Onlayn ictimai-siyasi qəzet
İnternetin Rusiya seqmentində Şimali Koreyadan olan hərbçilərin Kursk vilayətində Ukraynaya qarşı döyüşdüyünü göstərən fotolar yayılmağa başlayıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, fotolar dünən Rusiya hakimiyyətinin Şimali Koreyadan hərbçi dəstəyinin Kurskdakı döyüşlərə təsirini açıq şəkildə elan etməsindən sonra internetdə yerləşdirilir.
Xatırladaq ki, Ukrayna tərəfi 2024-cü ilin əvvəlindən Rusiyanın Şimali Koreyadan olan hərbçilərdən istifadə etdiyini bəyan etsə də, Moskva rəsmiləri bunu tamamilə inkar edirdilər. Dəfələrlə Rusiya XİN rəhbəri və digər şəxslər Pxenyandan hərbçi dəstəyi alınmadığını iddia ediblər. Lakin aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə Kursk vilayətinin ərazisinin Ukrayna Silahlı Qüvvələrindən tam azad edilməsi barədə məruzə edərkən KXDR hərbçilərinin bu prosesdə aktiv iştirakını açıq vurğulayıb.
Ardınca Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Koreya hərbçilərinin 2024-cü ilin iyununda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq Kursk sərhəd bölgəsinin azad edilməsi əməliyyatında iştirak etdiyini iddia edib. O, həmçinin qeyd edib ki, “koreyalı dostların” göstərdiyi həmrəylik Moskva və Pyonq arasında müttəfiqlik səviyyəsinin təzahürüdür.
Musavat.com
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ