağımız yaxşıdır. Azərbaycan dünyada ən əhəmiyyətli dövlətlərdən biridir, çünki həm Rusiya, həm də İranla quru sərhədimiz var. Bunu Avropa, dünya deyir. Azərbaycan, həmçinin, Mərkəzi Asiyaya qapı rolunu oynayır. Kiçik, əhalisinin sayı az olan dövlət ola bilərik, müstəqilliyimizi yenicə qazanmış ola bilərik, amma pafosdan kənar deyə bilərik ki, sadalanan amillər önəmlidir. Rusiyanın Azərbaycana qarşı olmaqdansa neytral olması bizə Ermənistanı cəzalandırmağa imkan verdi. Sülh sazişi imzalanana, bütün daşlar yerinə oturana qədər Rusiya ilə münasibətlərimizi yaxşı saxlamağa çalışmalıyıq. Üstəlik, Rusiya ilə “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Bu amillərdə aktiv rol ala bilən, təcrübəli şəxs səfir təyin oluna bilər. Gənc, təcrübəsi az olan, səriştəsi olmayan şəxsin səfir təyin ediləcəyini düşünmürəm. Hər bir halda bu, prezidentin səlahiyyətində olan məsələdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR